İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ilə Avropa arasında münasibətlərdə “enerji elçisi” 

Beynəlxalq səviyyəli forumların keçirildiyi əsas şəhərlərdən birinə çevrilən Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir. İyunun 4-6-da regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 29-cu Bakı Enerji Forumu.

AZƏRTAC irimiqyaslı enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycanın bu sahədəki mühüm roluna qısa nəzər salır.

 

    Enerji sahəsində qlobal məsələlərin müzakirə olunduğu platforma - Bakı Enerji Həftəsi
 

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, bu tədbirə qatılacaqlar. Tədbirə, həmçinin əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksəkrütbəli qonaqların iştirakı gözlənilir: Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, “Masdar” şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto, Macarıstanın energetika naziri Csaba Lantos, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol, Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera, Beynəlxalq Enerji Xartiyası Baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən, Atsuko Hiroşe, Dünya Enerji Konqresinin Baş katibi və icraçı direktoru Angela Vilkinson, İraqın neft nazirinin enerji məsələləri üzrə müşaviri AbdulBaqi K.AlSalait, Sloveniyanın Ekologiya, İqlim və Energetika Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen, Əlcəzairin Energetika və Mədən Nazirliyinin baş katibi Abdelkrim Aouissi və BP Qrupunun Hasilat və Əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell.

Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq.

Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. Sərgi günlərində “Stereotipləri qıraraq: Enerji həllərinin formatlaşdırılması”, “Yeni texnologiyalar və rəqəmsallaşma”, “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı”, “Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi”, “Enerji sənayesində süni intellekt pionerləri”, “Yüksək texnikaya uyğunlaşdırılmamış boru kəmərlərinin standart avadanlıqla yoxlanılması üçün həllər”, “Qaz dəyər zəncirində karbonun rolu və tendensiyaların gələcəkdə karbon bazarlarını formalaşdırma yolları”, eləcə də “Azərbaycanın neft-qaz sektorunda qadınların rolu” mövzularında panel müzakirələri keçiriləcək.

Bakı Enerji Forumunda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq. Foruma 600-dən çox iştirakçının (yerli iştirakçılar da daxil olmaqla) qatılacağı gözlənilir. Builki tədbirdə enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq, Xəzər regionunda yaşıl enerji potensialı, rəqəmsallaşdırma, enerji böhranı zamanı qaz təchizatının rolu, uğurlu enerji keçidində insan kapitalının rolu kimi mövzular müzakirə olunacaq. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.

Bakı Enerji Həftəsi Azərbaycanın neft və qaz sahəsindəki tarixi irsini və qlobal uğurlarını yaşıl enerji sektorunda davam etdirmək əzminin nümayiş etdirilməsi üçün uyğun beynəlxalq platformadır. Tədbir COP29 ölkəsi olaraq Azərbaycanın yaşıl enerji və iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq niyyətini bir daha gündəmə gətirəcək. Bundan əlavə, Azərbaycanın yaşıl artım ölkəsi kimi imicini və beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, ölkədə müvafiq sahənin inkişafına potensial investorların cəlbini də stimullaşdıracaq. Tədbir Dünya İqtisadi Forumunun Enerji Keçid İndeksi Hesabatında Azərbaycanın irəliləyiş baxımından 2022-2023-cü illərdə dünya üzrə ən yaxşı inkişaf edənlər sırasında olduğunu və bir sıra digər uğurlarımızı bir daha vurğulamaq üçün fürsət yaradacaq. Həmçinin xarici investisiya hesabına reallaşdırılmış, təməli qoyulan və yaxın gələcəkdə icrası planlaşdırılan yaşıl enerji layihələrinin, ümumilikdə ölkəmizin yaşıl gündəliyinin icrasına dair məlumatların tədbir çərçivəsində geniş hədəf kütləsinə kommunikasiyası nəzərdə tutulur.

Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Tədbir yaşıl enerji üzrə qlobal strateji hədəflərə nail olunması istiqamətində beynəlxalq əməkdaşlığın səmərəliliyinə də öz töhfəsini verəcək.

Bakı Enerji Həftəsi, eyni zamanda, Azərbaycanda yaşıl enerji sahəsində aşağıda qeyd edilən konkret işlər haqqında məlumatların tərəfdaş ölkələrdən olan nümayəndələrin diqqətinə çatdırılmasına şərait yaradacaq:

• 2023-cü ildə regionda ən böyük və ən müasir yaşıl enerji istehsalı müəssisələrindən olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi və səmərəli fəaliyyəti;

• “Masdar” ilə ümumi gücü 1000 MVt olan 2 günəş və 1 külək elektrik stansiyasının təməlinin qoyulması;

• Azərbaycanda 100 MVt gücündə günəş stansiyası üzrə ilk bərpaolunan enerji hərracının keçirilməkdə olması;

• Cari il mayın 3-də “ACWA Power” şirkəti ilə 200 MVt Batareya Enerji Saxlama Sistemi üzrə İcra Sazişi və 200 MVt gücündə külək elektrik stansiyası üçün Çərçivə Sazişinin imzalanması;

• 1870 MVt gücündə bərpaolunan enerji güclərinin (İstismara verilmiş və təməli qoyulmuş stansiyalar daxil olmaqla 2 külək və 6 günəş stansiyası) ölkənin ümumi elektroenergetika şəbəkəsinə inteqrasiyası üzrə proqramın icrası;

• Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi;

• Mərkəzi Asiya - Azərbaycan - Avropa Enerji Dəhlizi;

• Azərbaycan (Naxçıvan) - Türkiyə - Yaşıl Enerji Dəhlizi;

• Yaşıl Enerji Zonaları (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlər davam etdirilir və Naxçıvan üçün müvafiq konsepsiya hazırlanır);

• İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 225,6 MVt olan 28 su elektrik stansiyasının istismara verilməsi və ümumi gücü 44 MVt olan 4 yeni SES-in tikintisinin davam etdirilməsi.

“Şahdəniz” layihəsinin uğurla həyata keçirilməsi  Azərbaycanı dünyada mühüm qaz ixracatçısı kimi tanıdıb
 

İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində, ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığını da inkişaf etdirir. Avropanın enerji arxitekturasının qurulmasında və enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bütün iqtisadi-siyasi maneələrə və böhranlara baxmayaraq, indi də yeni layihələrini uğurla davam etdirir.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan, Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz töhfəsini verəcək “Cənub Qaz Dəhlizi” layihəsi bu sıradandır. Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib. Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Bu layihələrin həyata keçirilməsində “Şahdəniz” yatağının əhəmiyyəti olduqca böyükdür. “Şahdəniz” yatağı uzun illərdir ki, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşən bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb. Belə ki, “Şahdəniz” yatağının təsdiqlənmiş ehtiyatı 1 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarətdir. Bu da Azərbaycanın qaz potensialının təxminən 50 faizini təşkil edir. “Şahdəniz” yatağının istismara verilməsi ilə Azərbaycan dünyanın potensial qaz ixracatçısına çevrilməklə yanaşı, ölkə sənayesinin qazlaşdırılması üçün də imkan yarandı. Ötən müddətdə Azərbaycan metanol, karbomid, eləcə də bir sıra qaz-kimya zavodları kimi sənayedə əlavə dəyər yaradan sahələr əldə etdi. Bu gün Azərbaycan “Şahdəniz” qazının ixracı üçün dünyanın ən uzun enerji dəhlizinə malikdir. Belə ki, hazırda 3500 kilometrlik Cənub Qaz Dəhlizi Bakıdan İtaliyaya qədər uzanmaqla Azərbaycanı birbaşa olaraq Avropa İttifaqı ilə bağlayır. Bu da ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini xeyli gücləndirib. “Şahdəniz” layihəsi ölkəmizə xarici kapitalın axınını da xeyli sürətləndirib.

Azərbaycan qazının Aİ bazarına ixrac edilməsi üçün infrastrukturun yaradılması məqsədilə bir neçə əsas layihə icra olunub. 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin (ozamankı) Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb. 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsi razılaşdırılıb və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verib. Artıq tam gücü ilə işə düşən Cənub Qaz Dəhlizi məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturudur.

Azərbaycan hazırda 9 ölkəyə öz təbii qazını ixrac edir. 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac edirdisə, bu il bu rəqəmin 12 milyarda qədər artması gözlənilir. 2027-ci ilin sonunadək isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. Bu planın olması Azərbaycanın qaz ixracının müsbət perspektivlərinin bir təzahürüdür.

Azərbaycan alternativ enerji resursları sahəsində də mövqelərini gücləndirir

Azərbaycan ənənəvi enerji ehtiyatları ilə yanaşı, həm də alternativ enerji üzrə də böyük potensiala malikdir. Ölkəmiz alternativ enerji resurslarının inkişafı sahəsində də mövqelərini gücləndirir. İyunun 4-də Bakı Ekspo Mərkəzində tədbirin rəsmi açılış mərasimi zamanı ümumi gücü 1000 MVt olan 3 bərpaolunan enerji stansiyasının təməli qoyulacaq: Biləsuvar rayonunda 445 MVt gücündə günəş elektrik stansiyası; Neftçala rayonunda 315 MVt gücündə günəş elektrik stansiyası; Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası. Bu stansiyalar vasitəsilə illik təqribən 2 milyard kilovat-saatdan çox yaşıl enerjinin istehsalı nəzərdə tutulur. Bu həcmdə elektrik enerjisi illik təqribən 500 milyon kubmetrə yaxın təbii qaza qənaət, həmçinin 940 min tondan artıq karbon emissiyasının qarşısının alınması deməkdir.

Stansiyaların təməlinin qoyulması Azərbaycan üçün iqtisadiyyatın və enerji istehsalının şaxələndirilməsi, müstəqil enerji istehsalının artırılması, sosial inkişafın dəstəklənməsi və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli hadisədir. Təqribən 1 milyard dollara yaxın həcmdə investisiya hesabına reallaşdırılacaq layihələr ölkəmizdəki iqtisadi sabitliyə və əlverişli investisiya mühitinə olan inamın göstəricisidir. Azərbaycanda yaradılmış əlverişli investisiya iqlimi, bütün sahələrə, o cümlədən bərpaolunan enerji sahəsinə xarici sərmayələrin cəlbinə münbit şərait yaradır. Bu meqa layihə ölkəmizdə qeyri-neft sektorunda xarici investisiya əsaslı həyata keçirilən ən böyük layihələrdən biri olmaqla yanaşı, enerji təhlükəsizliyini daxili resursları hesabına tam təmin etmiş Azərbaycanın yaşıl artıma və ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. 2026-cı ildə istismara verilməsi planlaşdırılan bu stansiyalar ölkəni 2030-cu ilədək bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün ən az 30 faizə çatdırılması hədəfinə yaxınlaşdıracaq. Enerji keçidinin hazırkı tempi ilə Azərbaycan 2027-ci ilə qədər bu göstəricini 33 faizə çatdıra bilər. Sözügedən meqa layihələr qlobal iqlim hədəflərinə, həmçinin Azərbaycanın 2050-ci ilədək karbon emissiyalarının miqdarının 40 faiz azaldılmasına dair hədəfinə nail olunması istiqamətində atılmış mühüm addımlardan biridir.

Beləliklə, Bakı Enerji Həftəsi enerji sahəsində qlobal məsələlərin müzakirəsi üçün platforma rolunu oynamaqla yanaşı, Azərbaycanın yaşıl enerji infrastrukturunun inkişafını və bununla da regionun enerji təhlükəsizliyinə verdiyi əlavə təminatı nümayiş etdirəcək. COP28 çərçivəsində qəbul olunmuş “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə əsasən, 2030-cu ilə qədər dünyada bərpaolunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə Azərbaycanda milli səviyyədə atılmış əhəmiyyətli addımlar tədbirdə vurğulanacaq. Forum və sərgilər çərçivəsində keçiriləcək sessiyalar və panel müzakirələri Xəzər regionu üçün enerji məsələlərinin strateji təhlilini və müzakirəsini təmin edəcək, Azərbaycanın qlobal əhəmiyyətli enerji layihələrinin müzakirə olunduğu və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verən ölkə kimi mövqeyini möhkəmləndirəcək. Onu da qeyd etmək lazımdır ki, Bakı Enerji Həftəsi tədbirə qatılan ölkələrin yüksək səviyyəli nümayəndələri qarşısında yaşıl enerjidən istifadənin əhəmiyyətini bir daha gündəmə gətirəcək və Azərbaycanın bu sahədə liderlik əzmini yenidən vurğulayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR