İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Hərbi Hava Qüvvələrinin generalı ABŞ-a niyə gedibmiş - ilginc versiyalar

İranla gərginlik və Ermənistanla şərti sərhəddə yaşanan toqquşmalar ərəfəsində azərbaycanlı general amerikalı həmkarı ilə danışıqlar aparıb; hərbi ekspertlərdən fərqli yanaşmalar...

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirovun Amerika Birləşmiş Ştatlarına səfəri diqqət çəkib. “Yeni Müsavat” qeyd edir ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Çarlz Braunla görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib. Məlumdur ki, Tehran rejiminin Azərbaycan sərhədində gərginliyi artırmaq cəhdlərinə ABŞ dövlət katibi Entoni Blinken Senatın xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı münasibət bildirmişdi. ABŞ xarici işlər naziri demişdi ki, Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır: “Bunun üçün bir sıra əsaslı səbəblər var, xüsusilə də sülhməramlı missiyalar çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi olduqca vacibdir”. 

Bu, əlbəttə ki, Azərbaycan və ABŞ arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etdiyini göstərir. Amma Blinkenin dedikləri daha ciddi bəyanat idi və xüsusilə “Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır” deməsi diqqəti çəkmişdi. İranın sərhəddə təhdid və psixoloji təzyiq xarakterli addımlarını Vaşinqton həssaslıqla izləyir. Amerika Bakı-Tehran gərginliyi artandan bu məsələ barədə mövqe bildirib, amma ilk dəfədir ki, sərhədi qorumaq kimi qəti mövqe ortaya qoyulurdu. Bu kontekstdə Hərbi Hava Qüvvələri Komandanının ABŞ-a səfəri diqqət çəkməyə bilməz. Dığ kəndi istiqamətində baş vermiş təxribatın səbəbləri haqda danışarkən hərbi ekspert Üzeyir Cəfərov bu səfəri yada salmışdı. Hərbi ekspert vurğulayıb ki, bu təxribat Ermənistan və ona havadarlıq edənlər tərəfindən həyata keçirilib: “Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ABŞ-da səfərdə idi. Onun səfəri də bəzi dairələrdə - konkret olaraq İranda, Rusiyada, onların vassalı olan Ermənistanda çox böyük narahatlıqla qarşılandı. Baş verən təxribatın bir elementi də həmin görüşlərlə bağlıdır”.

Hazırda İranla Azərbaycan əlaqələrində gərginlik davam etsə də, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tehranın Bakıdakı səfirini qəbul etməsi, daha əvvəl isə xarici işlər nazirləri səviyyəsində telefon söhbəti münasibətlərin yoluna qoyulması istiqamətində ilkin addımlar kimi qiymətləndirilir. İran da artıq anlamaqdadır ki, təhdidlər səmərə vermir, əksinə, beynəlxalq güclər bu şəraitdən proksi müharibə aparmaq üçün istifadə edə bilər. Hər halda, Blinkenin açıqlamasını Tehranda da yaxşı oxuyublar. Və belə bir ərəfədə azərbaycanlı generalın ABŞ səfəri xüsusi əhəmiyyət kəsb edir. Sözsüz ki, buradan İrəvan da özü üçün müəyyən nəticələr çıxarır. Bəs ekspertlər necə düşünür, HHQ komandanının ABŞ səfərinin pərdəarxasında nələr var?

Tanınmış hərbi ekspert adını dəyişdi: Ruslan - Alp Arslan oldu!

Alparslan İmamqulu

Hərbi analitik Alparslan İmamqulunun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan üçün hərbi hava qüvvələrini inkişaf etdirmək strateji əhəmiyyət daşıyır. Ekspertin fikrincə, bu sahədə Azərbaycan ABŞ və Türkiyə ilə əməkdaşlıq edir: “Azərbaycan hərbi hava qüvvələri sahəsini inkişaf etdirmək və gücləndirmək işində Birləşmiş Ştatlarla uzun illərdir ki, əməkdaşlığı davam etdirir. Eyni zamanda bu sahədə əməkdaşlıq etdiyimiz Türkiyənin də bir NATO ölkəsi olduğunu nəzərə almalıyıq. Xüsusən də Türkiyənin balansındakı qırıcı təyyarələrin Amerika istehsalı olduğuna diqqət yetirsək, bu mənada ölkələrimiz arasında hərbi hava qüvvələrinin inkişafı ilə bağlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Üstəlik, bilmək olmaz, Azərbaycan Amerika ilə gələcəkdə hansı müqavilələr bağlaya bilər. Mən ABŞ-dan gələcəkdə "F 35"lərin, hətta “F 16"ların alınması ilə bağlı müqavilələr imzalanacağını da istisna etmirəm. Çünki Azərbaycan bu regionda ABŞ-la müttəfiqdir və ölkəmiz onun üçün böyük əhəmiyyətə malikdir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun Amerika Birləşmiş Ştatlarına səfərini və bu səfər çərçivəsində müxtəlif mühüm görüşlər keçirməsini olduqca əhəmiyyətli sayır. Hərbi ekspertin sözlərinə görə, bu səfərlərdən ən vacibi ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşdür: “Xüsusilə hazırkı vəziyyətdə, yəni Ermənistan-Azərbaycan, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın güc strukturlarından birinin rəhbərinin, xüsusən də Hərbi Hava Qüvvələrinin komandanının ABŞ-a rəsmi səfəri və burada çox nüfuzlu şəxslərlə görüşməsi əhəmiyyətli hadisədir. Məsələ burasındadır ki, həqiqətən də Azərbaycan regionun vacib və əhəmiyyətli ölkə olduğunu sübut edir. Daha doğrusu, bu, Azərbaycanın əhəmiyyətli ölkə olmasından xəbər verir. Əlbəttə ki, ABŞ uzun müddətdir Azərbaycana qarşı soyuq münasibət nümayiş etdirirdi. Amma müşahidələr göstərir ki, həm müharibədən əvvəlki dövrdə, həm də Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın güc strukturlarında rəhbər şəxslərdən birinin ABŞ-da bu səviyyədə qəbul olunması vacib proseslərin getdiyindən xəbər verir”.

Hərbi analitik düşünür ki, artıq Azərbaycan ciddi beynəlxalq hərbi, siyasi proseslərin gedişatında mühüm yerlərdən birini tutmaqdadır: “Əgər belə olmasaydı, Azərbaycanın müdafiə nazirinin müavinin Pentaqonda, xüsusən də ABŞ Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən qəbulu və bu kimi addımlar bir sıra mühüm məsələlərin müzakirəsi həyata keçirilməzdi. Əvvəl də qeyd etmişdim, İranla yaranmış gərginlik fonunda belə bir qəbulun baş tutması həm əhəmiyyətlidir, həm də müəyyən mesajlar verir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR