İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əleyhinə hesabata Bakıdan sərt reaksiya

Müşfiq Ələsgərli: “Freedom House”u heç ABŞ-da da ciddiyə almırlar"

“Freedom House”un 2022-ci il üçün hesabatında İnternet azadlığı baxımından Azərbaycan 70 ölkə arasında 51-ci yerdədir (Rusiya 65-ci yerdədir). Ötən il İnternet azadlığı üzrə vəziyyət 28 ölkədə pisləşib, 26-da isə yaxşılaşıb. Azərbaycan 38 bal toplayaraq “azad olmayan İnternet”ə malik ölkələr kateqoriyasında qalıb.

Hesabatda bu ilin fevralında Azərbaycanda qəbul edilmiş media haqqında yeni qanunun məhdudlaşdırıcı müddəalarına görə ölkəmiz tənqid edilib. Belə ki, qanun xarici KİV-lərin maliyyələşdirilməsini məhdudlaşdırır və KİV operatorlarının ölkədə yerləşməsini tələb edir.

“Freedom House” isə bu maddəni internet azadlığının pozulması kimi təqdim edir. Hesabatda həmçinin deyilir ki, sözügedən qanun İnternet-KİV üçün onsuz da məhdud olan mühiti daha da məhdudlaşdırıb və bir çox azərbaycanlı jurnalisti xaricdə işləməyə məcbur edib.

Medianın gəlirlərində ciddi azalma müşahidə olunur" - Müşfiq Ələsgərli

Hesabatda Qazaxıstan 32, Türkiyə 30, Belarus 28, Özbəkistan 27 və İran 16 balla “azad olmayan İnternet”ə malik ölkələr kateqoriyasına düşüblər. Gürcüstan və Ermənistan isə “azad ölkələr” kateqoriyasında qalıblar. Gürcüstanın 78, Ermənistanın 74 balı var. Gürcüstan 7-ci, Ermənistan isə 14-cü yeri tutub.

İslandiya 100 ballıq reytinq cədvəlində 95 balla ən azad ölkədir. Sonrakı yerləri Estoniya, Kosta-Rika və Kanada tutublar.

“Freedom House”un hesabatı Azərbaycanda etirazla qarşılanıb. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Müşfiq Ələsgərli bu haqda “Yeni Müsavat”a bildirdi ki, “Freedom House” təşkilatı Azərbaycan müstəqilliyini bərpa edəndən bu günə qədər heç vaxt Azərbaycana qarşı obyektiv və düzgün rəy verməyib: “Onun Azərbaycanın müstəqilliyi və demokratik inkişaf yoluna düşdüyü andan bu günə qədər Azərbaycanla bağlı müxtəlif kateqoriyalar üzrə verdiyi rəylər, açıqlamalar, bəyanatlarda qərəz və ikili yanaşma həmişə özünü büruzə verib. Son hesabatı da o kontekstəndir. Bu təşkilatın yanaşmasında ”tarixi ənənə" özünü göstərdiyi üçün heç ona çox ciddi əhəmiyyət də verilməsinə zərurət qalmır. “Freedom House” həmişə necə davranıbsa, indi də onu təkrarlayır. Zaman-zaman ona kifayət qədər cavablar verilib. Onun Azərbaycana qarşı necə yanlış rəylər verdiyi, arqumentlərinin necə əsassız olduğunu bizlər zaman-zaman zərrəsinə qədər isbat etmişik. Amma təəssüf ki, heç vaxt bu deyilənləri, bu cavabları nəzərə almır, yenə də “tarixi ənənəsi”ndən çıxış edir.

Qısaca olaraq, sadəcə bu fikri əlavə etmək yerinə düşər. “Freedom House” niyə belə davranır? Bu  sualın cavabı həmin təşkilatın özünün yaradılış bəyannaməsində və özünün saytında verilib. “Freedom House” qeyd edir ki, o, ABŞ-ın dünyada siyasi maraqlarının, Amerika xarici siyasətinin maraqlarının təbliğatçısı və təşviqatçısıdır. Bu, artıq hər şeyi deyir. “Freedom House” ərazisində yerləşdiyi dövlətin siyasi maraqlarından çıxış edərək rəylər, hesabatlar hazırlayır və yayır. Bunu o, heç gizlətmir, özünün rəsmi saytında yazır.

Əslində beynəlxalq təşkilat öz işini sifarişlərlə qurmamalıdır. Beynəlxalq təşkilat elan edibsə ki, o, dünyada insan haqları, azadlıqlar uğrunda çalışır, fəaliyyətini buna uyğun qurmalıdır və ilk növbədə özü azad olmalıdır, özü müstəqil olmalıdır. Azad, müstəqil olarsa obyektiv, qərəzsiz rəylər, hesabatlar hazırlayar. Lakin dediyimiz kimi, “Freeddom House”in özü azad olmadığı üçün obyektiv, ədalətli rəy, hesabat hazırlaya bilməz. İndiyə qədər təcrübə də bunu sübut edir".

Müsahibimizin sözlərinə görə, son zamanlar “Freedom House”un hesabatları və bəyanatları hətta Amerikada da ciddiyə alınmır: “Bu təşkilat 70 ildir mövcuddur. Son dövrlər özünü o qədər nüfuzdan salıb, o qədər müstəqilliyini itirib ki, indi onu heç ABŞ-da da ciddiyə almırlar. 2021-ci ilin dekabrında Amerikada Demokratiya sammiti keçirildi və guya oraya demokratik idarə olunan dövlətlər dəvət olunmuşdu. Dəvət olunmuş dövlətlərdən üçü əslində ”Freedom House"un hesabatında qeyri-demokratik ölkələr kimi qeyd olunanlar idi. Bu fakt onu göstərir ki, əvvəllər ABŞ-ın dövlət siyasətində bu təşkilatın hesabatlarına  istinad olunurdusa, onunla hesablaşılırdısa, artıq onun hesabatınəı ciddiyə alımırlar".       

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR