Onlayn ictimai-siyasi qəzet
İki ölkə liderləri Pekində mühüm sənədlər imzaladı, münasibətlərdə yeni mərhələ
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə aprelin 22-dən 24-dək bu ölkədə dövlət səfərindədir. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.
“Yeni Müsavat” xəbər verir ki, sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib. Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlanıb. Bu gün dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyanatda isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edilib.
Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunulub. Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb. Dövlət başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd edib. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olunub. Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək, COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırlayıb. Dövlət başçısı öz növbəsində Si Cinpinin müdrik rəhbərliyi ilə Çinin inkişafına toxunub.
Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirilib, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunulub, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub. Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirilib.
Çin Xalq Respublikasının Sədri “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycanın olduğunu məmnunluqla xatırlayıb. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub. Son dövrlərdə Orta dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edilib və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb.
Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirilib, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub. Sin Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.
Dövlət başçısı dəvəti məmnunluqla qəbul edib. Onu da bildirək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.
“Yeni Müsavat” yazır ki, eyni gündə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb. Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar aparıblar.
Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər.
Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə ediblər.
"Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir", - birgə bəyanatda bildirilib. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər.
Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.
Azərbaycan və Çin terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu da vurğulayıblar.
Bəyanatda qeyd edilib ki, Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qətiyyətlə qarşı çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.
Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar, bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazırdır.
Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir.
Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanıb. Sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar. Azərbaycan Prezidenti Si Cinpini ölkəmizə səfərə dəvət edib.
“Bizim ikitərəfli münasibətlərimizdə flaqman əməkdaşlıq proqramı Transxəzər Orta dəhliz ola bilər”. Bunu Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Kan Cie jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Çin üçün Transxəzər Orta dəhlizi təkcə Ukrayna böhranının müvəqqəti həlli yolu deyil: “Biz onu Avrasiya və Avropa ölkələri ilə ticarət yollarımızı şaxələndirmək üçün uzunmüddətli strateji alternativ kimi qiymətləndiririk. Transxəzər Orta dəhlizində isə Azərbaycan bu təşəbbüsün bəlkə də ən mühüm oyunçusudur”.
“Çinli iş adamları Azərbaycana yeni investisiyalar yatırmaq niyyətindədir və bu istiqamətdə danışıqlar yekunlaşmaq üzrədir”. Bunu isə jurnalistlərə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib. “Azərbaycanın Pekin şəhərində yerləşən ticarət evi Çinin altı şəhərində yerləşən yeddi ticarət evindən yalnız biridir. Ticarət evləri, ümumiyyətlə, bizim Azərbaycan məhsullarını təşviq etməli, ölkəmizə investisiyanın cəlb edilməsi üçün turizm potensialımızın nümayiş etdirilməsi üçün istifadə etdiyimiz alətlərdən yalnız biridir. Amma bu, çox effektiv bir alətdir. Biz ilin 12 ayı ərzində mütəmadi olaraq Azərbaycan məhsullarını burada nümayiş etdirə bilirik. Bu məkanda dequstasiya tədbirləri baş tutur. Bir çox Azərbaycan məhsullarına maraq göstərən çinli iş adamı Pekin şəhərində buranı ziyarət edir, məhsullarla tanış olur. Amma əsas məqsədlərdən biri də ölkəmizə investisiyanın cəlb edilməsidir”, - Teymur Nadiroğlu qeyd edib.
Hazırladı: Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ