İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Amerika kəpənəkləri buna görə artırmış - FOTOLAR

Bakıda sərçələrin sayı azalır, Amerika kəpənəkləri isə sürətlə artır. Əsasən tut ağaclarında torşəkilli yuva bağlayan bu kəpənəklər yüzlərlə yumurta qoyurlar. Əmələ gələn tırtıllar sonradan ziyanverici həşərata – Amerika ağ kəpənəyinə çevrilir. Bu həşəratlar evlərə axın edirlər. Yarpaqları yeyərək ağacların qurumasına səbəb olur, torlar qurub yumurtalarını qoyur və dayanmadan çoxalırlar.

Bəs bu artımın səbəbi nədir?

ENVER .png (466 KB)

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Musavat.com-a açıqlama verib.

Ekoloqun sözlərinə görə, Amerika ağ kəpənəyi ölkəmizə qeyri-müəyyən yollarla gəlib və çoxalmaqda davam edir:

“Öncə ağ rəngdə olub asanlıqla seçilən bu həşərat yarpaqla qidalandığı üçün rəng dəyişir və ağacda az seçilir. Bu həşəratın əvvəlki illərdə artımı təbii yolla, sərçə kimi yırtıcı quşların vasitəsilə tənzimlənirdi. Lakin son illər qarğaların sərçə yumurtalarını kütləvi şəkildə yeməsi nəticəsində sərçə sayı azalıb. Bu, öz növbəsində Amerika ağ kəpənəyinin çoxalmasına səbəb olub. Həşərat asanlıqla yayılır, rəng dəyişir və qidalanma ilə çevikliyi artır”.

Ənvər Əliyev qeyd edib ki, şəhər dezinfeksiya idarələri bu məsələ ilə bağlı kifayət qədər iş görmürlər:

“Halbuki Amerika ağ kəpənəyi yumşaq səthə malik olduğu üçün dezinfeksiya maddələri vasitəsilə asanlıqla məhv edilə bilər. Mən şəxsən həyətimdə müşahidə etmişəm ki, tut ağacının bütün yarpaqları bu həşəratlar tərəfindən yeyilərək məhv edilib. Onlar həmçinin çinar ağacları və müxtəlif kənd təsərrüfatı bitkilərinə də ziyan vururlar. Həşəratlar binalara, pəncərələrdən asanlıqla daxil olaraq çox sayda yumurta qoya bilirlər”.

Ekoloq əhalini xəbərdar edir ki, əgər evlərdə torlar və tırtıllarla qarşılaşsalar, dərhal mübarizə tədbirlərinə başlasınlar:

“Sakinlər evlərində və həyətlərində bu həşəratın torlarını və tırtıllarını görsələr, dərhal dərmanlama və təmizləmə işlərinə başlamalıdırlar”.

Ekoloq həmçinin dövlət qurumlarına müraciət edib:

“Aidiyyəti qurumlar məsələyə ciddi yanaşmalı, vaxtında və effektiv tədbirlər həyata keçirməlidir. Amerika ağ kəpənəyi çox sayda yumurta qoyaraq sürətlə çoxaldığı üçün mübarizə intensiv aparılmalıdır. Əks halda, zərərli həşərat ekosistemin tarazlığını pozacaq və geniş ərazilərdə böyük iqtisadi və ekoloji zərərlərə yol açacaq”.

Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR