Onlayn ictimai-siyasi qəzet
Bir pişiyin dili kəsilib, digərinin aqibəti isə daha ağır olub - işgəncələrlə öldürüb cəsədini zibilliyə tullayıblar.
Sosial şəbəkələrdə yayılan və insanlıqdan kənar əməlləri əks etdirən görüntülər geniş müzakirələrə səbəb. İddia olunur ki, pişiyin dilinin kəsilməsi vandallığı Sumqayıt şəhərində baş verib.
Videoda yer alan şəxs heyvana qarşı zorakılığı inkar etsə də, görüntülər hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb. Şəxs polis əməkdaşları tərəfindən bölməyə çağırılıb və onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Dili kəsilən pişiyə ilkin baytarlıq yardımı göstərilib. Hazırda heyvan xüsusi məkanda baytar nəzarətində saxlanılır. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, bu məsələ ilə bağlı son günlər ictimai qəzəb artmaqdadır. Belə ki, ötən gün saytımızda da təqdim etdiyimiz digər bir hadisə - Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində baş verən amansızlıq da heyvansevərlər arasında ciddi narahatlıq doğurmuşdu. 10 litrlik su butulkasına dəmir məftillə bağlanaraq döyülüb öldürülən pişiyin görüntüləri sosial şəbəkələrdə geniş yayılmışdı.
Məsələ ilə bağlı “Sağlam Gələcək Naminə” QHT Koalisiyasının sədri Nərminə Qəribova Musavat.com-a danışıb.
“İnsan heyvana şiddət göstərirsə, öldürürsə, həmin insanlar cəmiyyətdə tanınmalıdır. Necə ki, insan öldürən cinayətkarlar tanınır, həbs olunur, lakin heyvanı öldürənlər üçün ciddi tədbirlər həyata keçirilmir. Həmin şəxslər kimləsə ailə qurur, kiməsə dərs deyir. Özümüz belə bilmədən bizim həyatımızda potensial qatillər yer alır.
İnsanı öldürən insanla heyvanı öldürən insan arasında fərq yoxdur. Məzlum heyvanlara qarşı cinayət törədənlər insanlara qarşı cinayət törədənlərdən də təhlükəlidirlər və aramızda rahat gəzirlər. Həmin insanların psixoloji problemləri olur və gələcəkdə həmin cinayəti insana da edə bilərlər. Bu gün heyvanların hüquqları tapdalanır, sabah isə insanların hüquqları pozulacaq”, - deyə N. Qəribova bildirib.
O qeyd edib ki, Ulu Öndərin 100 illiyi münasibətilə 2023-cü ildə “Təbiət Keşikçiləri” gənclər hərəkatı yaradılıb. Təhsil müəssisələrində çalışırlar ki, uşaqlara ətraf mühitə, heyvanlara qarşı məsuliyyətli davranmağı təbliğ etsinlər:
“Erkən yaşdan uşaqlara canlı aləmdə digər canlılar qarşısında öhdəlik, vəzifə və düzgün rəftar öyrədilməlidir. Valideynlər bu mövzuda həssas olmalıdır. Elə valideynlər var ki, övladı qarşısında heyvanlara şiddət göstərir. Bunu görən uşaq gələcəkdə təkcə heyvanlara deyil, insanlara da aqressiya göstərəcək. Düzgün qarşılıqlı münasibəti öyrətmək vacibdir.
Bundan əlavə, qanunvericilikdə heyvanlara qarşı zorakılığa görə ciddi dəyişikliklər olunmalı, məsuliyyət artırılmalıdır. İndiki vəziyyətlə kifayətlənmək olmaz, heyvan hüquqlarının qorunması istiqamətində qanunlarda ciddi təkmilləşmələr aparılmalıdır. Cəmiyyətdə bu böyük problem bu yollarla aradan qaldırılmalıdır”.
Mənzər Novruzlu,
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ