İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ATƏT-in büdcəsinin müzakirəsində iştirakını dayandırdı

Bakı ilə razılaşdırılmadan Ermənistana missiya göndərmək qərarına tutarlı cavab

Ermənistan hökumətinin dəvəti ilə ATƏT bu ölkəyə tələbatın qiymətləndirilməsi üzrə qrup “fəaliyyətini” davam etdirir. Guya səfərin məqsədi ATƏT-in mandatı və təcrübəsi əsasında bir sıra sərhəd rayonlarında təhlükəsizliklə bağlı vəziyyəti qiymətləndirməkdir. Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca rayonlara səfər edərək, müvafiq dövlət və yerli maraqlı tərəflərlə, həmçinin yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparır.

Azərbaycan buna etiraz etsə də, Ermənistan rəsmiləri vurğulayır ki, ATƏT-in Ermənistandakı missiyası “13-14 sentyabrda Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzündən” sonra yaranmış mandat və təşkilatın məqsədlərinə tam uyğundur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, bu missiya “sonda Azərbaycanın Ermənistana təcavüzü nəticəsində yaranmış vəziyyətlə bağlı ən obyektiv informasiyaları özündə əks etdirən hesabat hazırlayacaq”. Yada salaq ki, bundan əvvəl Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Mirzoyan həmin monitorinq komissiyası ilə bağlı da bənzər fikirlər səsləndirib. Deyib ki, Aİ-nin komissiyası Ermənistanın haqlı olduğunu sübut edəcək. Bütün bunlar indidən onu göstərir ki, Ermənistan ölkəyə gələn bu missiya nümayəndələrini açıq-aşkar idarə etmək və beynəlxalq ictimaiyyəti azdırmaq məqsədi güdür.

ATƏT-in faktaraşdırıcı missiyasının nümayəndələri  Zəngəzur administrasiyasında olublar. Regional administrasiyada beynəlxalq ekspertlər və ATƏT katibliyinin nümayəndələri ilə keçirilən görüşdə general-mayor Artak Budaqyan, "Zəngəzur" Biosfer Kompleksinin direktoru Arman Mkrtçyan və başqaları iştirak edib. General-mayor Artak Budaqyan sərhəddəki vəziyyəti özlərinə xas formada təqdim edib. İddia edib ki, guya Azərbaycanın “təcavüzü” üzündən mülki infrastruktur hədəf alınır və insanlar bundan əziyyət çəkir. Beynəlxalq ekspertlər sərhədyanı yaşayış məntəqələri ilə bağlı bir sıra məsələlərlə, o cümlədən Qafan şəhərinin hava limanının fəaliyyəti ilə bağlı maneələrlə maraqlanıblar. Rayon rəhbərliyinin göstərişi ilə ATƏT nümayəndələri Şikəhoq kəndinə gedib, orada sakinlərlə görüşüb. Qubernatorun müavini Hayk Arutyunyan ümidvar olduğunu bildirib ki, bu faktlar beynəlxalq ekspertlərin hesabatlarına daxil ediləcək və missiya nümayəndələrinin fəaliyyəti mümkün yeni təcavüzün qarşısının alınmasında və regionda davamlı sülhün bərqərar olunmasında rol oynayacaq.

Aydindir ki, Ermənistanın yerli və mərkəzi hakimiyyət orqanları ATƏT-in faktaraşdırıcı missiyasının nümayəndələrini anti-Azərbaycan mövqeyinə kökləmək üçün hər cür dona girirlər. Nümayəndələrlə təmaslarda onları təsir altına salmağa çalışırlar, öz maraqlarına uyğun informasiyalar verirlər.

Azərbaycan ATƏT-in büdcə layihəsini nəzərdən keçirməyəcək

Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupunun Ermənistana göndərilməsi məsələsi ATƏT-in hər hansı bir kollektiv qərarverici orqanı tərəfindən heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib. Bu barədə Azərbaycan XİN-in  şərhində deyilir: “Bununla da, "ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası" adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək".

Daha sonra sənəddə qeyd olunur ki, Ermənistanın irəli sürdüyü bu birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil və belə bir səfərin istənilən nəticəsi müvafiq olaraq qiymətləndiriləcək.

Azərbaycan XİN qeyd edir ki, ATƏT-in 2005 və 2010-cu illərdə Azərbaycanın o zaman işğal altında olan ərazilərinə iki missiyasının Ermənistanın aşkar destruktiv mövqeyinə görə ATƏT çərçivəsində konsensusla razılaşdırılması illər çəkmişdi. Azərbaycanın işğal olunmuş ərazilərində saysız-hesabsız qeyri-qanuni fəaliyyət, o cümlədən bu ərazilərdə qanunsuz məskunlaşma faktları nəzərə alınaraq, 2020-ci ilə qədər Azərbaycanın növbəti belə missiyası ilə bağlı müraciəti yenə də Ermənistanın müqaviməti nəticəsində baş tutmayıb: “ATƏT Sədrliyinin və katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti, digər məsələlərlə yanaşı, tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və dövlətlərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə riayət olunmasını tələb edən hər hansı məsuliyyətli və etibarlı vasitəçiliyin və etimad quruculuğunun əsas prinsiplərinə ziddir”.

Azərbaycan bir ildə ATƏT-ə nə qədər pul ayırıb? - AzToday

Azərbaycan Bakı ilə razılaşdırılmadan ATƏT Katibliyinin Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyasını göndərmək qərarına cavab olaraq ATƏT-in 2023-cü il üçün büdcəsinin müzakirəsində iştirakını dayandırıb. “Bakı-xəbər”in məlumatına görə, Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin bununla bağlı bəyanatında deyilir: “Sülhün əldə olunması məqsədlərinə nail olmaq, regionda etimadın yaradılmasına töhfə verməkdənsə, Azərbaycanla əməkdaşlıqdan imtina etmək və birtərəfli qaydada "ehtiyacların qiymətləndirilməsi" missiyasını əvvəlcədən müəyyən edilmiş məqsədlər və nəticələrlə göndərmək əks-effekt verəcək. Bu səfər oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqlədikləri yüksək səviyyəli sonuncu görüşdən sonra elan edilib.  Azərbaycan əlavə etimad quruculuğu tədbiri kimi Avropa İttifaqının mülki missiyasının Ermənistan və Azərbaycan sərhədi boyunca Ermənistan ərazisinə keçməsinə etiraz etməyib. Bu hərəkət ATƏT-in regionda “vicdanlı vasitəçi” kimi rolunu daha da məhdudlaşdıracaq,  Minsk Qrupunun fəaliyyəti ilə və digər ATƏT strukturları tərəfindən artıq ciddi şəkildə zədələnmiş bu təşkilata inamı daha da azaldacaq. Mövcud vəziyyət düzələnə və ATƏT-in sənədlərinə və qərarlarına uyğunluq bərpa olunana qədər Azərbaycan nümayəndəliyi gələn il üçün büdcə layihəsini nəzərdən keçirməyəcək".

Məlumata görə, Azərbaycan təşkilatın büdcəsini təsdiqləməsə, bu, qurumun strukturlarının işinin iflic olmasına gətirib çıxara bilər.

Orxan ƏLİYEV,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR