Onlayn ictimai-siyasi qəzet
Parlamentdə nümayəndə heyətinin formalaşmamasını Azərbaycanın münasibətləri nöqtələməsi də adlandırmaq olar; Səməd Seyidov şərtləri yenə yada saldı
Ötən həftəsonu Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvləri müəyyənləşdi. Amma Azərbaycanın Avropa Şurası Parlament Assembleyasına (AŞ PA) nümayəndə heyəti formalaşdırılmadı. 2024-cü ilin yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin AŞ PA-da səlahiyyətləri təsdiqlənməyib.
Bu qərardan əvvəl isə nümayəndə heyəti AŞ PA-nın ədalətsiz yanaşmalarına və ikili standartlar tətbiq etməsinə etiraz olaraq, bu qurumda fəaliyyətini dayandırıb. Bugünlərdə başa çatan payız sessiyasında AŞ PA Bakı əleyhinə yeni kampaniyaya start verdi. Strasburqda keçirilən sessiyada “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda müzakirələr yenə də anti-Azərbaycan ruhda keçdi. Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersen iddia etmişdi ki, COP29 yaxınlaşdıqca Azərbaycanda hadisələr “pis istiqamətdə” inkişaf etməkdədir. Buna sübut kimi Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə səs verdiyinə görə 76 deputatın persona-non-qrata elan edilməsini göstərmişdi.
Kristofersenə görə, sentyabrın 1-də keçirilmiş parlament seçkiləri beynəlxalq standartlara cavab verməyib, seçkilər “repressiyalar, söz azaldığı və toplaşma azaldığının sərtləşdirilməsi, siyasi fəallara, vətəndaş cəmiyyətinə və KİV nümayəndələrinə qarşı davam edən repressiyalar” fonunda keçirilib. Məruzəçi vergi cinayətləri ittihamı ilə həbs edilən vətəndaş cəmiyyəti fəalları və xarici qrantlardan maliyyələşən kanalların əməkdaşları ilə bərabər erməni separatçılarına da qahmar çıxıb, “Azərbaycanda saxlanılan erməni hərbi əsirlər və mülki əsirlər ətrafında həll olunmamış vəziyyət” olduğunu qeyd edib. Almaniyalı deputat Frank Şvabe də araqarışdıran ritorikasını davam etdirmişdi. Demişdi ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlıqdan imtina edib, guya 2023-cü ilin fevralından sonra ölkədə siyasi məhbusların sayı 93-dən 319-a yüksəlib. “Azərbaycana bu təşkilatın dəyərlərini və qaydalarını dəyişdirməyə icazə verəcəyikmi? Yoxsa Azərbaycandan bu təşkilatın dəyərlərini və qaydalarını qəbul etməyi xahiş edirik? Əgər ölkə və hökumət bunu etməyə hazırdırsa, assambleyada onları görməyə şad olarıq”, - Şvabe bildirmişdi.
İndi isə Azərbaycanın AŞ PA ilə bağlı öz nümayəndə heyətini formalaşdırmaması artıq o mesajdır ki, Bakının bu qurumla münasibətlərin normallaşacağına ümidi qalmayıb. Amma Azərbaycan Avropa Şurası ilə bütün əlaqələrini kəsməyib. Avropa Şurasının digər qurumları var - Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsi mövcuddur, Azərbaycan onlarla əməkdaşlıq edir.
Səməd Seyidov
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, AŞ PA-dakı nümayəndə heyətinin sabiq sədri də bu barədə Teleqraf.com-a danışıb. “Azərbaycan heç vaxt hansısa qurum, təşkilat, dövlətlə münasibətləri pozmaqda maraqlı deyil. Ölkəmiz özünə qarşı olan qeyri-obyektiv mövqeyə milli maraqlar çərçivəsində cavab verib. Bir daha bəyan edilib ki, AŞ PA özünün qərəzli mövqeyindən əl çəkərsə, Azərbaycan normal müstəvidə əməkdaşlığa hazırdır. Bu, heç də şəxsiyyətlərarası münasibətlər deyil. Söhbət dövlətlər, təşkilatlararası münasibətlərdən gedir. Ona görə də AŞ PA öz mövqeyində korrektələr edəcəksə, Azərbaycanla təzyiq dilində danışmağın mümkünsüzlüyünü başa düşəcəklərsə, proseslər qaldığı yerdən davam edə bilər”, - deyə o bildirib. Bununla yanaşı, Milli Məclisin hazırkı qərarını rəsmi Bakının AŞ PA ilə münasibətləri nöqtələməsi adlandırmaq olarmı?
Elşad Musayev
Deputat Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın heç bir beynəlxalq təsisatla münasibətləri tam dayandırmadığını vurğuladı. Onun sözlərinə görə, sadəcə, bəzi beynəlxalq qurumların ədalətsiz münasibəti ucbatından əlaqələr korlanır: “Azərbaycana ədalətsiz yanaşma olanda dövlət haqlı olaraq təpki göstərir. Təbii ki, hansı cəbhədən Azərbaycana qarayaxma başlanacaqsa, dövlət buna reaksiya verəcək. Ona görə məsələyə belə yanaşmaq lazımdır”. E.Musayev qeyd etdi ki, parlamentin dostluq qrupları, parlametlərarası işçi qrupları artıq formalaşıb: “Parlamentin rəhbərliyi ayrı-ayrı ölkələrdə tədbirlərdə iştirak edir, beynəlxalq əlaqələrlə bağlı xüsusi fəaliyyəti göstərir. Bunu da qiymətləndirmək lazımdır. Amma AŞ PA bizim səsvermə mandatımızı əlimizdən alıbsa, buna adekvat cavab verilib, həmin deputatlar persona-non-qrata elan ediliblər. Bundan sonra oradakı fəaliyyətimiz dayandırılıb. Çünki bu təşkilat Qərb dəyərlərinə zidd addım atıb. Bununla yanaşı, dövlət başçısı mövqeyini açıqlayıb - əgər qoyulan sanksiya aradan qaldırılacaqsa, nümayəndə heyəti AŞ PA-da fəaliyyətini bərpa etməyə, həmin avropalı deputatlar üzərindəki qərarın da ləğvinə hazırdır”. Deputat əlavə etdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa həmişə açıq olub, lakin son zamanlar, xüsusən antiterror əməliyyatının ardınca ölkəmizə qarşı çirkin kampaniya aparılmasına start verilib.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, AŞ PA ilə münasibətlərin normallaşması qarşı tərəfdən asılıdır. Onun sözlərinə görə, qurum Azərbaycan nümayəndə heyətini orada görmək istəyirsə, səsvermə hüququnu qaytarmalıdır: “Əgər səsvermə hüququ yoxdursa, nümayəndə heyəti niyə formalaşmalıdır? Yəni bizim oradakı fəaliyyətimizin anlamı olmayacaq. Hətta onların qoyduğu qadağa müqabilində nümayəndə heyəti göndərmək özümüzə hörmətsizliyimiz olardı. Azərbaycan dövləti AŞ PA qarşısında əyiləcək deyil. Buyursunlar, haqqımızı qaytarsınlar, bərabərhüquqlu şəkildə fəaliyyətimizi davam etdirək. Necə olur ki, onlar səsvermə haqqını əlimizdən alsınlar, biz də durub üzlərinə baxaq?! Ona görə də Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin formalaşması gələcək mərhələyə qaldı”.
S.Əsədlinin fikrincə, bu heyəti müəyyənləşdirmək çətin deyil, sadəcə, qeyd edilən problemlər həllini tapmalıdır: “Azərbaycanda insan haqlarının vəziyyətinin ideal olduğunu iddia etmək mümkün deyil. Amma Avropa Şurası da həddini aşmamalıydı. Onların çağırışları, tələbləri, ardınca səsvermə hüququna qoyulan veto qərarı bütün səbr kasasını daşırdı. Azərbaycan da haqlı olaraq həmin deputatları "arzuolunmaz şəxs" elan etmək məcburiyyətində qaldı".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ