İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ABŞ-ın erməni vəkillərinin hədəfində - sərhəd tanımayan həyasızlıq

Tanınmış vəkil-hüquqşünas: “Əfsus ki, ölkəmizin hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə edəcək milli kadrlar yoxdur”

Xəbər verdiyimiz kimi, ABŞ-ın Vaşinqtondakı federal məhkəməsində “Anglo Asian Mining PLC” şirkətinin amerikalı rəhbəri Məhəmməd Rza Vəziriyə qarşı qrup iddiası qaldırılıb. İddia ABŞ-da fəaliyyət göstərən erməni hüquqşünaslar tərəfindən verilib.

Həmin iddiada Vəziri “Qarabağın Azərbaycan tərəfindən 7 aydır davam edən "blokadası" nəticəsində ermənilərə işgəncələrdə" iştirakda ittiham olunur. Federal məhkəməyə şikayətdə xüsusi olaraq “Vəzirinin Qarabağın "blokadasında" Azərbaycana maliyyə yardımı göstərdiyi və təşviq etdiyi" iddia edilir.

Ərizə ABŞ-da yerləşən beynəlxalq hüquqşünas Karniq Kerkonyan və “Kerkonian Dajani LLP” hüquq firması tərəfindən vəkillər Arman Tatoyan, Qaro Qazaryan və Tatoyan Fondunun köməyi ilə qaldırılıb.

Bura deyiblər, “oğru elə bağırdı ki...” Yaxud “qara məni basınca...”

Erməni həyasızlığı gerçəkdən də sərhəd və ölkə tanımır. Yada salaq ki, bir neçə ay qabaq oxşar iddia Azərbaycan dövlətinə qarşı qaldırılmışdı. Xaricdəki erməni iş adamları utanıb-qızarmadan işğal dönəmində ərazimizdə inşa elədikləri qanunsuz SES-lərə görə Bakıdan “kompensasiya” tələb eləmək üçün həmin hüquqi firmanın, erməni hüquqşünasların əli ilə iddia qaldırmışdılar. Bəs sonuncu iddianın hansı hüquqi nəticəsi ola bilər? Azərbaycan Vəziriyə nə kömək edə bilər?

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, 44 günlük Vətən müharibəsi bitəndən sonra bir çox hüquqşünaslar, vəkillər Ermənistana qarşı hüquqi müstəvidə addımların atılmasının vacibliyini diqqətə çatdırıblar: “Döyüş meydanında düşməni məğlub etdik.  Hüquq, informasiya müstəvisində döyüş isə bundan sonra daha da aktiv fazaya keçdi. O zaman da vurğulayırdıq ki, informasiya müstəvisində, hüquqi müstəvidə düşmənə uduzuruq. Bunu etiraf etməliyik. Ermənilər bu işlərdən ötrü ABŞ-da, Avropada böyük xərclər çəkirlər. Müxtəlif verlişlər hazırlayır, teleaparıcılarla, tanınmış vəkillərlə, hüquqşünaslara əlaqələr qururlar. Özlərindən olan hüquqşünasları, media nümayəndələrini yetişdirib ABŞ, Avropada fəaliyyətlərini təmin edirlər. Tanınmış media qurumları ilə sıx əməkdaşlıq edirlər, dəstəklərini alırlar. Təkcə sadə insanların deyil, söz sahibi olan qurumların, bələdiyyələrin dəstəyini qazanırlar.

Biz ermənilərə bu sahədə adekvat cavab verə bilmirik. Çox işlərə pul xərcləndi, amma lazımi istiqamətlərə, xüsusilə hüquq sahəsinə vəsait ayrılmadı. Bu, ilk növbədə Avropa Məhkəməsi, BMT məhkəməsi, Haaqa Məhkəməsi və digər beynəlxalq məhkəmələrdə açıq-aydın görünür. Hər dəfə ermənilər bizim hər addımımızdan bu məhkəmələrə iddialar verirlər. Bu işlərə böyük resurslar sərf edirlər. Onların iş adamları bu işlərə böyük pullar ayırırlar. Paralel olaraq media və hüquq müstəvisində mütəxəssislərin yetişdirilməsi üçün işlər görürlər.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Azərbaycanın hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə edəcək milli kadrlar yoxdur. Mən Avropa Məhkəməsi ilə işləyirəm, amma dövlətlərarası çəkişmələrdə püxtələşmiş, ixtisaslaşmış mütəxəssisimiz yoxdur. Bunu əminliklə deyirəm. Xatırlayırsınızsa, 2 Azərbaycan əsgərinə ermənilər tərəfindən işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət olunmuşdu. Avropa Məhkəməsi reqlamentinin 39-cu maddəsinə əsasən, Ermənistan tərəfinin əsir götürdüyü Azərbaycan əsgərlərinə qarşı zorakılığın dayandırılması tələb olundu. Lakin Avropa Məhkəməsi Azərbaycan tərəfinin bu vəsatətini qəbuledilməz hesab etmişdi. Mümkündür ki, həmin 2 əsgərlə bağlı Ermənistan tərəfi Avropa Məhkəməsi qarşısında öhdəlik götürmüşdü ki, onlarla beynəlxalq standartlara uyğun davranılacaq. Ona görə də məhkəmə Azərbaycan tərəfinin vəsatətini qəbul etməmişdi. Avropa Məhkəməsinə göndərilən müraciətin məzmunundan da çox şey asılıdır. Əsgərlərlə bağlı müraciəti kim yazmışdı və necə əsaslandırmışdı məsələsi əsasdır. Ehtimal edirəm ki, ermənilər Azərbaycan tərəfinin təqdim etdiyi videosübutları təkzib ediblər. Böyük ehtimalla həmin videonun harada və kimlər tərəfindən çəkilməsini sübut edə bilməyib.

Yaxşı olardı ki, belə hallarda Azərbaycan hakimiyyətinin sevmədiyi beynəlxalq təşkilatlara müraciət olunsun. Məsələn, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatlara müraciət olunsa idi, onlar təcili şəkildə öz nümayəndələrini Ermənistana göndərə bilərdilər. Bundan başqa, vaxtında beynəlxalq səviyyəli hüquqşünaslar yetişdirilsə idi, belə hallarla üzləşməzdik. Digər tərəfdən, çox təəssüf ki, hökumət Avropa Məhkəməsi ilə işləyən vəkilləri özünə düşmən sayır və imkanlarından istifadə etmək istəmir. Bunu öz üzərimdə də görmüşəm. Bizi çağırdılar, dedilər ki, bu işləri görək. Biz də razılaşdıq, dedik ki, necə deyirsiz, elə də edək. Amma unuduldu, yaddan çıxdı. Elə işlər var ki, bu işlərdə mütləq dövlətin dəstəyi lazımdır. Çünki dövlətin sənədlərə çıxış, çatımlılıq imkanları var. Ermənilər isə öz mütəxəssislərini yetişdirir, pullarını verir və öz maraqları naminə işlədirlər".

Tanınmış vəkilin sözlərinə görə, Azərbaycan hakimiyyəti ABŞ-da, Avropada işləyən azərbaycanlı vəkillərlə də əlaqə saxlamağa can atmır: “Azərbaycanda bu mütəxəssislərin yetişməsinə çalışmalıyıq. Bunu etmiriksə, indilik xaricdə olan azərbaycanlı vəkillərin xidmətindən istifadə etməliyik. Əks halda, vəziyyət bizim ziyanımıza davam edəcək. Düşmən tərəfin Avropa Məhkəməsinə müraciətlərinə daha çevik, Azərbaycan tərəfin şikayətlərinə isə ləng baxılacaq. İstənilən beynəlxalq, Qərb ölkələrinin, ABŞ-ın məhkəmələrində daha çox peşəkarlıq rol oynayır. Peşəkar vəkil, peşəkar prokuror daha çox iş udur. Bu gün Azərbaycanın Avropa Məhkəməsində işləyəcək peşəkar vəkilləri yoxdur. Avropa Məhkəməsində keçirilən bəzi proseslərdə müşahidəçi qismində iştirak etmişəm. Bu məhkəmədə dövlətlər Avropa məkanında tanınan vəkilləri dəvət edib işlər üzrə müdafiəni qururlar. Onlar elə vəkillərdir ki, onların bir adı uduş üçün bir şansdır. Mən bu məsələni Azərbaycan hökumət nümayəndələri ilə görüşlərimdə də demişəm. Demişəm ki, gəlin, Avropa məkanında tanınan peşəkar vəkilləri Avropa Məhkəməsində öz milli maraqlarımızın müdafiəsinə cəlb edək. Biz dövlətimizə bu işdə dəstək ola bilərik. Həmin vəkillərlə bu gün də əlaqələrimiz var. Hökumət nümayəndələri deyir ki, həmin vəkillər vaxtilə Azərbaycana qarşı işlərdə iştirak ediblər.  Ən böyük səhvimiz də budur ki, hüquqi müdafiə dairəmizi genişləndirə bilmirik. Azərbaycanda beynəlxalq məhkəmələrdə işləyəcək vəkillərin hazırlanmasına çox ciddi ehtiyac var. Belə vəkillər yetişdirilənə qədər beynəlxalq aləmdə tanınan vəkilləri öz mənafelərimiz naminə cəlb edə bilərik. Əks halda, Azərbaycan beynəlxalq məhkəmələrdə zəif tərəf olaraq qalacaq.

2012-ci ildə Avropa Məhkəməsinin Böyük Palatasında “Çıraqov Ermənistana qarşı”, “Sərkiyan Azərbaycana qarşı” işlərə baxırdı. O zaman Azərbaycan tərəfdən iki xarici vəkil iştirak edirdi. Ermənilər tərəfdən isə Ermənistandan olan yerli vəkillər, xaricdə yaşayıb xaricdə işləyən vəkillər vardı. Çünki onlar həmin vəkilləri yetişdiriblər. 10 il əvvəl də belə idi, indi də belədir. Əgər biz Azərbaycanın bundan sonrakı taleyini düşünürüksə, hüquq müstəvidə mübarizəmizi aparmaq üçün milli kadrlar yetişdirməli, xaricdə işləmələri üçün imkanlarımızı səfərbər etməliyik. Ermənistanla sülh müqaviləsi bağlansa belə, hüquqi müstəvidə mübarizə yaxın 10 il ərzində daha da geniş vüsət alacaq. Buna hazır olmalıyıq. Bu istiqamətdə Azərbaycan dövləti təxirəsalınmaz tədbirlər görməlidir. Əks halda, Azərbaycanı hüquqi müstəvidə məğlubiyyətlər gözləyir".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR