İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Badamov: "Prezidentin Şuşada, Qlobal Media Forumunda iştirakı jurnalistlərə ən böyük hədiyyəsi oldu"

 

"Milli Mətbuat günündə media işçilərinə ən böyük hədiyyə Prezident İlham Əliyevin Şuşada keçirilən Qlobal Media Forumunun açılış mərasimində iştirakı oldu".

Bu barədə Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib. O qeyd edib ki, dövlət başçısı Forumda  iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən dəvət olunmuş media işçilərinə onları düşündürən sualların verilməsinə şərait yaratdı və hər biri ilə səmimi görüşərək, media işçilərinin dostu olduğunu bir daha nümayiş etdirdi:

 “Dünyanın heç bir ölkəsinin dövlət başçısı Prezident İlham Əliyev qədər mətbuata açıq deyil və dostluq etmir. Dövlət başçımız özünü media işçiləri arasında çox rahat hiss edir.

Azərbaycan azad söz azadlığı və mətbuat azadlığının təmin olunduğu ölkədir. 1998-cı ildə senzura ləğv olunub. Dövlət medianın inkişafına dəstək verir. Belə ki, Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Bu gün milli mətbuatımız yaranmasının 148-ci ilini qeyd edir. Əsası 1875-ci ildə “Əkinçi” qəzetinin ilk sayının işıq üzü görməsi ilə tarixə düşmüş  bu böyük tariximizlə fəxr edirik".

Deputat əlavə edib ki,  mətbuatın azad inkişafı dövlətin inkişafına dəstək verir: "Mətbuat işçisi olmaq çətin və məsuliyyətli peşədir. Çünki işıqlanan hər bir informasiya insanlarda rəy formalaşdırır. Çox təəssüf ki, bəzi hallarda obyektiv olmayan , qeyri-peşəkar, qərəzli  informasiyalar da mətbuatda yer alır. Amma ümumi şəkildə qeyd etmək olar, Azərbaycan mətbuatı hadisələrə  obyektiv yanaşır, informasiyanı reallıqlarla, vaxtında işıqlandırır və ictimaiyyəti məlumatlandırır. Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı media işçilərinin döyüş ruhunun yüksəlməsinə xidmət etdiyini qeyd etmək olar. Bununla mediamız  dövlət və xalqın taleyi  üçün vacib anlarda həmrəylik nümayiş etdirə biləcəyini  bir daha sübut etdi. Bu gün mediamız qarşısında beynəlxalq informasiya müharibəsində reallıqları və ədalətli səsimizin dünyaya çatdırılması ilə bağlı mühüm vəzifə dayanır. Ona görə də Milli Mətbuat Günündə KİV-in beynəlxalq informasiya müharibəsindəki uğurlu fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm.

Jurnalistlər öz həyatlarını təhlükə altına alaraq müharibə bölgələrində güllə atəşləri altında reportajlar hazırlayaraq, ictimaiyyətə çatdırırlar. O cümlədən işğaldan azad olunmuş ərazilərdə öz peşə vəzifəsini icra edərkən düşmənin basdırdığı minaların qurbanı olan media işçilərimiz də var. Öz peşə borcunu yerinə yetirərkən şəhid olmuş media işçilərinə Allahdan rəhmət diləyirəm.

Sonda  Milli Mətbuat Günü münasibətilə media sahəsində  fəaliyyət göstərən bütün  əməkdaşları  təbrik edir, onlara can sağlığı və fəaliyyətlərində uğurlar diləyirəm".

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR