İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Ayxanın baş redaktorluqdan getməsinə reaksiya - "Bizim üçün də gözlənilməz oldu"

"Yeni Müsavat" Media Qrupunun rəhbərliyi qrupa daxil olan "Yeni Müsavat" qəzetinin baş redaktoru, əməkdar jurnalist Azər Ayxanın media qrupdan ayrılması barədə bəyanatına reaksiya verib.

Sözügedən media müəssisəsinin baş direktoru Ələsgər Süleymanovun açıqlamasında bildirilir:

"Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizim üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan "Yeni Müsavat"ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır.

Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir".

Açıqlamada daha sonra bildirilir: "Yeni Müsavat" Media Qrupunun kollektivi hələ də ümid edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq".

Qeyd edək ki, bu gün səhər əməkdar jurnalist Feysbuk sosial şəbəkəsində aşağıdakı məzmunda status yazıb:

"Yeni Müsavat" Media Qrupu ilə yollarımı ayırdım. "Yeni Müsavat"ın baş redaktoru vəzifəsindən istefa verdim.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişsiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR