Onlayn ictimai-siyasi qəzet
Seçkidə hansı namizədi dəstəkləyəcəyi barədə açıqlamanı Cavanşir Quliyev yox, başqa bir bəstəkar, məsələn, Faiq Sucəddinov və ya Siyavuş Kərimi versəydi, bu hadisə ictimai rezonansa, söz-söhbətə səbəb olmayacaqdı.
Yaxud eyni məzmunlu bəyanatla Ramiz Rövşən çıxış eləsə, bəlkə də mərəkə qopar, amma həmin sözləri Çingiz Abdullayev dilə gətirsə, elə şey olmaz.
Hamı deyər ki, ikincilərin mövqeyi çoxdan bəllidir, onlar həmişə iqtidarı dəstəkləyiblər, birincilərin hərəkəti isə xəyanətdir. Kimə xəyanətdir, nəyə xəyanətdir – heç kəs bunu sağlam məntiqlə izah edə bilməz.
Bu şəxslər heç bir partiyanın üzvü olmayan, öz üzərlərinə siyasi təşkilatın tapşırıqlarını icra etmək öhdəliyi götürməyən, sadəcə, hansısa siyasətçinin düşüncələrini özlərinə yaxın hesab edən, ara-sıra onlarla görüşən, ehtiyac yarandığı halda dəstək verən azad sənətkarlar olublar.
Onlardan “yaxşı gündə, yaman gündə birlikdə olmaq”, sədaqət andına sadiq qalmağı ummaq, onları “daimi dəstəkçi” kimi görmək həm absurddur, həm də böyük qəbahətdir.
Belə çıxır ki, bir adam 30 il qabaq hansısa hisslərin təsiri altında bir siyasi xadimə yaxınlaşıbısa, ona hörmətini izhar edibsə, xeyrinə bir bəyanat veribsə, vəssalam, özünü onun qulu edib və sona qədər əmrə müntəzir şəkildə liderinin qulluğunda durmalıdır.
Bu feodal təfəkkür də deyil, bir az da o tərəfədir, “ağa-qul” dönəmlərinin düşüncəsidir.
Bu fikri dəfələrlə yazmışıq, yenə təkrar edək: siyasi partiya dini sekta, kriminal qardaşlıq qruplaşması deyil ki, oraya bir dəfə daxil olanın oradan yalnız ölüsü çıxsın. O, sektalarda və bandalarda olur: bir müddətdən sonra birlikdən ayrılmaq istəyəni xəyanətdə təqsirləndirir, edam edirlər.
Hansısa siyasi partiyaya qoşulan şəxs azad insandır, bu gün o partiyanın proqramına, şüarlarına, liderinin xarizmasına rəğbəti yaranar, ən əsası, perspektivinə inanaraq, partiya sıralarına daxil olar, sabah görəndə ki, bu partiyada olmaq onun ambisiyalarını qane etmir, ərizəsini yazıb istefa verər. O, bunu iki cür edə bilər: ya partiyasını sakitcə tərk edər, ya da atdığı addıma ictimai diqqət cəlb edərək gedər. Tanınmış partiyaçılar adətən ikinci variantı seçirlər, çünki özlərini mühüm sima sayırlar. Sıravilər isə dinməz-söyləməz şəkildə çıxıb gedirlər.
Fəqət bu adi hərəkət günümüzdə hələ də reneqatlıq, satqınlıq sayılır və elə də adlandırılır. Belə addım atmış adamların günlərlə, bəzən həftələrlə yandaş mediada linç edilməsi halları olub.
Azad sənətkarlara münasibətdə bu davranış isə tamam qəbuledilməzdir. İstənilən vətəndaş 20 il ərzində keçirilən 4 seçkinin hər birində başqa namizədə səs vermək hüququna malikdir. O, hər dəfə eyni namizədə səs vermək zorunda deyil. Heç kəs ona deyə bilməz ki, sən keçən dəfə A.-ya səs vermişdin, indi B.-yə səs verirsən, demək, A.ya xəyanət edirsən.
Siyasi arenası mötədil olan, seçki sistemi oturuşmuş ölkələrdə bir siyasətçinin vaxtilə 3-4 partiyanın üzvü olub-çıxması heç bir halda ona baş töhməti edilmir. Qardaş Türkiyədə hər dəfə başqa bir partiya yaradaraq hakimiyyətə gələnlər olub. Nə də elə ölkələrdə tanınmış sənətkarların qapısına dayanaraq həbs olunmuş siyasətçinin azadlığa buraxılması üçün imza verməsini tələb etmir, o, dəstək bəyanatı vermədikdə mediada, sosial şəbəkədə yıxıb-sürümürlər.
Hazırda ölkəmizdə ictimai-siyasi vəziyyət elədir ki, bir xeyli tanınmış şəxs, hətta keçmiş müxalifətçilər dövlət başçısının xeyrinə bəyanat verə, onun namizədliyini dəstəkləyə bilərlər. Çünki ortada səbəb var. 30 ildən sonra onların ən böyük arzusu çin olub, ən böyük müşkülləri həll edilib və onların bu arzunu çin, müşkülü həll edən şəxsə qarşı təbii olaraq rəğbətləri yaranıb.
İctimai rəy də heç vaxt olmadığı qədər mövcud iqtidarın xeyrinədir. Bu situasiyada əlverişsiz seçki mühitinin acığını azad sənətkarlardan çıxmaq ədalətsizlikdir. Hamı da bilir ki, onların hansı mövqedə olmasının heç nəyə təsiri yoxdur: seçən seçəcək, seçilən seçiləcək.
Sadəcə, elə etmək lazımdır ki, gənc nəsillər, yeni-yeni yetişməkdə olan sənətkarlar hansısa partiyaya yaxınlaşmaqdan qorxmasınlar. Onlar görəndə ki, bir partiyada sektant düşüncəsi hakimdir, istər-istəməz məsafə saxlayacaq, yaxın gəlməyəcəklər. Bu gün heç, perspektivi düşünmək lazımdır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ