İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayının sürüşüb yuvarlandığı cığırla dağ başına qalxmaq... – Zeyvə reportajı

Sürətlə irəliləyən lüks avtobusun pəncərəsindən bir vaxtlar təyinatla gəlib işlədiyim rayonun yeni peyzajlarını izləmək, onları yaddışımın bəd sektorunda olmayan mənzərələrlə müqayisə etmək həm maraqlıydı, həm də nostalji ovqatı yaradırdı.

Çünki o günlərdən çox keçib və səfər yoldaşlarımın çoxu həmin dövrdən 3-4 il sonra dünyaya göz açan həmkarlar idi. Onlara vaxtilə çardağında oturub çay içdiyim, dostlarla söhbətləşdiyim tikilini göstərməyin anlamı olmazdı. O tikili onlar üçün, sadəcə, yol qırağında inşa edilmiş talvardır, mənim üçünsə “keçdi o günlər daha” silsiləsindən şirin xatirədir.

Yol boyunca gördüyüm bir çox şeylər dəyişilməmiş qalıb – üzüm plantasiyası, çınqıl karyeri, Gilgilçay körpüsü, yol qırağındakı kəndlər, ağacla – necə görmüşdüm, eləydi. Amma Siyəzənin, Şabranın giriş-çıxış yollar dəyişib. İndi o şəhərlərə körpü üstündən burulub girmək lazımdır. Şabran çoxdan Dəvəçi deyil. Bir vaxtlar bu rayonun tərkibində olan Siyəzən də artıq müstəqil rayondur.

pireb.JPG (67 KB)

Ancaq Bakı-Rostov yolunun Şabrana burulan, daha sonra Pirəbədil və Zeyvə kəndlərinə doğru irəliləyən dar asfalt yolla gedəndə fərqinə vardım ki, dəyişiklik var. Əvvəllər buradakı yol asfalt deyildi, daş yol idi - kələ-kötür, çala-çuxur. Şabrandan Bakıya gedən adam Şabrandan Zeyvəyə gedəndən daha tez çatardı. İndi isə yol dar olsa da, hamardır, həm də yolda avtomobil çox deyil, adamın qarşısına 3-4 maşın gələ, ya gəlməyə. İndi həmin abad yol Pirəbədildə bitir, Zeyvə yolu köhnəki kimidir.

Keçəl dağların, daha dəqiqi, çox hündür təpələrin ətəyi ilə getdikcə yüksəkliyə qalxa-qalxa, dolaylana-dolaylana bir xeyli gedəndən sonra sağda-solda hündür yaşıl dağlar göründü. O zamanlar yolum buraya düşməmişdi, Qalalatıya, Çaraqa, Məşrifə çox getmişdim, amma Zeyvə tərəfləri görməmişdim və məkanın necə gözəl olduğunu bilmirdim.

Pirəbədil və Zeyvə, eləcə də Kilvar geniş reklam olunan dilbər guşələrimiz qədər axar-baxarlıdır, gözəldir. Sadəcə, adı hələ dillərə düşməyib, bir az da infrastruktur, istirahət və turizm məkanları sarıdan geri qalır. Hərçənd bunlar zamanla və xərclə aradan qaldırılan şeylərdir.

otelll.JPG (91 KB)

Bir avtobus dolusu jurnalisti təbiətin qoynuna, iki günlük istirahətə, Əmbil gölünün ziyarətinə “Nar” mobil şirkəti aparırdı. Milli mətbuat günləri ərəfəsində “Nar”ın jurnalistlər üçün təşkil etdiyi ənənəvi “Fibonaççi” yarışması bu dəfə Pirəbədil kəndinin yaxınlığında inşa edilniş “Shabran Wellbeing Resort” otelində keçiriləcəkdi. Kollektiv olaraq iştirak etdiyimiz, bir dəfə 2-ci yeri tutduğumuz intellektual yarışma yenə maraqlı olacaqdı, amma bu dəfə hər media qurumundan 1 nəfər dəvət olunmuşdu.

Əslində yaxın günlərdə 20-30 manat xərclə Əmbil gölünə tur təşkil edən turizm firmalarının xidmətindən istifadə etmək planı vardı. Amma necə deyərlər, “istədiyin yar idi, yetirdi pərvərdigar” hadisəsi baş verdi və bu sətirlərin müəllifi də dağın başındakı Əmbil gölünün füsunkar mənzərəsini gördü.

shabran-1.jpg (1.08 MB)

“Dağın başındakı Əmbil gölü” deyərkən heç bir şişirtmə-filan yoxdur. Yüksəkliyə dırmaşmaqda üzü ağ olan avtomobillərlə gedə bildiyimiz yerə qədər getdik, sonra isə ora piyada qalxası olduq.

O yüksəkliyi insan oğlundan başqa yalnız ayı, dağ keçisi, canavar kimi güclü heyvanlar qalxa bilər. At-qatır işi deyil. Hətta ayının o sərt enişlərdən enməsi belə müşküldür. Gənc bələdçimiz sıx meşələyin ziqzaqvari yoxuşlarında iki yerdə sürüşmə izləri göstərib dedi ki, bu, bir gənc ayının izləridir, yağışdan sonra aşağı enərkən özünü saxlaya bilməyib, aşağı yuvarlanıb və ağaclara dəyib, durub.

Piyada 900 metr üzüyuxarı məsafə qət etməliydik. Bu məsafənin 150-200 metri hamar səth ola, ya olmaya, yerdə qalanı şiş dikdirlərdir. Hesab edin ki, göydələnə liftsiz, pilləkənlə qalxırsınız. Bu, təxminən 100 mərtəbəli binanın damına qalxmaq deməkdir. 20 dəqiqədən çox vaxt aparır. Hələ yaxşı ki, çox yerdə torpaqda pilləkən qazıb düzəldiblər, yoxsa ora qalxmaq mümkün olmaz.

Gənclərə nə var ki. Onlar gölə daha asan çıxıb-düşürlər. Yaşlı və artıq çəkili insanlar isə çətinlik çəkir. Bəziləri, ümumiyyətlə, ziyarət səfərini yarımçıq saxlamalı olur.

002A8863.JPG (130 KB)

Əmbil gölü gerçəkdən ziyarət ediləsi yerdir. Bu, İsmayıllı dağlarının zirvəsindəki Qaranohur gölünün eynisidir, ona böyük qardaş düşər, çünki cürəpəsi bir az iridir. Bu gölü ona görə qeyri-adi sututar saymaq olar ki, dəniz səthindən 1 km hündürlükdə olan göl sırf bulaqların hesabına yaşayır və heç vaxt qurumur. Görünür, burada havanın hərarətinin bir az aşağı olması, gölün dörd bir tərəfindən hündür ağacların günün çox hissəsində gölə günəş şüası düşməsinin qarşısını alması, bir də tez-tez yağan yağışlar gölün yaşarılığını təmin edir.

Gölün ətrafındakı ocaq yerlərindən də görünür ki, hər gün yüksəkliyi qət edərək bura gələn və göl qırağında kabab bişirənlər, bu sakit, yaşıl guşədə dincələnlər var. Balıq tutmağa çalışanlar da olub, əl-əlbət. Balıqçılardan birinin tilovunun sarı-qırmızı “poplavok”u golün düz sahilindəki ağaca ilişib qalmışdı.

76b9fecc-e009-4228-8ab6-d31f4561ae55.jpg (398 KB)

Adam işdən-gücdən ikicə gün vaxt ayırıb ölkənin yaşıl rayonlarının əsrarəngiz məkanlarını (eləcə də düzənini, vadisini, vahəsini) gəzəndə bir daha əmin olur ki, vətənimiz həqiqətən gözəldir. Bizə düşən onu hər zaman səliqə-sahman içində saxlamaq və qorumaqdır.

Söhbəti “yada düşər xatirələr” ladında başlamışdım, elə o ladda da bitirim. Şabrana getmişkən, 35 il öncə mənə öz kitabını bağışlamış və titul səhifəsinə “Gələcəyinə çox inandığım....” yazmış yerli yazıçı Aydın Tağıyevi görmək istədim, alınmadı. Oteldə bir nəfərdən xəbər aldım, yazıçının oğulları Bəxtiyar və Şəhriyarın dostu çıxdı və o, “müəllim sağ-salamatdır” dedi. Amma nə bizim səfər proqramımızda asudə saat oldu, nə də Aydın müəllimin telefon nömrəsini tapmağı vəd edən qardaşla yenidən rastlaşa bildik...

71936e83-69a3-48ea-b68d-8d77808bb836.jpg (435 KB)

Xalid Kazımlı, Şabran-Bakı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR