İnsanlara hürriyət, millətlərə istiqlal!

Aya baxanda salavat çevrirən kənddən gələcəyə, Bakıya...

Öz sağlığım bəhanədir,
Yurdum, sənin sağlığına!

Xəlil Rza Ulutürk

*
Tanrı mənim alnıma, torpağının altında qızıl, üstündə qızıl kimi insanlar olan bir dağ kəndində doğulub-böyüməyi yazıb.

Gözümü açandan insanları dağlarla dərdləşib, uğurlaşan, Günün, Ayın doğuşuna salavat çəkən gördüm… Uzaqlara baxanların da əlini qaşının üstündə gördüm. Ora yenə ordadı, çox şükür, kənddə şenlik var amma biz o biz deyilik - artıq yaş o yaş deyil…

Uşaqkən böyük şəhərlər haqqında çox az şey bilirdik. Bildiklərimiz böyüklərdən duyduqlarımızdan, qəzetdən, kitabdan oxuduqlarımızdan, ekran-efirdən görüb-götürdüklərimizdən ibarət idi. – Xəzər qıyısında böyük bir şəhər var, orada böyük binalar, heykəllər, zavod-fabriklər, geniş, işıqlı küçələr, tramvay, trolleybus, metro, hava limanı, dəniz limanı var və əlbəttə, universitet və institutlar var… Yalnız könül limanı olan kənd uşağıyçün bunlar nağıl kimiydi...

Tovuzun ermənilərlə sınırda yerləşən o dağ kəndinin vəziyyətdən gələn hay-haraylılığı və doğadan gələn dincliyi bir-birini uyumlu şəkildə tamamlayırdı - indi də elədir. Təbiətin səsi ilə insanların və insanların işlətdiyi texnikanın səsi “bir-birini incitməyən” qəribə harmoni içindəydi sanki; yəqin yenə də, dağlar çayları incitmir və çaylar dağlara sevgi nəğməsi oxuyur…

Kəndin sükutunda, çağlayışında da, dupduru bulaqlarında, yamyaşıl yamaclarında da kainatın sirli nəğmələri yaşayır, qorunur, böyüyür. - Çox az-az (xeyirdə, şərdə) gedib-gəlsək də, yəqin indi də elə olmalı. Elə bil, insan hər daşdan, hər ağacdan doğmalıq görür, doğmallq öyrənir. Bax, o doğmalıq duyub, görüb-götürdüklərim bir gün məni kənddən uzaqlara, xəyallarımın şəhəri Bakıya uğurladı. Orta məktəbə getdim-gedəli həmin uğurlama üçün oxuyur-öyrənir, çalışırmışam sanıram.

Elə bil kənddən paytaxta gəlməyin bircə yolu varıydı: oxumaq, oxumaq, yenə də oxumaq! - Vəssalam!

Kənddən kənar həyatçün böyüyürdük məgər. Kənddən uzaq düşdüyümüzün ilk həftələrindənsə kəndi özləyir, kəndə dönüşü gözləyirdik… - Nə qəribədir - deyilmi? -

Kəndin doğmalığından, sadəlik və səmimiliyindən, hılə-hələ qohum-qələbədən ayrılmaq asan deyildi, əlbəttə; amma diləklərimiz könlümüzə, könlümüz köksümüzə sığmazdı. Tam da o illərdə bizə öyrədilən dialektik kateqoriləri burada xatırlayalım:

imkan və gerçəklik,
təsadüf və zərurət,
səbəb və nəticə,
sadədən mürəkkəbə...

Xəzərin qıyısına, hekayələri çox uzaqlara yayılan gizəmli paytaxt şəhərinə ali təhsil almağa, həyatımı dəyişməyə gəlmişdim. - Bax, bax, nə gözəl: xəyallarımın şəhəri, xəyallarımdakı ali təhsil imkanı… di gəl, ilk baxışdan bu şəhər mənim Bakım deyildi... Kəndin yayda sərin, qışda alışılmış bulaq suyu əvəzinə paytaxtın xlor qoxuyan “krant suyu”, kənddə dörd yanı saran torpağın, çəmənin-çölün, ağacların yerinə şəhərdə asfaltlar, beton divarlar və s… Üstəlik, çər-çevrədə o illər üçün xarakterik olan yabançı dildə danışanların, soyuq və donuq üzlərin çoxluğu… - Yahu, sanki öz paytaxtıma deyil, başqa bir planetə düşmüşdüm…
Bakıya oxumağa gələn ilk və son adammıydım? - Yox, əlbəttə! Əlbəttə, Bakıdan daha uzaqlara oxumağa, işləməyə gedənlər olmuşdu; lakin XX yüzilin 90-cı illəri öncələr olmamışdı, heç sonralar da olmadı… Dünya qopurdu, tifaq dağlırdı!..

Hər şey üst-üstə, yan-yana, ard-arda gəlmişdi…

Beləliklə, mahiyyəti özündən çox böyük olan balaca kənddən ölkənin ən böyük şəhərinə üz tutan mən, öz gələcəyimə gəlmişdim. Oxuyacaq, öyrənəcəkdim. Di gəl, keçidlər, dəyişimlər, fərqliliklər aram-aram deyil, birdən-birə - sanki qoşun-ləşkər kimi tökülmüşdü meydana…

Plan-proqramlı, kitab-dəftərli şəkildə beynimizə yeridilmiş hakim ideologiya birdən-birə mənasız hala gəlmiş, hakim ideoloji şüarların puçluğu dərin bir boşluq yaratmışdı…

Bir yeniyetmə üçün bu dəyişimlərin sağlıqlı idrakı bir yana, nümayişi, təntənəsi, müşahidəsi belə çox ilginc hətta bir xeyli qərib idi. Suallar getdikcə çoxalırdı; öz könlünü özünə ümid tapınağı edib yaşamaqdan başqa yol qalmamışdı…

Əslində, Bakı da o illərdə öz doğmalığını axtarırdı. 20 Yanvarın yaraları hələ sağalmamışdı. Şəhər şəhidlərin son sözlərini, son baxışlarını, habelə Göyçədən, Zəngəzurdan, İrəvandan… (bunlar azmış kimi, bir də, Qarabağdan) didərginlərin ağrısını öz canına hopdurmuşdu.

Müstəqillik xəyalı gerçəkləşsə də, çoxlu suallarla dolu ağır bir keçid dönəmi gəlmişdi. Qarabağda kəndlər ard-arda işğal olunurdu… Bakı - ölkəmizin ürəyi yaralıydı amma məğrurluğunu itirməmişdi!

Bakı yorulmuşdu, çox yorulmuşdu. Məsələ də ondaydı: bütün yorğunluqlara, götürə biləcəyindən artıq yükünə baxmayaraq, məğrurdu Bakı, ləyaqətli və məğrur!

Zaman-zaman yad libaslar geydirilmiş paytaxt öz ruhunu, qürurunu, tutqusunu, yaddaşının dərinliyini itirməmişdi!.. Bakı öz içindəki ruh gücünə dayanmışdı! Suları atəşlə rəqs edən, məbədinə Atəşgah, dağına Yanardağ, qalasına Qızqalası deyilən, Günü Xəzərin bağrından doğan Abşeron torpağının ruhi energetikası, kəraməti bərəkətindən az deyil…

Bunlar öz yerində, öz göyündəykən, qıyıların gerçək, üfüqlərin xəyal olduğunu qəbullanmağa başlamışdım. Böyük xəyalı olmayanın böyük gələcəyi olmaz - bunu xalüımızçün düşünürdüm. Respublika xəritəsinə baxınca, şahə qalxan qartalın dimdiyini Xəzərə batırırmış kimi görünməsi də, Abşeron yarmadasının Xəzrili, Gilavarlı havası da, “havalıyam havam çatmır” ovqatı da, o illər bir başqaydı. Çünki ictimai-siyasi, mədəni-mənəvi hava - hava nədir, bütövlükdə iqlim dəyişirdi…

Bəli, illər o illər, yaşlar o yaşlar idi. Bir tərəfdən kənddən şəhərə, bir tərəfdən də imperiyadan müstəqilliyə keçidin ağırlığını, gənc ömürlərə yüklədiyi dəyişik məsuliyyəti hiss edirdim. Hər şey yenidən başlamışdı: münasibətlər, yollar, hətta arzular belə... Ruh halımı taraz saxlayan, ovqatımı təmin edən əsas hadisənin ən ümumi adı isə ümid idi - gələcəyin vicdanına ümid!

Həmin illərdə Bakı mənimçün bir şəhərdən daha çox, ürək kimiydi - qırılmış, amma yenidən özünəgələn ürək! Bu ürəyin hər döyüntüsündə hikmət vardı.

Bakının küçələrində, yad üzlər arasında doğmalıqları aradım və buldum. Yazmağa başladım, çalışdım Bakının ritmini, ahəngini tutam - bəlkə hamıdan tez, illa hamıdan fərqli… İddiamın haqqını verib-verməməkdən asılı olmayaraq, o alqoritmi axtarmağın özü bir qutlu ruh halıydı və də özəldi, gözəldi!..

Bəli, bir paytaxt nələri edərsə, bizim Bakı da onları etdi: öyrətdi, bəslədi, yoğurdu... Çətinlikləri ilə, küləkləri ilə, yaddaşını itirməyən tarixi ilə yeni sakinlərini də özü kimi möhkəm etdi Bakı.

Kəndin sakitliyini, uşaqlıq illərinin sadəliyini heç unutmadım; amma istəsən də, istəməsən də, həyat dəyişiklər toplusudur, əslində. Əslində, Bakı mənim dəyişən dünyam oldu. Bəs insan keçidləri necə aşar? Cavab sadədir: ümidlərin şahlanışı, yaradıcı ruhun oyanması ilə! Və təbii, həyatın gətirdiyi yeniliklərə biganə qalmayaraq.
Bakı mənim yaddaşıma yetkinlik, zənginlik qatdı...

Bakı mənə ilk baxışda yad gəlsə də, sonralar anladım ki, o, bir şəhərdən daha artıqdır. Bakı yaşamağın, mübarizənin və də anıların özüdür.

Mən Bakını, onun qırılmış ürəyini, yorğun ruhunu özümə doğma bildim. O yaralı ürəkdə özümü də tapdım. - Qələmlə kağızın qardaşlığı mənim paytaxtla daha tez doğmalaşmağıma yardımçı oldu.

Bu gün Bakının küçələrində addımlayarkən o ilk illəri xatırlayıram. İlk dəfə 35 il öncə, 17 yaşımda gördüyüm yaralı şəhər indi Zəfər qazanmış ölkənin sağlam ürəyi olaraq döyünür. Şəhərin ritmi kimi, indi 50 yaşı keçmiş mənim ürəyimin ritmi də dəyişib: hər ikisi bir-birini tamamlayan xatirələrlə doludur…

Bakı – hər çətinlikdən qalxmağı bacaran bir şəhər!

Bu paytaxt şəhəri öyrətdi ki, keçidiləri sevgi, ümid və mübarizə ilə aşmaq mümkündür.

Bakını sevənlər onsuz yaşaya bilməz – özümdən bilirəm…

Bakı mənim ikinci vətənim deyil, Vətənimin paytaxtıdır: 530 yaşlı ustadlar-ustadı necə deyirdi? -

“EDƏMƏM TƏRK, FÜZULİ, SƏRİ-KUYİN YARIN,
VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM”!..

- Füzulinin beytini Bakıya şamil etsək, o, Bakının bizimçün yalnız coğrafi bir məkan deyil, həm də mənəvi və mədəni bir ünvan olduğunu ifadə edər. Bakını – onun ruhunu və tarixini, küçələrini, qıyısını tərk etmək şəxsən mənim üçün çox çətindir. Bakıya olan mənəvi bağlılıq və sevgi bir başqa vüsət, ricət doğurur. Şəhərin ruh gücünü duymamaq mümkün deyil.

“Vətənimdir!” təkrarı - hissi gücümüzü, Bakının sadəcə bir yaşayış yeri deyil, Azərbaycanın kiçik modeli olaraq, milli kimliyimizi və mənliyimizi formalaşdıran, hiss və düşüncələrimizə həyat verən doğma ocaq olduğunu ifadə edir.

Bakını təkcə fiziki gözəllikləri ilə deyil, ruhumuzla duya, oxuya, anlaya bilərik…

Deyirlər, Bakının əsl etimoloji anlamı baxmaqdan, baxı yeri olmaqdan gəlir - dənizdən gələnləri gözləmək, gözətləmək, uzaqlardan gələnləri ilk baxıb görmək yeri olan yüksək təpələrinə xatir Bakıymış Bakı… Və dənizdən gələnlər də o yüksək təpədəki işığa baxıb, sahilə doğru yön alırmış yəqin. Bakı indi yalnız mavi Xəzərə deyil, “Mavi Vətən”imiz daxil, Bütöv Azərbaycana baxdığımız yerdir!

Tanrı mənim alnıma, torpağının altında qızıl, üstündə qızıl kimi insanlar olan bir dağ kəndində doğulub-böyüməyi yazdığı kimi, ömrün qalanını torpağının (və hətta suyunun!) altında qara qızıl, üstündə qızıl kimi insanlar yaşayan şəhərdə yaşamağı yazıb…

Olsun! Bakımız baki olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

WhatsApp Image 2025-01-11 at 23.29.30.jpeg (250 KB)

Əkbər QOŞALI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

11 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR