İnsanlara hürriyət, millətlərə istiqlal!

Əgər başçı qulunc olsa...

Uca millətimizin ipinin üstünə odun yığmaq mümkün deyil. Lerikdə gənc icra başçısı əhali ilə görüş keçirilən otaqda 2 ədəd elektrik qızdırıcı işlədib, aləm dəyib bir-birinə. Gah deyirlər xalq soyuqdan donur, meşədə ağac qalmayıb, bu isə özünü isti saxlayır. Gah yazırlar niyə ora qaz xətti çəkilməyibdir. 

Sanki başçı xəstələnib sətəlcəm, meningit, kovid, pnevmovirus, ebola, nə bilim, iraq-iraq, vəba və vərəm olsa xalqa bunun hansısa xeyri dəyəcəkdir. Məsələn, bizim rayonda başçı asqıranda hamımız qrip oluruq, çünki xalqla icra hakimiyyəti arasında o qədər sıcaq əlaqə yaranıbdır. Əminəm Lerikdə də belədir. 

Bunu xüsusi vurğulayıram. Çünki ağlınız başqa peşələrə getməsin, icra hakimləri xalqa ən çox, bəzi mənbələrə görə, şah damarından da yaxın administrativ orqandır, onların yoluxucu xəstəliyə tutulması məhz xalqın zərərinədir. Ona görə də polis rəisi, prokuror, JEK müdiri, rayon təhsil şöbəsinin müdiri, rayon xəstəxanasının baş həkimi, hərbi komissar, AYB rayon şöbəsinin sədri və sairə yoldaşların otağında, görüş yerlərində hansı temperatur var, heç vecimizə deyil. Əsas başçıdır. 

Baş demişkən, problemə elmi yanaşma vacibdir. Siz insanda ən çox enerji işlədən orqan hansıdır, bilirsinizmi? Yox, ora deyil... Beyindir. Dünya alimlərinin rəyinə görə insan beyni orqanizmin kalorisinin, enerjisinin gündə ən azı 25 faizini işlədir. Halbuki, bədəndə çəkisi cəmi 2 faizdir! 

Daha aydın olsun deyə misalla yazıram: əgər 4 şiş kabab yesən bunun azı 1 şişi beyinə gedir. Ən maraqlısı odur ki, beyin hətta işləməyəndə belə bədənin 10 faiz enerjisini yeyirmiş! Yəni, heç zad fikirləşmədən otur, tavana bax, 10 faiz gedir. (Dövlət qulluqçularımızın əsas məşğul olduqları iş budur). 

Niyə bunu yazıram? Əlbəttə, adından göründüyü kimi, icra başçısı başdadır! Deməli ən çox enerji itkisinə də onlar məruz qalır. AMEA Baş-ayaq Araşdırmaları Mərkəzinin (BAaM) analizləri vardır, əgər bir orta statistik adam heç zad fikirləşməyəndə 10 faiz enerji yandırırsa, icra başçıları belə vəcd, nirvana durumunda 70, bəzən hətta 80-85 faiz kalori sərf edə bilirmiş! İnanılmazdır. Ancaq inanmağa məcburuq - alimlərimiz hesablayıb. 

Kalori çox işlədəndə isə insan üşüyür. Ona görə icra hakimləri daim elektrik enerjisinin himayəsində olmağa məhkumdur. Bir növ, kriptovalyuta mayninqi stansiyası kimi varlıqdırlar. 

Həmçinin, yuxarıda yazdığım kimi, başçı qulunc olsa, guya bizə xeyri var? Dahi klassikimiz demişkən, qulunc adamı mütləq ovuşdurmaq və o işə də məhrəm adam lazımdır, gərək hansısa məşədinin 9 yaşlı qızı Sonanı siğə eləsin və sairə.  

Mövzu elmə yönəlmişkən, akademik, AMEA sabiq prezidenti Akif Əlizadənin Ətağanın cəddi haqda açıqlamasından bəzi hissələri çap edib nöqtə qoyuram: “Mən özüm həyatımda onun cəddini hiss etmişəm. Bir dəfə Yuqoslaviyaya ezamiyyətə getmişdim. Belqradda bir həftə gəzdim. Elə oldu ki, bütün pullarımı xərclədim. Səhər uçmalıyam, cibimdə bir qəpik də qalmayıb. Amma fikirləşdim, eybi yox, hoteldə səhər yeməyini yeyəndən sonra onsuz Moskvaya uçasıyıq. Orada xərcləməyə rublum var idi. Səhər oyandıq, gördük dumandan göz-gözü görmür. Aeroporta gəldik, dedilər ki, uçuş təxirə salınıb. Başladım, Mir Mövsüm Ağanın cəddinə yalvarmağa. Özüm də susamışam. Hə, dua edirəm. Bir də gördüm, bir gün çıxdı... Gözlərim yaşardı. Dedilər samalyot gəlir, sevinc doldu ürəyimə. Olub, çox olub. Əşşi, birini də danışacam. Burda direktor olduğum vaxtlardır, Amerikaya səfərim var. Sabah Amerikaya uçmalıyam. Pirşağıda bağda hovuz düzəltmişəm. Hovuza düşmək üçün usta deyib nerjoveyka pilləkən lazımdır. Bir aydır axtarıram. Hara özümü vururam, tapa bilmirəm. Usta da tələsdirir, narahatam ki, işim qalacaq. Şoferə dedim, sür Sabunçuya, orda bir təsərrüfat mağazası var, ora baxaq. Seyid, təsərrüfat mağazasına çatar-çatmaz gördüm orda dörd dənə mən istəyən nerj. Dördü də bir-birinin yanında qoyulub, gəl apar... Cəddin çağırmışdım! Kömək elədi. Aldım apardım, ustaya verdim, mən gəlincə Amerikadan, düzəltdi qoydu yerinə...” (Bu fısqırıq intervü APA-da çıxmışdır). 

Ey yerin-göyün, kəndli və icra başçılarının Tanrısı, akademiklərimizi nerjaveyka üzünə həsrət qoyma, ilahi, amin, yazdı Zamin.  




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

11 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR