İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP boykotu seçdi, seçkiyə qatılanları şantaja keçdi

YAP deputatı bu partiya rəhbərliyini siyasətdən getməyə, üzvlərini isə onlara qarşı çıxmağa çağırdı 

Ötən həftəsonu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərində iştirak etməmək qərarı verib.  Bu barədə qərar partiyanın Ali Məclisində elan olunub. AXCP  qərarını “azad rəqabət və seçki mühitinin olmaması” ilə  izah edib. 

Məlumatlara görə, bu qərar  verilməzdən əvvəlki günlərdə də AXCP-nin trolları seçkidə iştirak qərarı vermiş  partiyaları, xüsusən də Müsavat və REAL partiyalarını hədəf alıblar. 

“Əgər qərarını elan edirsənsə, digər qərarlara da sayğı ilə yanaşmırsansa, bu, peşəkarlıqdan və səmimiyyətdən uzaqdır”. Bunu isə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı facebook hesabında yazıb.

O qeyd edib ki, hər bir partiya öz siyasətini özü müəyyən edir: “Müsavat Partiyası seçkidə iştirak etməyənlərin (iştirak etməyənlərin bunu boykot adlandırması siyasi və hüquqi mənada savadlı görünmür) qərarlarına hörmətlə yanaşdığını bildirib. Onların da səbəblərini tutarlı hesab etməklə yanaşı, seçkidə iştiraka üstünlük verdiyini göstərib. Siyasi etika da bunu tələb edir ki, hər bir partiya öz siyasətini özü müəyyən edir. İtirsə də, qazansa da xalq və üzvləri qarşısında məsuliyyət özünündür. Kim düz edir, kim səhv edir, seçici və cəmiyyət qiymətləndirəcək. Bir-birini təftiş etmək nə cəmiyyətə, nə də kimsəyə fayda verməz”.

S.Soltanlı bildirib ki, seçkiyə qatılmağı hakimiyyətlə iş birliyi kimi qiymətləndirmək vicdanlı davranış deyil: “Tam əksinə, hansı qərar verdiyini xalqla müzakirə etmək, cəmiyyətin maraqları ilə partiya maraqlarını uzlaşdırmağa çalışmaq o qədər normal işdir ki, burada heç bir əlavə müdafiə nitqinə ehtiyac yoxdur”.

NƏSİROV Elman Xudam oğlu

Elman Nəsirov

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, növbədənkənar parlament seçkilərinin ən mühüm özəlliyi ölkəmizdə qeydiyyatda olan siyasi partiyaların demək olar hamısının prosesdə iştirak etmək niyyətini ortaya qoymasıdır:  “MSK-nın verdiyi ən son məlumata görə,  13 siyasi partiyadan 168 nəfər seçkilərdə iştiraka qərar verib.  Bu, hələ 15 iyula olan məlumatdır. Əvvəlki seçkilərə qatılmayan siyasi partiyalar da bu seçkilərdə fəallıq ortaya qoyurlar. Söhbət ilk növbədə Müsavat və REAL-dan  gedir. Onlar bu seçkidə iştirakları ilə həm də özlərinin potensialını bilmək istəyirlər ki, nə qədər seçici onları dəstəkləyir, hansı gücə, imkana malikdirlər. Amma təəssüf ki, AXCP yenə öz köhnə ampluasındadır, seçki prosesinə qatılmır, seçkini boykot edir. Halbuki bu partiya və onun siyasi rəhbərliyini xalq çoxdan boykot edib. Seçki unikal şansdır ki, partiya öz gücünü göstərsin. Xalq Cəbhəsi Partiyası sinəsinə döyür ki, böyük seçici auditoriyam, güclü sosial bazam var. Bunu yoxlamaq üçün seçkidən gözəl şans yoxdur. Qatılın seçkilərə və bilin ki, əslində arxanızda nə qədər insan dayanır, sizin nə qədər  nümayəndəni parlamentdə görmək istəyir. Ancaq onlar seçkiyə qatılmırlar və ənənəvi  bəhanələri var ki, azad  seçki mühiti yoxdur. Bu, əslində gücsüzlüyün acı etirafıdır. Bunun başqa adı yoxdur. Güclü siyasi partiyalar belə davranmırlar. Güclü siyasi partiyalar siyasi proseslərə qatılır və hətta öz şərtlərini, güclərini ortaya qoya bilirlər. Amma AXCP-nin sosial bazası, bu partiyaya xalqın etimadı yoxdur. Bu partiya İkinci Qarabağ müharibəsində bütün siyasi partiyaların ümummilli vahid mövqe ortaya qoymasından da kənarda qaldı. Xalqımız gözəl bilir ki, Xalq Cəbhəsi Partiyasının əsl niyyəti, xisləti nədir, bu partiya hansı anti-Azərbaycan dairələrə xidmət edir. Həm də xalqımız onun fərqindədir ki, seçki kimi öz gücünü göstərmək üçün unikal imkanın verildiyi bu şəraitdən onlar bəhrələnmir, amma qarşılığında trollar ordusu yaradır və seçki prosesinə qatılan partiyalar, həmin partiyaların liderlərinə qarşı çirkin oyun həyata keçirirlər.  Hansı siyasi partiya seçkiyə qatılıb onları xəyanətkar adlandırmaq həmin partiyalara böhtan və təhqirə yol verilməsi əməlidir. Xalq Cəbhəsinin trolları həm də cinayətə yol vermiş olurlar”.

Deputat qeyd etdi ki, seçkidə iştirak etmək, seçki ilə hakimiyyətə gəlmək iddiasını ortaya qoya bilmək iqtidarında olmayan AXCP siyasi meydanı tərk etməlidir: “Partiya seçkidə iştirak etmirsə, nəyə lazımdır? Heç nəyə. Siyasi meydanın künc-bucağına sığınmasınlar, o künc-bucağı da tərk etsinlər. Xalq da görsün ki, siyasi meydanda kimlər var. Ona-buna şər atmaqla fəaliyyət göstərmək olmaz. AXCP-nin rəhbərliyi birmənalı şəkildə istefaya getməlidir. Çünki 30 il ərzində onlar heç bir siyasi güc, qüvvə ortaya qoya bilməyiblər və xalqın gözündən düşüblər. Kimlərsə onları seçkilərdə müdafiə etmək istəyirdilərsə belə, həmin şəxslər hər dəfə bu şansı əldən verir və seçki prosesinə qatılmırlar, seçkiyə qatılan hər kəsi ittiham edirlər. Ona görə də AXCP-nin rəhbərliyi istefaya getməli, üzvləri isə papaqlarını qarşılarına qoyub düşünməlidirlər ki, ömürlərini heç bir siyasi perspektivi olmayan şəxslərin yanında çürütməyə dəyərmi?!  Bu sualları AXCP üzvlərinin vermək məqamı gəlib. AXCP-nin rəhbərliyi istefa verib siyasətdən getsələr, bəlkə də bütün siyasi fəaliyyətləri dövründə ən ağıllı qərar vermiş olardılar”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR