İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobillərdəki "səssiz qatil" - sürücü və sərnişinlərə XƏBƏRDARLIQ!

Ekspert: “Xüsusilə qapalı mühitdə uzun məsafə gedərkən avtomobilin yoxlanışlardan keçməsi önəmlidir”

Qubada iki nəfər faciəli şəkildə ölüb. Məlumata görə, gecə saatlarında 1987-ci il təvəllüdlü Mehyəddin Məmmədov və 1992-ci il təvəllüdlü Aysel Əzizova qarajda olan minik avtomobilində görüşüblər. Avtomobilin kondisionerinin işlək vəziyyətdə olması qarajda dəm qazının yığılmasına və faciəyə səbəb olub. 

Hər iki şəxsin meyiti səhər saatlarında aşkarlanıb. Faktla əlaqədar rayon prokurorluğunda araşdırmalar davam etdirilir. 

Bəs hansı hallarda avtomobillərdə dəm qazı yaranır və həyat üçün təhlükə mənbəyinə çevrilir? “Səssiz qatil” maşının salonuna hansı hallarda daxil ola bilər? Tutaq ki, istidə, qapalı minik avtomobilində kondisioner işlək halda neçə saat fasiləsiz yol getmək olar? 

Orkhan Musayev LinkedIn'de: #sətəm #təhlükəsizlik #əkinçi #orxanmusayev

 Orxan Musayev

Təhlükəsizlik eksperti Orxan Musayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Dəm qazından zəhərlənmə halları əsasən soyuq havalar yaxınlaşdıqca çoxalır. Lakin bu kimi halların isti havalarda da baş verməsi bəzən təhlükəsizlik qaydalarına riayət etmədikdə qaçılmaz olur. Dəm qazı, yəni karbon monoksid gözəgörünməz, rəngsiz, iysiz və özünəməxsus dadı olmadığına görə onu dəm qazı sızması zamanı müşayiət edib yayınmaq çox çətindir. 

Dəm qazı çox güclü zəhərləyici xüsusiyyətə malikdir.  Bir neçə saniyə ərzində insanın həyatına son qoya bilir. Dəm qazından zəhərlənmə hallarının adətən yaşayış yerlərində baş verdiyinin şahidi olmuşuq. Lakin dünya təcrübəsində avtomobillərdə də istilik, yaxud soyutma sisteminin qoşulması zamanı dəm qazından zəhərlənmə hallarını müşahidə etmək mümkündür. 

Baş verən bu halların müxtəlif səbəbləri var. Avtomobillərdə dəm qazından zəhərlənmə hallarının səbəbləri çoxdur: maşında katalizatorun işlək vəziyyətdə olmaması, avtomobilin mühərrikində hər hansı nasazlığın olması səbəbindən salona dəm qazının sızması, qapalı məkanlarda, əsasən də qaraj tipli yerlərdə avtomobilin saxlanılması və avtomobil mühərrikinin açıq vəziyyətdə işlədilməsi, yaxud uzunmüddətli soyutma və isitmə sistemlərinin işlədilməsi, bununla bərabər avtomobili şüşələrinin tam qapalı vəziyyətdə saxlanılması. Uzun məsafə gedərkən bu cür halların baş verməsi ehtimalı yüksək olur. 

Avtomobilin qızdırıcı sistemində nasazlıq varsa, qızdırıcı sistem uzun müddət qapalı mühitdə işlək vəziyyətdə olarsa, bu zaman yanacaqdan ayrılan dəm qazını nəqliyyat vasitəsinin salonuna sızma ehtimalı yüksəkdir. Soyutma və istilik sistemlərini işlək vəziyyətsə saxlayıb yatmaq, yaxud uzun müddət əyləşmək ölümlə nəticələnə bilər. Qaraj tipli yerlərdə soyutma və isitmə rejimi işlək vəziyyətdədirsə, mütəmadi olaraq havalandırmanı təmin etmək lazımdır ki, hava sirkulyasiya etsin. 

Bu kimi hallardan yayınmaq üçün ümumi təhlükəsizlik qaydalarına riayət edilməli, avtomobilin texniki sazlığı, xüsusilə də dəm qazı sızması yarada bilən qurğular mütəmadi olaraq yoxlanılmalıdır və daim saz vəziyyətdə olmalıdır. Xüsusilə uzun məsafə gedərkən avtomobilin yoxlanışlardan keçməsi önəmlidir. Ümumiyyətlə, qaraj tipli qapalı məkanlarda avtomobilin işlək vəziyyətdə saxlanılaraq soyutma və isitmə sisteminin qoşulması insanın həyatı üçün çox böyük təhlükədir". 

Ekspert əlavə edib ki, dəm qazından zəhərlənmənin müxtəlif əlamətləri var: “Bunlar başağrısı, başgicəllənmə, ürəkbulanması, halsızlıq kimi hallar ola bilər. Zəhərlənmə halı baş verərsə, mütləq zərərçəkmişi təmiz havaya çıxarmaq lazımdır, yəni təmiz hava ilə nəfəs alma təmin olunmalıdır və təcili tibbi yardım çağırılmalıdır”.

Həkimlər qeyd edir ki, hələ dünyaya gəlməmiş körpələr, uşaqlar, yaşlılar, ürək xəstəliklərindən əziyyət çəkənlər dəm qazına qarşı daha həssas olur. Dölün qan hüceyrələri karbonmonoksiti böyüklərin qan hüceyrələrindən daha asan qəbul edir. Bu, doğulmamış körpələri karbonmonoksit zəhərlənməsinə daha həssas edə bilər. 

Uşaqlar böyüklərdən daha tez-tez nəfəs alır, bu da onları karbonmonoksit zəhərlənməsinə daha həssas edə bilər. Karbonmonoksit zəhərlənməsi keçirən insanlarda beyin zədələnməsi riski daha yüksək ola bilər. Anemiya və ya tənəffüs problemi olan insanlar da karbonmonoksitə məruz qaldıqları zaman ağır zəhərlənmə baş verə bilər. Dəm qazından zəhərlənmə zamanı, daimi beyin zədəsi, ürəyin zədələnməsi, dölün ölümü, ölüm halı və s. ağır fəsadlar baş verə bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR