İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobuslar karta keçib, terminal aparat azlığı isə problemə çevrilib- Narazı sərnişinlərə rəsmi CAVAB

Paytaxtda bir çox avtobus dayanacaqlarında “Bakıkart” terminalları yığışdırılıb. Onların yerində isə sadəcə karton qutular qalıb. “Bakıkart” terminalı olmadığına görə sərnişinlər ya başqa bir sərnişinə 30 qəpik verib avtobusdan istifadə etməli olurlar, ya da piyada uzun yol qət edirlər ki, “Bakıkart” ödəmə terminalı tapıb, kartın balansını artırsınlar.


Musavat.com xəbər verir ki, bu səbəbdən demək olar ki, hər gün pik saatlarda sürücülərlə sərnişinlər arasında mübahisə yaşanır. Bu mübahisə bəzən təhqirə, davaya da keçir. Məsələn, ötən gün (8 aprel) 62 nömrəli avtobusda qeyd etdiyimiz mövzu ilə bağlı sərnişinlərlə sürücü arasında ciddi mübahisə yaşanıb. Sürücü aparatların qoyulmasında səlahiyyətli olmadığını bildirsə də, sərnişinlər problemi müdiriyyəti qarşısında qaldırmağı tələb edirdilər.



Terminala həsrət ərazilərdən biri Yasamaldır. Yasamal rayon, Şəfaət Mehdiyev küçəsində avtobus dayanacağında “Bakıkart” terminalı olmadığı üçün sərnişin ən azı 4-5 dayanacaqlıq yol qət etməlidir ki, gedib ödəmə terminalı tapsın. Lakin sərnişin həmin məsafəni qət edərkən artıq “Elmlər Akademiyası” metrostansiyasına gəlib çatır.
Sərnişinlər deyirlər ki, artıq metrostansiyalardan başqa digər yerlərdə, xüsusilə dayanacaqlarda “Bakıkart” balansını artırmaq üçün ödəniş aparatı tapmaq qeyri-mümkündür. Olanlar isə işləmir...

Şikayətçi sərnişinlər qeyd edirlər:

"Paytaxtın bəzi mağazalarında kassirlərin köməyilə kart balansını artırmaq olur. Lakin bu zaman kassaların önündə uzun növbələr yaranır və bu da sərnişinlərin vaxt itkisinə gətirib çıxarır.
“MilliÖn” ödəmə terminallarında 2021-ci ildən etibarən edilən yeniləmə ilə “BakıKart” balansını artırmaq mümkündür. Amma paytaxtın bir çox yerlərində quraşdırılan bu terminallarda hələ də bu funksiyadan istifadə etmək olmur. Buna səbəb isə aparatların pul saxlama yerinin vaxtı-vaxtında boşaldılmaması göstərilir",- deyə durumdan narazı paytaxt sakinləri saytımıza şikayətlərində bildiriblər.

Bəs avtobus dayanacaqlarrındakı ödəmə terminalları niyə yığışıdırılıb və ya işləmir? Buna səbəb nədir? Vətəndaşlar bu zaman nə etməlidirlər?

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Musavat.com-a açıqlamasında dayanacaqlarda həmin terminalların götürülməsinin texniki problemlər səbəbindən olduğunu bildirib:
“Vətəndaşların nəzərinə bir daha çatdırmaq istəyirəm ki, onlar dayanacaq məntəqələrində ödəmə terminallarının olmamasını “Bakıkart” balansını artırmaq imkanlarının məhdudlaşdırması kimi qiymətləndirməsinlər.. Çünki hazırda tam əksinə, 2021-ci ildən bu günə qədər sərnişinlərin “Bakıkart” balansını artırmaq imkanları daha da genişləndirilib. Hətta sentyabr ayından etibarən sərnişinlərin “Bakıkart” balansını daha rahat artırması üçün müasir texnologiyalara əsaslanan internet portalı istifadəyə verilib. Bu vasitə ilə sərnişinlərimiz kart balansını daha rahat artıra bilirlər”, - deyə o qeyd edib.



Mais Ağayev eyni zamanda “MilliÖn” terminalları ilə bağlı problemə də aydınlıq gətirib:

““MilliÖn” ilə bizim ilk razılaşdığımız zamanlarda bütün “MilliÖn” terminallarında kart balansını artırmaq olmurdu. Çünki birdən-birə “BakıKart” sisteminə inteqrasiya ötürülə bilmir. Bunu da qeyd edim ki, əvvəllər Bakı şəhərində 197 “MilliÖn”, 50 “Bakıkart” terminalı var idi və həmin terminallar avtobus dayanacaqlarında quraşdırılmışdı, sərnişinlər də harada yaşamasından asılı olmayaraq avtobus dayanacağına gəlib, kart balanslarını artıra bilərdilər. Lakin birgə iş nəticəsində bu gün Bakı şəhərində olan bütün “MilliÖn” terminalları vasitəsi ilə “Bakıkart” balansını artırmaq olar. Nəzərinizə çatdırım ki, hazırda bu terminalların sayı 1400 ədəddir. Təkcə avtobus dayancaqlarında deyil, bütün ticarət mərkəzlərində, hətta məhəllə marketlərində belə “MilliÖn” terminalları var. Ona görə də burada hər hansısa məhdudlaşdırılmadan söhbət getmir”.

Mais Ağayev onu da qeyd edib ki, “MilliÖn” aparatlarında “Bakıkart” balansını artırmaq həm də sərnişinlərin vaxtına qənaət etməkdə köməklik göstərir.

Ləman Rüfətqızı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR