İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobuslar gecikir, sürücülər isə “bizdən interval soruşmayın” deyir

BNA rəsmisi: “İntervallarındakı gecikmələr birbaşa yollardakı nəqliyyat şəraiti, tıxacla bağlıdır”

Sərnişinlər 1 və 40 nömrəli marşrut üzrə hərəkət edən avtobusların intervalından narazılıq edirlər. Qeyd edirlər ki, hər gün istədikləri yerə gedib vaxtında çata bilmirlər. Çünki avtobuslar çox gec gəlir. Bizimlə söhbətdə Bakı sakini Aydın Əliyev deyir ki, 1 nömrəli avtobusu yarım saatdan çox gözləməli olub: “Şənbə günü bir avtobus niyə bu qədər geciksin?! Yolda tıxac da olmur. Əgər tıxac olsaydı, həmin istiqamət üzrə M1, 13 nömrəli və digər avtobuslar rahatlıqla gəlməzdi. Təsəvvür edin, “Şəfa” stadionunun qarşısında ayaq üstə dayanmaqdan bir təhər olduq. Sürücüdən intervalı soruşanda da əsəbləşir Deyir məndən intervalı soruşmayın”.

Digər sakin isə 40 nömrəli avtobusdan şikayətçidir. Onun sözlərinə görə 25 dəqiqədən sonra gələn avtobus sürücüsü “sizdə interval neçə dəqiqədir”-sualına cavab vermir: “İkinci sualdan sonra saymazyana “bilmirəm” deyib, enerji içkisini başına çəkir. Bitirəndən sonra boş qabı dayanacağın qarşısına çırpır, şaqqıltısından bütün sərnişinlər diksinir. “Ay sürücü, o tullantını niyə ora atdın”-sualına iki dəfə “zor elədim” cavabını verir”. Avtobusda iynə atsan, yerə düşməz, səbəb isə gecikmədir”.
Qeyd etmək yerinə düşər ki, illərdir bu problemlər səsləndirilir, amma həllini tapmır ki tapmır. Son günlər isə bununla bağlı şikayətlərin sayı daha da artıb.

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a dedi ki, vaxtaşırı ictimai nəqliyyatda monitorinqlər aparır:

1605986366_hokm_9cd4f09b16412c9f4d81a47f560de41a_ha3czfy8k9i0blj1uq4t_1662102192.jpg (18 KB)

“Mənim müşahidələrimə görə marşrut uzunluğu 40 kilometr olan bir marşruta təxminən 10 avtobus buraxılır. Halbuki bura ən azı 20 avtobus buraxılmalıdır. Belə olan halda avtobuslarda intervallar da artır. Vətəndaşlar saatlarla avtobus dayanacaqlarında avtobus gözləməli olurlar. İnkaredilməz bir faktdır ki, Bakıda ictimai nəqliyyatda marşruta buraxılan avtobusların sayı azdır. Bunu müvafiq qurumlar özləri də etiraf ediblər. Daşıyıcı şirkətlər də yayda bu haqda xəbərdarlıq etmişdilər. Sırf avtobus çatışmazlığı səbəbindən məsafə artır, vətəndaşlar dayanacaqlarda çox gözləməli olurlar. Bu heç də ürəkaçan hal deyil. Bizim məqsədimiz ondan ibarətdir ki, ictimai nəqliyyata daha çox üstünlük verək. Eko-sistemin yaxşılaşdırılması məqsədilə Bakıda fərdi avtomobillərdən istifadə azaldılsın, vətəndaşlar daha çox ictimai nəqliyyata üstünlük verilsin. Lakin bu hallar şərait yaratmır ki, biz məqsədlərimizə çata bilək. Bu gün müvafiq qurumlar sözdə başqa cür cavab verirlər, əməldə isə biz bunun tamamilə əksini görürük. Onu da qeyd edim ki, bir neçə ay ərzində bu problemi həll etmək mümkündür. Bunun üçün sadəcə marşruta buraxılan avtobusların sayını artırmaq lazımdır. İctimai nəqliyyatda işləməyi bacaran özəl daşıyıcı şirkətləri cəlb etmək lazımdır. Bu gün təəssüflə qeyd etmək lazımdır ki, ictimai nəqliyyatda çalışan bəzi özəl daşıyıcı şirkətlər ümumiyyətlə müasir ictimai nəqliyyatda sərnişindaşımaya uyğunlaşa bilmirlər. Köhnə avtobusların bərbad vəziyyətdə olması, sürücülərin o qədər peşəkar olmaması, avtobus saylarının az olması ictimai nəqliyyata böyük zərbə vurur”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Musavat.com-a mövqeyini bildirdi. O dedi ki, son vaxtlar avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi şəhərdə pik həddə çatan avtomobilləşmədən qaynaqlanan tıxac problemidir:

mais-agayev.jpg (34 KB)

“İstər 1, istərsə də 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar olsun, onların intervallarındakı gecikmələr birbaşa dediyim kimi yollardakı nəqliyyat şəraiti, tıxacla bağlıdır. Bu kimi hallar bir daha xüsusi avtobus zolaqları ilə bağlı məsələnin aktuallığını ortaya çıxarır. Bütün marşrut şəbəkəsi boyunca avtobus zolaqlarının təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq. Yəni mövcud vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikə əməl olunmamasının yaratdığı mənzərədir. Avtobus sayına gəldikdə isə, bu sahədə də müəyyən çatışmazlıqların olması reallıqdır. Amma avtobus sayının artırılması da çıxış yolu deyil. Hansı ki, onsuz da xətlərə yetərincə avtobus çıxarılır”.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR