İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriya qaz pulunun rublla ödənilməsi barədə Rusiyanın şərtini qəbul edib

Vyana qaz tədarükü haqqının yeni ödəmə sxemi barədə Rusiyanın şərtini qəbul edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

“Avstriya da Almaniya kimi Rusiyanın ödəniş şərtləri barədə tələbini qəbul edir. Danişiqlar zamanı Vladimir Putin qaz tədarükünün bundan sonra da davam edəcəyini və ödənişin avro ilə həyata keçirilə biləcəyini deyib. Bu vəziyyət bizim üçün dəyişməyib”, - deyə Avstriyanın hökumət başçısı bildirib.

Öz növbəsində qazın Avstriyaya fasiləsiz verildiyini təsdiqləyən energetika naziri Leonore Gevesslerin sözlərinə görə, bu il Rusiya qazı olmadan qışa qədər anbarları doldurmaq mümkün deyil.

Rusiya Prezidenti Vladimir Putin martın 23-də imzaladığı fərmanla aprelin 1-dən etibarən qeyri-dost ölkələrdən olan alıcılar tərəfindən Rusiya qazı üçün ödənişin yeni qaydalarını müəyyən edib. Fərmana əsasən, onlar tədarük haqqını ödəmək üçün “Qazprombank” kompaniyasında xüsusi rubl hesabları açmalıdır.

Aprelin 27-də səhər saatlarında “Qazprom” kompaniyası müəyyən olunmuş vaxtda mavi yanacağın qiymətinin rublla ödənilməməsi səbəbindən Bolqarıstanın “Bulqarqaz” və Polşanın PGNiG kompaniyalarına qaz tədarükünü tam dayandırdığını elan edib.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Qərb ölkələri Moskvaya qarşı analoqu olmayan sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiyalar çərçivəsində Rusiyanın 300 milyard dollara yaxın valyuta ehtiyatı dondurulub. Eyni zamanda, Rusiya neftindən və qazından imtina etmək çağırışları son günlər daha israrla səslənir. Tədarük zəncirlərinin pozulması Avropa və ABŞ-da iqtisadi problemlərə, əsasən ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR