İnsanlara hürriyət, millətlərə istiqlal!

Avroparlamentə seçkilər: anti-Azərbaycan qüvvələr güclənə bilər

Ekspertlər deyir ki, Avropa Parlamentinin yeni tərkibindən də ölkəmizə münasibətdə müsbət dəyişiklikləri gözləməyə dəyməz

Avropa Parlamentinə (AP) seçkilər bütün Avropa İttifaqı (Aİ) ölkələrində iyunun 6-dan 9-dək keçiriləcək, əksər Avropa Birliyi (AB) ölkələrində isə bazar günü səsvermə keçiriləcək. 

Avroparlamentin Azərbaycana qərəzli münasibəti illərdir davam edir. Yeni seçkilərə ərəfəsi də ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edildi. Bu ilin 7 fevralda növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərilmədiyi halda, qurum “Azərbaycandakı seçkiləri müşahidə etməyəcəyi ilə bağlı” absurd açıqlama yaymışdı. Nəzərə almaq lazımdır ki, Avropa Parlamentində Azərbaycana qarşı yekdil mənfi rəy də mövcud deyil. Anti-Azərbaycan isteriyasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı, qismən də Almaniya və bir-iki cırtdan dövlətləri təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamafob, irqçi, səlibçi və türkofob dairələrin nümayəndələridir. Onların bir qismi Avropa Parlamentindəki seçkilər öncəsi anti-Azərbaycan qətnamələrinin sayını artırmaqla erməni lobbisindən maliyyə və seçici dəstəyi almağa çalışdıqları şübhə doğurmur. Azərbaycanın Avropa İttifaqı, həmçinin Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur, rəsmi Brüssel Azərbaycanı iradəsinə zidd olan heç nəyə məcbur edə, yaxud sanksiyalarla təhdid edə bilməz. Avropa Parlamentindəki seçkilərin nəticələri o barədə maraq doğura bilər ki, heç olmasa daha obyektiv düşüncəyə sahib adamlar mandat qazansınlar. Bəs buna ümid edə bilərikmi?

Kamran Bayramov: Heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu  sarsıda bilməz - AZƏRTAC

Kamran Bayramov

Deputat Kamran Bayramov “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu seçkilərin Avropa Parlamentində qüvvələr nisbətinin nə dərəcədə dəyişə biləcəyi ətrafında uzun müddətdir ki, müzakirələr səngimir: “Bu qurumda qüvvələr nisbətinin dəyişməsi isə ancaq Avropada deyil, həm də bütün dünyada beynəlxalq siyasətin əsaslı dəyişikliklərə məruz qalmasına səbəb olacaq. Bir sıra ixtisaslaşdırılmış tədqiqat təşkilatlarının rəy sorğularının nəticələri və təcrübəli siyasi şərhçilərin mülahizələri bu seçkilərin, bütövlükdə Avropanı sağa meyilləndirə biləcəyindən xəbər verir. 

Avropa İttifaqının üzv dövlətlərində vahid səsvermə proseduru yoxdur, bu, həm açıq, həm də qapalı siyahılardan istifadə etməklə həyata keçirilə bilər. Dövlətlər, həmçinin müstəqil olaraq Avropa Parlamentinə keçmək üçün minimum həddi müəyyən edirlər. Hər bir ölkədə seçicilər milli partiyalara səs verirlər, seçilmiş namizədlər daha sonra siyasi baxışlarından asılı olaraq Avropa fraksiyaları arasında bölüşdürülür. Adətən milli partiyalar siyasi gündəmlərinə ən yaxın olan konkret fraksiyanı dəstəkləyirlər. Hazırda Avropa Parlamentində yeddi fraksiya fəaliyyət göstərir. Ən böyük fraksiya 178 yerə malik olan Avropa Xalq Partiyasıdır. Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı  141 yerlə ikinci, “Yenilənmiş Avropa” 101 yerlə üçüncü, iqlim gündəliyini təşviq edən “Yaşıllar”/Avropa Azadlıq Alyansı 71 üzvlə dördüncü, mötədil avroskeptiklər, antifederalistlər hesab edilən “Avropa Mühafizəkarları və İslahatçıları” 67 yerlə beşinci, sağ və ifrat sağçı siyasətçilər qrupu, avroskeptiklərin birliyi olan “İdentiklik və Demokratiya” 58 yerlə altıncı və kommunist baxışlı siyasətçiləri birləşdirən “Avropa Solçuları” 38 mandatla yeddinci yerdə qərarlaşırlar. Qalan 51 yer isə müstəqil deputatlara məxsusdur. 

Bəs builki seçkilər əvvəlkilərdən nə ilə fərqlənir? Aparılan rəy sorğularına əsasən, avroskeptik, millətçi sağçılar çox güman ki, Avropa İttifaqının doqquz üzv-dövlətində, o cümlədən qurucu ölkələr olan İtaliya, Belçika, Hollandiya, Fransa və Almaniya daxil olmaqla, səsvermə siyahılarına başçılıq edəcək, daha doqquz dövlətdə isə ikinci və ya üçüncü yerlərdə qərarlaşacaqlar. Bütün bunlar Azərbaycan üçün nə vəd edir? Nəzərə alsaq ki, Avropa Xalq Partiyası keçirilən seçkilərin aparıcı qüvvələrindən biridir və onun mötədil və ifrat sağçı elementləri arasında daxili konfliktləri var, ökəmizə qarşı mənfi ritorikanın kəskinləşməsi qaçılmaz ola bilər. Eyni zamanda populist və millətçi siyasi partiyalar Avropada güclənməkdədir və çox güman ki, həmişəkindən daha güclü olacaqlar, bu da yenilənmiş Avropa Parlamenti ilə Azərbaycan arasında onsuz da sıfır səviyyəsində olan münasibətlərin daha da gərginləşməsi ehtimalını artırır. Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli münasibətinin illərlə davam etdiyini, sessiyalarında çoxsaylı anti-Azərbaycan qətnamələrin qəbul olunduğunu nəzərə alsaq, Avropa Parlamentinin hətta yeni tərkibindən belə Azərbaycanla münasibətlərdə müsbət dəyişiklikləri gözləmək ən azından sadəlövhlük olardı və buna ümid etməyə heç dəyməz".

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli

Ədalət, Hüquq, Demokratiya partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, Avropa Parlamenti Aİ təsisatları arasında ən çox korrupsiyalaşmış qurumdur: ""Transparency international" təşkilatının 2023-cü il üzrə açıqladığı hesabata görə, AP üzvü olan deputatların 2/3 hissəsi, qanunsuz olaraq, müxtəlif şirkətlərin idarə heyətlərində təmsil olunmaqla və onların lobbiçiliyini etməklə, hər il 3-8,5 milyon avro vəsait əldə edirlər. Təkcə may ayı ərzində AP-nin Almaniya və Niderlanddan olan parlamentariləri ilə bağlı 3 korrupsiya faktı qeydə alınıb. Aşırı sağçı “Almaniya üçün alternativ” Partiyasının Avropa Parlamentindəki təmsilçisinin adının “Russiangate” (raşenqeyt) korrupsiya qalmaqalında hallanması, bu partiyanın Avropa Parlamentindəki populist “İdentiklik və demokratiya” fransiyasının sıralarından çıxarılması ilə nəticələnib. Bu amillər, eləcə də Avropa Parlamentinin üzvlərinin son 5 il ərzində müxtəlif korrupsiya qalmaqallarında hallanması, bu təsisatın nüfuzuna ciddi zərbə vurub və ətrafında etimadsızlıq mühiti formalaşdırıb. Ümumi mənzərə, keçirilən sorğuların nəticələri və Aİ-də islamafob, ksenofob əhval-ruhiyyənin artması onu deməyə əsas verir ki, sağçı qüvvələrin tutduğu yerlərin sayı xeyli artacaq. Araşdırmaya görə, doqquz ölkədə - Avstriya, Belçika, Çexiya, Fransa, Macarıstan, İtaliya, Hollandiya, Polşa və Slovakiyada sağ radikal və avroskeptik partiyalar birinci, Bolqarıstan, Estoniya, Finlandiya, Almaniya, Latviya, Portuqaliya, Rumıniya, İspaniya və İsveçdə isə ikinci və ya üçüncü sırada yer alacaqlar. AP-dəki yerlərin demək olar ki, yarısını sağ mərkəzçi Avropa Xalq Partiyası (EPP), Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı və liberallardan ibarət superböyük koalisiyaya daxil olmayan qüvvələr tutacaq. “Bloomberg” tərəfindən aparılan ilkin sorğulara görə, EPP 183 mandat, yəni 23% səs qazanacaq. Öz növbəsində sol mərkəzçi Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı 140 yer, Liberal yenilənmə bloku isə 86 yer qazanacaq. Sağçı “İdentlik və Demokratiya” blokunun AP-də 84 yer qazanacağı proqnozlaşdırılır (hazırda 58 yeri var). Eyni zamanda Avropa Mühafizəkarlar və İslahatçılar fraksiyasının da mövqeyi güclənəcək. Yeni çağırışda onların əlavə 18 deputat mandatı alacağı və saylarının 85-ə çatacağı ehtimal edilir. Şübhəsiz ki, seçkilərin nəticələri Azərbaycan-Avropa Parlamenti münasibətlərinə də təsir göstərə bilər. Doğrudur, Avropa Parlamentinin qərarlarının, nəinki Azərbaycana, heç Aİ üzvü olan ölkələrə belə ciddi təsiri yoxdur. Amma yalan və saxta iddialardan ibarət qərarlarıyla, bəzən “ürək bulandıra bilir”. Əgər sorğuların və təqdim etdiyim ehtimalların ümumi mənzərəsi seçkinin yekun nəticəsində öz əksini taparsa, o zaman AP-də qüvvələr nisbətinin qismən balanslı olacağını düşünürəm".

Cavanşir ABBASLI
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR