İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın qorxulu yuxusu gerçəyə ÇEVRİLİR

ABŞ Müdafiə Nazirliyi Şərqi Avropadan 10 minədək hərbçinin çıxarılmasını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Söhbət 2022-ci ildə ABŞ-ın əvvəlki administrasiyası tərəfindən Ukrayna ilə həmsərhəd ölkələrə göndərilmiş 20 minə yaxın hərbçidən ibarət kontingentdən gedir.

2025-ci ildə Donald Trampın hakimiyyətə qayıdışından sonra Avropada ABŞ qoşunlarının qitədən çıxarılması ilə bağlı narahatlıqlar daha da güclənib.

Bu qorxular Trampın seçki kampaniyası və ilk prezidentliyi dövründə NATO müttəfiqlərini müdafiə xərclərinə görə tənqid etməsi və ABŞ-ın Avropadakı hərbi mövcudluğuna yenidən baxılacağına dair verdiyi siqnallarla bağlıdır. Avropa liderləri və media bu ssenarini, xüsusilə mövcud geosiyasi gərginlik fonunda ciddi şəkildə müzakirə edirlər.

Almaniyanın "Bild "qəzetinin məlumatına görə, Avropa İttifaqında ABŞ-ın Baltikyanı ölkələr, Polşa, Rumıniya və Kosovodakı qüvvələrini geri çəkməsindən narahatlıq var. Bu narahatlıq Trampın Rusiya ilə mümkün danışıqlarda güzəştə gedə biləcəyi və bunun regionu potensial təhdidlər qarşısında daha həssas vəziyyətə salacağı ehtimalı ilə bağlıdır. Nəşr qeyd edir ki, belə addımlar, əslində, 2021-ci ildə Moskvanın səsləndirdiyi – 1997-ci ildən sonra NATO-ya qoşulmuş ölkələrdə Alyansın hərbi mövcudluğunun azaldılması tələblərinin yerinə yetirilməsi kimi qəbul oluna bilər.

"The Washington Post" 2025-ci ilin mart ayında yazıb ki, Tramp administrasiyası Bayden dövründə – 2022-ci ildə Avropaya göndərilən 20 minə yaxın amerikalı hərbçinin geri çağırılmasını nəzərdən keçirir. Həmin qüvvələr, Avropada daim yerləşdirilən və əksəriyyəti Almaniyada olan 63 min nəfərlik ABŞ kontingentinə əlavə edilib. Nəşrin məlumatına görə, Avropalı diplomatlar bu azalmadan ciddi narahatdırlar və bildirirlər ki, bu, NATO-nun müdafiə qabiliyyətini zəiflədə və Aİ-ni Rusiya ilə təkbətək qoyacaq.

"Financial Times" 2025-ci ilin fevralında qeyd edib ki, Avropa ölkələri yalnız ABŞ qoşunlarının çıxarılmasından deyil, həm də ABŞ-ın Avropanın əsas təhlükəsizlik təminatçısı rolundan imtina edə biləcəyindən narahatdırlar. Bu, Aİ-ni öz müstəqil müdafiə sistemini yaratmaq ideyasını yenidən gündəmə gətirməyə vadar edir. Lakin ekspertlər bildirirlər ki, ABŞ-ın dəstəyi olmadan Avropanın genişmiqyaslı hərbi çağırışlarla təkbaşına mübarizə aparması çox çətin olacaq.

"The Telegraph" isə martda yazıb ki, Tramp 35 min amerikalı əsgəri Almaniyadan Macarıstana köçürməyi nəzərdən keçirir və bu da ABŞ-ın strateji prioritetləri ilə bağlı suallar doğurur.

Polşa prezidenti Andjey Duda kimi Avropa liderləri ABŞ-ın hərbi mövcudluğunu qoruyub saxlayacağına dair təminat almağa çalışsalar da, Pentaqon rəhbəri Pit Heqsetin "Amerikanın Avropadakı hərbi varlığı əbədi deyil" açıqlaması bu narahatlıqları daha da artırıb. BBC və digər mənbələr qeyd edirlər ki, Aİ-də yalnız hərbi deyil, həm də transatlantik ittifaqın siyasi zəifləməsindən narahatlıq var. Bu isə regionun təhlükəsizlik arxitekturasının tamamilə yenidən nəzərdən keçirilməsinə gətirib çıxara bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR