İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın Azərbaycana ehtiyacı artıb, ona görə ki... - Politoloq AÇIQLADI

"Avropanın Azərbaycana ehtiyacı artıb".

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Avropa İttifaqının Azərbaycana olan ehtiyacı neft, qaz, o cümlədən alternativ enerjinin nəqliylə yanaşı, Orta dəhlizin və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBDN) reallaşması ilə bağlıdır:

"Bir neçə gündən sonra Özbəkistanın paytaxtı Daşkənddə "Avropa İttifaqı-Mərkəzi Asiya" sammiti keçiriləcək. Sammitə Avropa İttifaqı rəhbərliyi və Mərkəzi Asiya ölkələrinin liderləri qatılacaqlar. Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə 10 milyard avroluq yatırım paketi təklif edəcək. Bu məbləğin böyük hissəsi Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək Orta dəhlizin, yəni Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasına xərclənəcək. Bu layihənin əsas ölkələrindən biri Azərbaycandır. Çin məhsulları Mərkəzi Asiyaya, oradan da Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşınacaq.

"Avropa İttifaqı-Mərkəzi Asiya" sammitinə hazırlıq işləri ötən il Lüksemburqda "5+27" formatında xarici işlər nazirlərinin iştirakı ilə başlamışdı. Orta dəhlizin reallaşması Avropa üçün əhəmiyyətlidir. Çünki Avropa ölkələri Çin məhsullarını Rusiya ərazisi üzərindən əldə etmək istəmir. Pekin də anlayır ki, Rusiya dəmiryollarından istifadə Çinin Avropaya ixracatına əngəldir. Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar davam edəcək. Ona görə Orta dəhliz ideyası Pekinin də diqqət mərkəzindədir. Avropa İttifaqı Orta dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə yatırımlar qoyduqdan sonra Pekin də bu layihənin reallaşmasını sürətləndirməyə çalışacaq".

Politoloqun fikrincə, Avropa İttifaqı Azərbaycanın Orta dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması vacibliyini nəzərə alaraq rəsmi Bakı ilə dialoqu genişləndirməlidir:

"Bu ilin yanvarında Brüsseldə Avropa Komissiyasının təşkilatçılığı ilə Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat bağlantıları üzrə keçirilən foruma Azərbaycan da dəvətli idi. Orta dəhliz Ələt limanı üzərindən Bakı-Tbilisi-Qars dəmiryoluna birləşəcək. Zəngəzur dəhlizinin reallaşması Orta dəhliz yolunu daha da qısaldacaq. Bunun üçün Bakı və Ankara kimi Brüssel də İrəvana Zəngəzur dəhlizinin reallaşması əhəmiyyətini anlatmalıdır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR