İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada ukraynalılara yüksək şərait - etiraz edənlər də var...

“Əfqanıstan, Suriya, Yəmən kimi ölkələrdən gələnlər deyir ki, bizim vəziyyətimiz Ukraynadan da pisdir, ancaq biz müsəlman olduğumuza görə Qərb ayrı-seçkilik edir"

Dünyanın bütün ölkələri ukraynalı qaçqınları qəbul edir. Müharibə başlayandan Avropa 7,5 milyon ukraynalı qaçqın qəbul edib.

Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen açıqlama yayıb.

“Müharibə başlayandan indiyədək biz Ukraynadan 7,5 milyon qaçqın qəbul etmişik, üç milyonu hələ də bizimlədir” - deyə, AK rəhbəri bildirib.

Avropa ukraynalı qaçqınları təkcə qəbul etmir, həm də onların yaşayış şəraitlərini yaxşılaşdırmaq, dəstək olmaq üçün müəyyən güzəştlər tətbiq etməkdə davam edir. Məsələn, AK ötən həftə Ukraynadan olan qaçqınlar üçün Aİ ölkələrinə humanitar malların idxalına qoyulan rüsumları müvəqqəti olaraq ləğv etdiyini açıqlayıb. Bu barədə Avropa Komissiyasının Brüsseldə yayılan bəyanatında deyilir: “Avropa Komissiyası bu gün üzv dövlətlərə üçüncü ölkələrdən ərzaq, ədyal, çadır, elektrik generatorları və müharibədən zərərçəkmiş ukraynalılar üçün nəzərdə tutulan digər həyat xilasedici avadanlıqların idxalına görə gömrük rüsumlarını və ƏDV-ni müvəqqəti olaraq ləğv etməyə icazə verən qərar qəbul edib. Qərara 31 dekabr 2022-ci il tarixinədək qüvvədə olacaq”.

İsveçrədən qayıdan azərbaycanlı jurnalist Bakıda CƏRİMƏLƏNDİ

Elbəyi Həsənli 

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli Avropaya üz tutan ukraynalı qaçqınların hazırkı durumları haqda “Yeni Müsavat”a danışıb: “Ukrayna məsələsi bütövlükdə Qərbin diqqət mərkəzindədir. Bu məsələdə ən önəmli məqam ondan ibarətdir ki, Ukrayna məsələsi təkcə dövlətin gündəmində deyil, həm də yerli insanların maraq dairəsindədir. Belə ki, yerli sakinlər Rusiya işğalı ucbatından öz yurd-yuvasını tərk etmiş insanlara yardım etmək üçün səfərbər olub. İsveçrədə öz evlərini ukraynalılarla   bölüşənlərin   sayı  xüsusilə çoxdur. Vəziyyət belədir ki, hazırda İsveçrə küçələrində ən çox rus dilində danışılır. 4 fərqli dövlət dili olan İsveçrə elə bir ölkədir ki, burada nə dildə desən, danışırlar. Ancaq son vaxtlar küçələrdə rus dili birmənalı şəkildə dominantlıq edir...

İsveçrə dövləti ukraynalıların hər hansı bürokratik əngəllə qarşılaşmaması üçün onların dövlət idarələri tərəfindən qəbulunu son dərəcə sadələşdirib. İsveçrəyə daxil olan hər bir ukraynalıya S statusu verilir. Bu status ukraynalılara işləmək hüququ tanıyır. Müqayisə üçün deyim ki, elə irticaçı var ki, İsveçrədə 10-15 ildir ki, yaşayır. Ancaq onlara işləmək qadağandır. S statusu ukraynalılara yerli nəqliyyatdan pulsuz istifadə etmək imkanı verir. Xüsusən uşaqlara və gənclərə qayğı göstərilir. Belə ki, onların təhsili ilə bağlı böyük işlər görülür. Alman dilini öyrənmək üçün onlara əlavə müəllimlər tutulur və sairə. S statusu ilə bağlı onu da deyim ki, əgər 5 il müddətinə Ukraynada vəziyyət düzəlməsə, İsveçrədə olan ukraynalılara avtomatik qaydada burada daimi yaşamaq hüquqi veriləcək.

Ukraynalılara yerli vətəndaşların köməyi ilə bağlı özümlə bağlı bir məqamı deyim. Deməli, ukraynalıları qəbul edən mərkəzlərdən biri məndən xahiş etdi ki, onlara yardımçı olum. Yəni alman dilindən rus dilinə tərcüməçiyə ehtiyacları vardı. Getdim, bütün günü bu işlə məşğul oldum. Bir hərbi hissəni boşaldıb ukraynalılara verdilər. Bir gündə həmin hərbi hissəyə 600 nəfərdən çox ukraynalı gəldi və onların hər birinə yerli idarəçiliklə bağlı qaydaları izah etməli oldum. Təbii ki, bu işi könüllü olaraq həyata keçirdim, yəni bu işə görə pul almadım. Alası olsaydım ən azı 500-600 frank (avro ilə demək olar ki, eynidir) ödəməli olacaqdılar. Ancaq İsveçrədə hər kəs ukraynalılara yardım etməyi özünə borc bilir.

Staatssekretariat für Migration – Wikipedia

Rəsmi olaraq “Staatssekretariat für Migration SEM” adlanan idarə “[email protected] ailto:[email protected]” üzərindən ukraynalıların verdiyi istənilən suala qısa müddətdə rəsmi cavab verir. Özü də cavabları Ukrayna və ingilis dilində almaq mümkündür...

Elə ukraynalı ailələr var ki, onların ailə üzvləri müxtəlif ölkələrə sığınıb. İsveçrə belə ailələrin bir-biri ilə görüşməsi üçün bütün xərcləri də öz üzərinə götürür.

Son rəsmi məlumata görə, İsveçrədə 60 min nəfərə yaxın ukraynalı qeydiyyatdan keçib. Əlbəttə, bu heç də hamısı deyil. İsveçrəyə qeyri-qanuni daxil olanlar da var. Müəyyən səbəbdən onlar qeydiyyatdan keçməyə maraq göstərmirlər...

Ukraynalılar öz ev heyvanlarını da - əsasən it-pişikləri-özləri ilə gətiriblər. Yerli orqanlar heyvanların da tibbi müayinəsini və qidalanmasını öz üzərinə götürür. Elə ukraynalı var ki, 5-6 it-pişiklə gəlib və heyvanları ilə birlikdə qalmaq istəyir...

Bir önəmli məqamı da deyim, ukraynalılara bu qədər komfort şəraitin yaradılması müəyyən etiraz da doğurur. Belə ki, Əfqanıstan, Suriya, Yəmən kimi ölkələrdən gələnlər deyir ki, “bizim vəziyyətimiz Ukraynadan da pisdir, ancaq biz müsəlman olduğumuza görə Qərb ayrı-seçkilik edir”. Yerli hüquq-müdafiə təşkilatları da bu fikri bölüşürlər. Deyirlər ki, irticaçılara münasibət eyni olmalıdır. Bir əcnəbinin  hüququ başqasının hüququndan üstün ola bilməz..."

Bəs Azərbaycana ukraynalılar gəlirmi? Rəsmi məlumata görə,  aprel ayında Azərbaycana 14 min Ukraynadan qaçqın daxil olmuşdu. Onların Azərbaycanda yaşama şərtləri necədir, sosial təminatlarını hansı instansiya həll edir?  Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidməti qeyd olunan sorğularımızı cavablandıracağını bildirib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR