Onlayn ictimai-siyasi qəzet
Almaniyanın yeni, necə deyərlər, çiçəyi burnunda kansleri Fridrix Merz amerikalı həmkarı Tramp kimi elə ilk iş gününə miqrantlarla mübarizəyə başlayıb. O, miqrasiya problemi ilə bağlı fövqəladə vəziyyət elan etmək qərarına gəlib və sığınacaq axtaranların ölkəyə girişinin qarşısını almaq niyyətindədir.
Almaniyanın miqrantlarla mübarizə üçün fövqəladə vəziyyət tətbiq etmək fikri zərurətdən doğur. FV rejiminin elan edilməsi səlahiyyətlilərə milli qərarları Aİ tədbirlərindən üstün tutmağa imkan verir. Əks təqdirdə Almaniya üzvü olduğu Aİ-nin qayda-qanunları ilə hesablaşmağa məcburdur.
Bu yenilik ondan xəbər verir ki, indiyə qədər dünyanın hər tərəfindən gələn miqrantlara sığınacaq verən Almaniyanın dözüm limiti artıq tükənib. İndi Almaniyannı yeni hökuməti də o biri Avropa ölkələri kimi davranmaq niyyətindədir.
Miqrasiya problemi ilə bağlı FV rejimi elan edilməsinin presedetni də var. Ötən il Niderland miqrant axını ilə mübarizə üçün fövqəladə vəziyyət elan etməyə hazırlaşıb, 138 səhifəlik yeni hökumət proqramı hazırlayıb.
Proqrama əsasən artıq yalnız müntəzəm və kifayət qədər gəlir təmin edən işdə işləyən və ən azı iki il Niderlandda daimi ünvanda yaşayan miqrantlar ailə birləşməsi hüququndan istifadə edirlər. Bununla belə, miqrantların 18 yaşdan yuxarı uşaqlarına ailə birləşməsi hüququ şamil edilmir.
Ölkənin səlahiyyətliləri dinləmələrə və ya görüşlərə birbaşa gəlməyən sığınacaq axtaranları rədd etmək hüququna malikdirlər, miqrantların bələdiyyələrə məcburi bölüşdürülməsi siyasəti ləğv edilib və yaşayış icazəsi olmayanlar məcburi şəkildə deportasiya edilir.
Ölkənin yeni hakimiyyəti miqrasiya məsələsində prinsipialdır. Çünki bunu onlardan xalq, seçicilər tələb edir.
Miqrant axını səbəbindən fövqəladə vəziyyət elan edən daha bir ölkə İtaliyadır. Ötən il İtaliya hakimiyyəti ölkədə böyük miqrant axını ilə əlaqədar 6 aylıq fövqəladə vəziyyət elan edib, qeyri-qanuni miqrantların deportasiyası prosedurunu sadələşdirib.
Rəsmi məlumatlara görə, bu ilin əvvəlindən İtaliyaya 31 mindən çox qeyri-qanuni miqrant gəlib. Ötən ilin eyni dövründə bu rəqəm 7900-ə yaxın idi. Qaçqınlar yararsız qayıqlarla Tunis və Liviyadan İtaliyanın cənubuna və Maltaya keçməyə çalışırlar və nəticədə çoxları ölür. (Əslində mühacirləri daşıyan qayıqların Aralıq dənizini keçəndən sonra İtaliya sahillərinə yaxınlaşan zaman qəzaya uğraması şübhəli məsələdir, ancaq burada sui-qəsd olub-olmaması məsələsini araşdıran yoxdur).
Bu ildən Fransada da immiqrasiya qaydaları sərtləşdirilib. Əslində hazırlanmış müvafiq qanunun müddəaları daha sərt ola bilərdi. Ancaq ailə vizası ilə ölkəyə giriş qaydalarını sərtləşdirən (əcnəbi tələbələrin ölkəni tərk etmə öhdəliyi, “miqrasiya kvotası”nın tətbiqi) maddələr rədd edilib.
Yeni qanun qeyri-qanuni miqrantların deportasiyasının sadələşdirilməsini nəzərdə tutur. Bundan başqa, Fransa hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı cinayət törədən ikili vətəndaşlar Fransa pasportunu itirə bilər. Qanunun əleyhdarları hesab edirlər ki, bu, sağçı əhval-ruhiyyənin artmasına, həmçinin irqi və milli zəmində ayrı-seçkiliyə səbəb olur.
Bu sərtləşdirmə həm hüquq müdafiəçilərinin tənqidinə, həm də Fransada miqrantların kütləvi etirazlarına səbəb olub.
Almaniya ilə yanaşı Avropanın miqrantlara münasibətdə ikinci “üzüyumşaq” ölkəsi olam İsveç son illərdə ən aşağı miqrant sayına sahibdir. İndi bu ölkəni tərk edənlər ölkəyə gələnlərdən daha çoxdur. Mütəxəssislərin fikrincə, buna səbəb Stokholmun dəyişmiş miqrasiya siyasətidir.
2024-cü ilin yanvar-may ayları ərzində ölkəni tərk edənlərin sayı 5700 nəfər çox olub. Bu tendensiyanın davam edəcəyi gözlənilir. Artıq İsveçə sığınacaq üçün müraciətlərin sayı 1997-ci ildən bəri ən aşağı səviyyədədir.
Miqrantların çox da sevmədiyi və sığınacaq almaq üçün kütləvi müraciət etmədiyi Finlandiya miqrantlarla mübarizəni sərtləşdirən ölkələr sırasındadır.
Avropa Komissiyası Rusiya ilə sərhəddə qeyri-qanuni miqrasiya ilə mübarizənin əlavə xərclərini ödəmək üçün Finlandiyaya 16 milyon avro ayırıb.
Ötən ilin oktyabr ayında Finlandiyanın sərhəd mühafizəçiləri Finlandiya-Rusiya sərhədindəki iki müvəqqəti keçid məntəqəsini - Parikkala və İnarini bağlayıb. Keçid məntəqəsinin bağlanmasına səbəb kimi Rusiya sərhədindən Finlandiyaya üz tutan qaçqın axınının kəskin artması göstərilib. Onların əksəriyyəti Yaxın Şərqdən olub.
Ölkə parlamenti miqrantların Rusiya ərazisindən keçməsini qadağan edən qanun layihəsini təsdiqləyib. Finlandiya sərhədçiləri bundan sonra sığınacaq axtaranların ölkəyə girişini düz Rusiya Federasiyası ilə sərhəddə əngəlləyə biləcəklər.
Finlandiya hökuməti Rusiyanı Somali, Suriya və digər ölkələrdən olan miqrantları Finlandiyaya getməyə təhrik etməkdə ittiham edir. Ötən il 1300-ə yaxın miqrant Rusiya vasitəsilə Finlandiyaya daxil olub. Helsinkidə hesab edirlər ki, Rusiya Finlandiyanın NATO-ya daxil olmasına görə bu yolla qisas alır.
Ərazisinə görə Avropanın böyük dövlətlərindən olan Polşa da gəldikcə gələn miqrantlara “ikinci vətən” olmaq niyyətində deyil. Yerli hakimiyyət martın 27-dən etibarən ölkənin Belarusla sərhədini keçdikdən sonra sığınacaq almaq imkanını müvəqqəti olaraq məhdudlaşdırıb.
Polşa prezidenti Anjey Duda bir gün əvvəl hüquq müdafiəçiləri baxımından mübahisəli olan və hakimiyyətə miqrantların beynəlxalq müdafiəsini 60 gün müddətinə dayandırmağa imkan verən qanunu imzalayıb.
Polşa hakimiyyətinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında 12,3 min əcnəbi Polşadan sığınacaq almaq üçün müraciət edib. Onların arasında 4,5 min ukraynalı, 3 minə yaxın belarus, beş yüz Somali və Eritreya vətəndaşı var.
İspaniya isə həm əməkçi miqrantlara, həm də öz ölkələrindəki əlverişsiz vəziyyətə görə müdafiə axtaran insanlara qapı açmaq fikrindədir. İspaniya hakimiyyəti iddia edir ki, yeni qəbul edilmiş qanunun müddəaları əcnəbilərin yaşamaq və işləmək icazəsi almasını xeyli asanlaşdıracaq. Onlar ölkədə qanuni qalmaq üçün sənədlərin alınması prosesini sadələşdirir və sürətləndirir.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyadan müraciət edənlərin əksəriyyəti öz müraciətlərini Ukraynaya qarşı döyüşən orduya çağırılmaq istəməmələri və Rusiya hakimiyyətinin təcavüzkar siyasəti ilə razılaşmamaları ilə əsaslandırır. İnsan haqları hərəkatlarında iştirakına görə, sosial şəbəkələrdəki “xoşagəlməz” bəyanatlara görə, LGBT icmasına mənsub olduqlarına görə təqib olunmaları üzündən sığınacaq almaq istəyənlər də var.
Bununla belə, müraciət edənlərin heç də hamısı müsbət cavab almır. Bu həm ruslara, həm də digər ölkələrin nümayəndələrinə aiddir.
Macarıstan, İsveçrə, Serbiya, İslandiya, Danimarka kimi ölkələr isə əvvəlcədən miqrantlara üz verməyiblər, Aİ-nin təzyiqlərinə baxmayaraq yenə də həmin düşüncədədirlər.
Avropanın nisbətən kasıb ölkələri isə miqrantlar tərəfindən bəyənilmir.
Araz Altaylı, Musavat.com
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ