İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada “erməni yalanı ayaq tutub, amma yerimir” - Fransadan sonra İtaliya...

Bizdən böyük həcmdə qaz alan İtaliyanın bəzi deputatları Fransa Senatı ilə ağız-ağıza verib Bakını ittiham edir; “Səfirliklər, diplomatlar yatmamalıdır, ermənilər dünyada kampaniya başladıblar, biz isə...”

Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin müzakirəsi başlayıb. “Yeni Müsavat” bildirir ki, Fransa Senatının qətnamə layihəsinin müəllifləri Azərbaycanı “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edir, Laçın dəhlizindən çıxmaq tələb edilir, Fransa hakimiyyəti “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” Avropa İttifaqı miqyasında başladılmasına təşəbbüs planı qurur və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmağa çağırış edir və sairə.

Yada salaq ki, 2020-ci ilin noyabrda Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul edib. Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı “son hərbi əməliyyatlar nəticəsində tutduğu ərazilərdən qoşunları dərhal çıxarmağa” çağırırdı. Amma Fransa Prezidenti Makron bu qərarı imzalamadı. Yeri gəlmişkən, üç gün əvvəl Makron Azərbaycan Prezidentinə zəng edib ki, bunun səbəbləri sırasında Senatdakı müzakirələrin də olduğu bildirilir. Bildirilir ki, Paris tərəfsiz vasitəçi olmasını istəyirsə, Fransa parlamentinin Azərbaycan əleyhinə qətnamənin qəbulundan vaz keçirməlidir. Əslində bu qətnamələr Bakı üçün kağız parçasıdır, üstəlik Senatın qətnaməsi imzalanmayacağı təqdirdə yalnız hökumətə tövsiyə kimi qalacaq.  

Maraqlıdır ki, Avropa Parlamentinin bir sıra üzvləri də erməni təbliğatına uyublar. Burada təəssüf və təəccüb doğuran məqam odur ki, həmin deputatlar içində Azərbaycandan ciddi həcmdə qaz alan İtaliya deputatları xüsusi fəallıq göstərir. Əsasən də Avropa Parlamentinin İtaliyadan olan deputatı Fabio Massimo Kastaldo xüsusi canfəşanlıq göstərir. İtaliyanı təmsil edən bu deputat dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə, regiona etdiyi səfərlərdə, xarici media vasitələrinə verdiyi müsahibələrdə Azərbaycanın ünvanına kəskin fikirlər səsləndirib. Bu dəfə də “ənənəsinə” sadiq qalan Kastaldo qeyd edib ki, demokratik Ermənistan Azərbaycanın “təcavüzünə” məruz qalıb. O qeyd edib ki, Aİ Kiyevi dəstəkləməklə yanaşı, eyni zamanda Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir.

O, bunu düzgün hesab etməyib, ikili standartların etimadı sarsıtdığını vurğulayıb: “Avropa Şurasının Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinin 220 kvadrat kilometrini işğal etdiyi, həmçinin hərbi cinayətlər, vəhşiliklər və işgəncələr törətdiyi Cənubi Qafqazla bağlı yeni məlumat verməməsindən dərin məyus olduq. Mən həmişə və hər yerdə demokratiyanın, Ermənistanın tərəfindəyəm”. Azərbaycanın Avropaya ixrac etdiyi qazın böyük hissəsinin alıcısı İtaliyadır. Ancaq əfsus ki, Avropa Parlamentində İtaliyanı təmsil edən deputatlar bunu görməzdən gəlir. Görünür, erməni lobbisinin puluna satılmış italiyali deputatlardır ki, bizə dil uzadırlar. Buna cavabımız necə olmalıdır?

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Avropa Parlamenti rəngarəng qurumdur: “Ölkələri təmsil edən parlamentarilər daha çox partiyaların təmsilçiləri olurlar. Yəni rəsmi mövqe sayılmırlar. Amma burada bizim buraxdığımız boşluqlar da az deyil. Azərbaycanın lobbi işi yüksək səviyyədə qurulmayıb, diaspor təşkilatları yaxşı işləmirlər, səfirliklər biznes maraqlarını üstün tuturlar. Biz 10 il qabaq Avropa Parlamentində tədbirlərə qatılmışdıq, orada İsveçdən olan deputat bizə maraqlı detal danışdı: nahar fasiləsində söylədi ki, sizin buradakı səfirinizi heç vaxt görməmişik, ermənilərin səfiri isə əlində kofe bir-bir ölkələrin nümayəndələri ilə söhbət aparır, Qarabağdan danışır. Yəni zaman-zaman belə boşluqlar buraxmışıq. Bu gün müəyyən dəyişikliklər var, amma yetərli deyil. Sözsüz ki, xristian təəssübkeşliyi rol oynayır, amma özümüzə də tənqidi yanaşmalıyıq”.

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament seçkiləri  keçirilsin” » Sözçü qəzeti

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev deyir ki, buna cavabımız “özümüz deyib, özümüz eşitmək” olmalı deyil: “Diplomatlarımız fəal olmalıdırlar. İtaliyadakı səfirliyimiz kəskin reaksiya verməlidir, yatmamalıdır. İtaliyada olan diasporlar fəal işləməli, piket keçirməlidirlər, bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz bildirməlidirlər. Ermənilər dünyada kampaniya başladıblar, haqsız ikən özlərini məzlum tərəf kimi göstərməyə, hər yerdən dəstək almağa çalışırlar, biz isə 44 günlük müharibənin nəticələri ilə arxayınlaşıb oturmalı deyilik. Bizim səfirliklər, diaspor təşkilatları, lobbiçilər yaxşı işləmirlər. Ona görə bu sahədə uduzuruq. Ermənilər bütün dünyanı tərpədib ki, Azərbaycan bizə guya təcavüz edir, bir dəstək kampaniyası qazana biliblər. Biz boşluqlar buraxmışıq və onlar qapımıza top vurmağa çalışırlar”. Partiya sədri hesab edir ki, əslində problemi güc həll edir: “30 il qətnamələr, bəyanatlar qəbul olundu, biz nə əldə etdik? Qoy 30 il də ermənilər şivən salıblar, senatda, Avropa Parlamentində hansısa əski parçası qəbul etdirsinlər. Onların hüquqi əsası yoxdur. İtaliyalı deputatlara gəlincə, erməni pulu ilə qidalanan belələrinin olması təəccüblü deyil. Amma Azərbaycan-İtaliya münasibətləri rəsmi səviyyədə yüksəkdir”.

Yeri gəlmişkən, noyabrın 15-də Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz ediblər. Onlar senatorları qətnaməni qəbul etməməyə çağırıblar. Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalətli münasibət tələb ediblər. Aksiyada “Biz ədalət istəyirik!”, “Fransa, neytral ol!”, “Senat, ədalətli ol!”, “Fransa, ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Xatırladaq ki, bundan əvvəl senatın 6 üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib. Azərbaycanlılar Fransa parlamentinin yuxarı palatasında baxılmaq üçün təklif olunan anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına müraciət olaraq petisiya əsasında imza toplayıblar.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR