İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada 4 türk fatehi - hansının şansı daha çoxdur?

Natiq Muxtarlı: ““Qarabağ”ın rəqiblərini “zəif” - “güclü” kateqoriyasına bölməməliyik”

Ötən həftə UEFA Avropa Liqasının Liqa mərhələsinin püşkü atıldı. Yarışda Azərbaycanı təmsil edən “Qarabağ”ımızın rəqibləri də məlum oldu. Ağdam təmsilçisi “Tottenhem”, “Budyo Qlimt”, “Elfsborq” və “Olimpiakos”la səfərdə, “Ayaks”, “Malmö”, “Styaua” və “Lion”la isə Bakıda qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları 25-26 sentyabr tarixlərində keçiriləcək. “Qarabağ”ın oyun ardıcıllığı belədir:

26 sentyabr

23:00. “Tottenhem” (İngiltərə) - “Qarabağ”

3 oktyabr

20:45. “Qarabağ” - “Malmö” (İsveç)

7 noyabr

21:45. “Bodo Qlimt” (Norveç) - “Qarabağ”

28 noyabr

21:45. “Qarabağ” - “Lion” (Fransa)

11 dekabr

00:00. “Elfsborq” (İsveç) - "Qarabağ"

23 yanvar

21:45. “Qarabağ” - FCSB (Rumıniya)

30 yanvar

00:00. "Olimpiakos" (Yunanıstan) - “Qarabağ”

Qeyd edək ki, bu mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala adlayacaq, 9-24-cü pillələrin sahibləri pley-offda çıxış edəcək.

“Qarabağ”la yanaşı püşkatmada azərbaycanlı futbolsevərlərin diqqətləri Türkiyəni yarışda təmsil edən klublara da yönəlmişdi.

İstanbul nəhənglərindən sayılan “Fənərbaxça”nın rəqibləri “Mançester Yunayted”, “Slavya Praqa”, “Lion”, “AZ Alkmaar”, “Yunion Sent-Jilluaz”, “Midtyulland”, “Atletik Bilbao”, “Tvente” oldu.

“Qalatasaray” “Tottenhem”, “Ayaks”, PAOK, “AZ Alkmaar”, “Dinamo Kiyev”, “Malmö”, “Elfsborq”, RFS kimi klublarla qarşılaşacaq.

“Beşiktaş”ın bəxtinə isə “Aytraxt Frankfurt”, “Ayaks”, “Makkabi Tel-Aviv”, “Lion”, “Malmö”, “Bodo-Qlimt, ”Atletik Bilbao", “Tvente” kimi klublar çıxdı. 

4 türk klubunun şanslarını peşəkarlarla dəyərləndirdik.

İdman yazarı Natiq Muxtarlı “Qarabağ”ın üst mərhələyə çıxma şanslarının olduğunu söylədi: “Avropa Liqasının qrup mərhələsində zəif rəqib axtarmaq yanlışdır. Ona görə də "Qarabağ"ın rəqiblərini “zəif” - “güclü” kateqoriyasına bölməməliyik. Bizim “güclü” dediyimiz rəqiblə oyunda “Qarabağ” asan qələbə qazana və ya “zəif” hesab etdiyimiz komanda ilə görüşdə xal itirə bilər.

Bu tip oyunlarda komandanın meydana çıxdığı andakı durumu həlledici sayılır: Zədəlilər, cəzalılar yoxdursa, futbolçular fiziki cəhətdən hazırdırlarsa, məşqçinin tapşırıqları yüksək səviyyədə icra olunursa, yaradılan şanslardan maksimum yararlanılırsa, onda istənilən komandaya qalib gəlmək mümkündür. “Qarabağ” Avropada özünü sübut etmiş komandadır. “Köhlən atlar”a qarşı bütün komandalar ciddi yanaşacaqlar. O cümlədən də “Qarabağ” rəqiblərinə ciddi yanaşmalıdır.

Qrupda bizə tanış rəqiblər də var. “Tottenhem”lə, “Olimpiakos”la qruplarda üz-üzə gəlmişik. İsveç, Norveç, Fransanın başqa klubları ilə də ayrı-ayrı vaxtlarda qarşılaşmışıq. Elə Niderland futbolu da “Tvente”nin timsalında “Qarabağ”a tanışdır. Yeganə “yad rəqib” Rumıniya təmsilçisidir.

Təbii ki, “Tottenhem” bu komandalar arasında kağız üzərində ən güclü rəqib kimi görünür. Amma kağız üzərində. Bu komanda məğlubedilməz deyil. İngiltərə klublarının avrokuboklarda sensasion məğlubiyyətlərinə az rast gəlməmişik. Yəni bu komandadan xal almaq üçün “Qarabağ”ın potensialı var. Elə “Ayaks” da əvvəlki komanda deyil, yenidən formalaşma gedir.

Məncə, bu komandalar arasında ən çətin rəqib “Olimpiakos”dur. Yunanlar Konfrans Liqasının qalibidir və iki il əvvəl qrup oyunlarında “Qarabağ”dan sarsıdıcı məğlubiyyət alıblar. Özü də öz meydanlarında. Komanda o vaxtdan bəri xeyli inkişaf edib. “Olimpiakos”la qarşılaşmanı bu baxımdan “Qarabağ” üçün “ən çətin oyun” kateqoriyasına əlavə edirəm.

Rumıniya, İsveç, Norveç komandaları ilə harada oynamağımızdan asılı olmayaraq, xal ala bilərik. Yəni “Qarabağ”ın ilk 24 komanda sırasında yer alaraq qrupdan çıxmaq şansı çox böyükdür. Hətta ilk 8 komanda arasında qərarlaşması da mümkündür. Amma bunun üçün “Qarabağ” ənənəvi problemini həll etməlidir: yaradılan şanslardan istifadə edə bilməmək “xəstəliyindən” qurtulmalıdır. Əks halda, yenə də futbol oynayan “Qarabağ” olacaq, qələbə qazanan isə rəqib. Bu problem həllini tapsa, “Qarabağ”ın qrupdan çıxması rahat reallaşacaq".

Kamran Quliyev olmaq istəyən Anyelli – Natiq Muxtarlı – Müstəqil Az

Natiq Muxtarlı

N.Muxtarlı qardaş ölkənin də klublarının şanslarını dəyərləndirdi: “Türkiyə klublarının da rəqibləri olduqca münasibdir. "Qarabağ"ın rəqiblərindən də bir neçəsi Türkiyə klublarına qarşı oynayacaq. Büdcəsini nəzərə alsaq, Türkiyə klubları qat-qat üst səviyyədə olmalıydılar. Amma bərbad idarəçilik sayəsində Türkiyə klublarının nəhəng büdcə ilə kiçik komandalara məğlub olduqlarına şahidlik edirik. Bu baxımdan Türkiyə klubları haqqında birmənalı fikir bildirmək çətindir. Hazırda oyun planında “Beşiktaş” üstün görünür. Bu komanda asta-asta formalaşır. Güman edirəm ki, “Beşiktaş”ın qrupdan çıxması üçün heç bir problem olmayacaq. Elə “Fənərbağça” da qrup mərhələsini adlayacaq. Ancaq “Qalatasaray”la bağlı bunu iddia edə bilmirəm. Çünki bu komandada məşqçi işi, futbol intizamı adına heç nə yoxdur. Belə komandanı isə istənilən rəqib məğlub edə bilər. Necə ki, “Yanq Boyz” iki dəfə bunu etdi. Amma hələ vaxta var. Təxminən 3 həftə ərzində bütün komandalar avrokubok hazırlığı görəcəklər. Ümid edək ki, Avrokubokların startında həm “Qarabğ”, həm də Türkiyə klubları yaxşı formada olacaqlar və hər biri qrup səddini adlayacaq".

Tokio "qatar"ı bizi hara aparır? - SORĞU

Kənan Məstəliyev

İdman mütəxəssisi Kənan Məstəliyev “Qarabağ”ın 12-14 xal yığmaq gücündə olduğunu bildirdi: “Ümumi götürsək, həm "Qarabağ", həm də qardaş ölkə təmsilçilərimizin hər 3-ü üçün püşk o qədər də pis olmadı. Düzdür, ağdamlıların bəxti digərlərinə nisbətən daha az gətirib, amma mübarizə aparmaq, oynamaq olar. Qurban Qurbanov və komandası bundan da çətin rəqibləri üstələməyi bacarıb, bu dəfə də eynisini edə bilər.

“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışı ilə göstərmişdi ki, Avropa Liqasında uzağa gedə bilər. Budəfəki reqlament maraqlıdır, daha çətin, daha uzun marafonda çıxışı tələb edir. Bu dəfə pley-offa vəsiqə qazanmaq üçün daha yaxşı ehtiyat resursa malik olmaq gərəkəcək, hər oyunun dəyəri birə-iki artacaq. “Qarabağ” bu qrupda 12-14 xal yığmaq iqtidarındadır. Bu xallar pley-offa birbaşa vəsiqəyə imkan verməyəcək. Hər halda, “Ayaks”, “Lion” və “Tottenhem” kimi rəqibləri üstələmək asan iş deyil, nəhəng klublardır, onlar nə qədər formada olmasalar da, Avropada istənilən komandaya qalib gəlmək gücündədilər. Digərləri isə dişimizə görədir. Mən nikbinəm, ümidliyəm və əminəm ki, “Qarabağ” ən azı 24-lüyə düşüb pley-offda mübarizə aparacaq. Türkiyə klubları “Qarabağ”a nəzərən daha böyük resurslara malikdir və onların da pley-offda oynamasına bir maneə yoxdu. Həmişə olduğu kimi, türk klublarının əsas rəqibi elə özləridir. Heyətləri çox yaxşıdır, dünya səviyyəli məşqçi və futbolçulara malikdilər. Rəqiblərə yuxarıdan-aşağı baxmasalar, Türkiyə Superliqasını üstün tutub avrokuboklara barmaqarası yanaşmasalar, güclərini tam ortaya qoysalar, hətta ilk 8-likdə belə yer ala bilərlər. Ancaq bunu əminliklə söyləmək olmur. Çox yaxşı formada olan “Beşiktaş”, Joze Mourinyonun başçılıq etdiyi “Fənərbaxça”, İkardili, Batşuayili, Musleralı “Qalatasaray” Avropa Liqasında nəinki liqa mərhələsi, hətta ümumi turnirin favoritləridir. Qalır bu adı meydanda təsdiqləmək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR