İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa və ABŞ Orta Dəhliz üçün birləşir - detallar

Hər iki mərkəzdə Zəngəzur dəhlizinə baxış da dəyişib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Cənubi Qafqaz vasitəsilə Orta Dəhliz-Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) inkişaf etdirmək üçün Anlaşma Memorandumu imzalayıblar. 

Anlaşma Memorandumu AYİB-in Ermənistanda keçirilən illik toplantısı və biznes forumu çərçivəsində AYİB-in bank işi üzrə vitse-prezidenti Matteo Patrone və USAID-in Avropa və Avrasiya Bürosunda Administrator köməkçisi Erin Elizabeth McKee tərəfindən imzalanıb.

AYİB-in yaydığı məlumata görə, tərəfdaşlıq Azərbaycan, Ermənistan və Gürcüstanda ticarətin, “yaşıl enerji”nin, yeni sənaye sahələrinə investisiyaların, nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsinə diqqət yetirəcək: “Orta Dəhlizin gücləndirilməsi regionda yeni, transformativ iqtisadi imkanlar yaradacaq və mövcud kommersiya dəhlizlərinə alternativ nəqliyyat marşrutu təqdim edəcək”.

Memorandum regionda mühüm enerji, nəqliyyat, rəqəmsal və kənd təsərrüfatı infrastrukturunun planlaşdırılması, dizaynı və tikintisini təkmilləşdirməyi hədəfləyir. Həmçinin memorandumla gömrük, tarif və sərhəd əməliyyatlarının səmərəliliyini artırılması, Orta Dəhlizin inkişafı üçün Cənubi Qafqaz iqtisadiyyatlarına özəl investisiyalarının cəlb edilməsi, eləcə də Avropa və Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqəni inkişaf etdirmək üçün ən yüksək beynəlxalq standartların tətbiqi hədəflənir. Digər əməkdaşlıq prioritetləri karbonsuz enerji imkanlarına sərmayələrin genişləndirilməsinə və korrupsiya ilə mübarizə və vətəndaş cəmiyyəti ilə əlaqəni genişləndirmək üçün siyasət və idarəetmə islahatlarının təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

Ötən payızdan  - Qırmızı dənizdə yükdaşımalara ciddi problem yaranandan sonra Avropa İttifaqının bu dəhlizə marağı qat-qat artıb. Mart ayında rəsmi Brüssel marşrutun zəif həlqələri olan Qazaxıstan, Özbəkistan və Qırğızıstanda infrastrukturla bağlı layihələrə 4,7 milyard avro ayırıb. Aİ-nin dəhlizinn inkişafına 10 milyard avro sərf edəcəyi açıqlanıb. 

Lakin bu yatırımların dəhlizin gözlənilən inkişaf səviyyəsinə çatması üçün yetərli hesab olunmur. Layihənin icrasına vəsaitn ayıran Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov hesab edir ki, dəhlizin cəlbedici olması üçün bir sıra istiqamətlərdə ciddi işlər görülməlidir: “Bu dəhliz Çindən Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstana və ondan kənara uzanır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Çünki bu dəhlizin iqtisadi cəhətdən səmərəli olması üçün infrastruktura əhəmiyyətli investisiyalar, həmçinin siyasətdə dəyişikliklər, islahatlar, tariflərin və sərhəd prosedurlarının uyğunlaşdırılması tələb olunur.

İndi özəl sektorla əlaqə qursanız onlar, Orta Dəhlizin hazırda digər mövcud alternativlərdən 3-4 dəfə baha olduğunu deyəcəklər. Beləliklə, bu dəhlizin tam potensialını həyata keçirmək üçün burada biznesin aparılması xərcləri əhəmiyyətli dərəcədə azaldılmalıdır".

Azərbaycanda hesab edirlər ki, bu il Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca yükdaşımalarının həcminin artırılması üçün dar boğazların aradan qaldırılmasına nail olunacaq. 

“Fitch Solutions” (FS) şirkətinin ekspertləri həm Şimal-Cənub, həm də Orta Dəhlizlə daşımaların sürətlə artacağını, Azərbaycanın bu daşımalardan gəlirinin artacağını gözləyirlər. Onların hazırladıqları hesabatda qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi Orta Dəhliz ticarət marşrutuna qlobal marağın yenidən artmasına səbəb olub: “Dünya Bankı hesab edir ki, Orta Dəhliz üzrə ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artacaq. Azərbaycan Xəzər dənizi sahili sayəsində Mərkəzi Asiyanı Qafqaza, oradan da Avropaya birləşdirən bu ticarət yolunun mühüm hissəsi olacaq.

Azərbaycanın Şərqlə Qərb, Şimal və Cənub arasında strateji kəsişmə nöqtəsində yerləşən coğrafi mövqeyi onun Qoşulmama Hərəkatının sədri kimi geosiyasi mövqeyini təqdir edir. Məsələn, 2017-ci ildən tikintisi davam etdirilən Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun 2023-cü ilin oktyabrında açılışı olub, eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun təkmilləşdirilməsi işləri 2024-cü ildə başa çatdırılıb".

Ekspertlərə görə, dəyişikliklər, ticarət həcminin daha çox artacağı ilə bağlı gözləntilər Çin və Avropa İttifaqı arasında Orta Dəhliz marşrutu ilə yükdaşıma qabiliyyətini beş dəfə artıracaq: “Biz bununla bağlı sabit sərmayənin əvvəlki onillikdəki 3 faiz azalmadan, növbəti beş ildə orta hesabla illik 6,3 faiz artacağını proqnozlaşdırırıq”.

Onu da qeyd edək ki, AYİB-lə USAID arasında memorandum imzalanan İrəvanda bir gün əvvəl Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və İnstitusional Gücləndirmə üzrə direktoru Adrienne Kirali “Dayanıqlı ticarətin, enerjinin və logistika marşrutlarının inkişafında Cənubi Qafqazın rolu” mövzusunda müzakirələr çərçivəsində bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması çox vacibdir, çünki bu, Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan arasında regional nəqliyyat kommunikasiyalarının açılmasına töhfə verərdi. 

Aİ rəsmisinin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi əvvəllər mövcud olan ticarət əlaqələrinin məhvinə, eləcə də qlobal sülhün və sabitliyin pozulmasına gətirib çıxarıb. O hesab edir ki, bu, Avropa və Asiya arasında Rusiyadan yan keçəcək ticarət yollarının sürətli inkişafına ehtiyac yaradıb. Onun sözlərinə görə, söhbət Transxəzər nəqliyyat dəhlizində dayanıqlığın və multimodal daşımanın təmin edilməsindən gedir. Adrienne Kirali bu layihənin beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasının asanlaşdırılmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, layihənin həyata keçirilməsi üçün iqtisadi investisiya planının hazırlanması və investisiya dəstəyi vacibdir.

Avropa Komissiyasının nümayəndəsi həmçinin ticarətin inkişafına şərait yaratmaq üçün prosedurların uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, regionun nəhəng iqtisadi potensialını və Mərkəzi Asiyanı Aİ ölkələri ilə birləşdirəcək dəhlizi açmaq lazımdır.

Aİ nümayəndəsi konkret “dəhliz”in adını çəkməsə də, Ermənistan mətbuatı söhbətin Zəngəzur dəhlizindən getdiyini vurğulayır.

Göründüyü kimi, Avropa İttifaqı, USAID-in timsalında ABŞ Asiya-Avropa yükdaşımalarının reallaşacağı əsas ölkə olaraq Azərbaycanı görür və Ermənistanın Bakı tərəfindən irəli sürülən Zəngəzur dəhlizi layihəsinə razılaşmasını istəyirlər. Bu, son 4 ildə Azərbaycanın ardıcıl olaraq irəlilətməyə çalışdığı dəhliz layihəsinin kifayət qədər böyük perspektivinin olduğunu bir daha sübut edir. Aİ və ABŞ-da yaxşı anlayırlar ki, Transxəzərin alternativi olmadığı kimi, onun Azərbaycandan keçməsinin də alternativi yoxdur. Və Bakı qonşu Gürcüstanla kifayət qədər möhkəm və strateji əməkdaşlıq münasibətləri qurub, Orta Dəhlizlə ötürüləcək yükləri onun üzərindən yola sala biləcək. Bu istiqamətdə əsas daşıma arteriyası olacaq Bakı-Tiflis-Qars dəmiryol xəttinin ötürücülük gücünün artırılması məqsədilə həyata keçirilən layihə başa çatdırılıb. Azərbaycan Dəmir Yolundan verilən məlumata görə, mayın 20-dən etibarən yeni təmir edilmiş dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq: xəttin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.

BTQ dəmir yolunun Gürcüstan hissəsi 2023-cü il mayın 16-dan təmir-bərpa işləri ilə əlaqədar bağlanmışdı. BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.

Dəmir yolunun Gürcüstan hissəsinin təmiri nəticəsində BTQ üzərindən yükdaşımaların həcminin ildə 5 milyon tona çatdırılması planlaşdırılır.

Azərbaycan Ermənistan üzərindən yükdaşımaların reallaşması perspektivini nəzərə almaqla, bu istiqamətdə də infrastrukturunu formalaşdırır: Füzuli rayonunda beynəlxalq səviyyəli hava limanı istismara verilib. Bakıdan Zəngilana qədər müasir səviyyəli avtomobil yollarının tikintisi istiqamətində işlər tamamlanmaq üzrədir. Eyni zamanda Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi layihəsi üzrə işlərin 50 faizə yaxını başa çatdırılıb, xəttin 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. 

Aİ və ABŞ Orta Dəhlizin bir qolunun Ermənistan üzərindən keçməsində həm də ona görə maraqlıdırlar ki, İran marşrutunun işə salınmasını əngəlləsinlər. Məlumdur ki, Azərbaycan Tehranla İran ərazisindən Naxçıvana avtomobil, dəmiryol və yüksək gərginlikli elektrik xəttinin çəkilməsinə dair müqavilə imzalayıb, artıq layihələndirmə işləri başa çatıb və fiziki işlərin həyata keçirilməsinə başlanıb. İrəvan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsi ilə razılaşmasa, dəhliz məhz İran ərazisindən reallaşdırılacaq. Bu isə İrana qarşı sanksiyaları getdikcə sərtləşdirən ABŞ və Aİ-yə sərf etmir. Həmçinin hər iki mərkəzdə Azərbaycanla Ermənistan arasında iqtisadi bağların yaranması və möhkəmlənməsini bölgədə davamlı sülhün təminatı kimi görürlər...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR