Onlayn ictimai-siyasi qəzet
Avropa Üçüncü Dünya Müharibəsinə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşri məlumat yayıb.
Nəşr yazır ki, 2024-cü ildə bir çox Avropa ölkəsi NATO-nun cavabını tələb edəcək mümkün hərbi hücuma qarşı hazırlıqlara başlayıb.
Britaniya müdafiə eksperti Frensis Tus qeyd edir ki, Polşa, Finlandiya və Baltikyanı ölkələr artan Rusiya təhdidi qarşısında müdafiə xəttlərini gücləndirir, səngərlər tikir və sursat istehsal edən zavodlar qurur.
"Polşa şərq sərhədlərini artan Rusiya təhlükəsindən qorumaq üçün İsrailin "Dəmir Günbəz" sisteminə bənzər sərhəd və hava hücumundan müdafiə sistemlərinə ən azı 2,5 milyard avro xərcləyəcək", - deyə nəşr qeyd edir.
Ekspertin sözlərinə görə, Avropanın özünün raketdən müdafiə sistemi olmalıdır. O əlavə edib ki, Avropa da İsrail kimi təhlükəli zonadadır.
"May ayında Varşavada Avropa liderləri ilə görüşdə baş nazir Donald Tusk bildirib ki, Avropada raket və dronlardan qoruyan dəmir günbəzin yaradılması zəruridir", - deyə məqalədə qeyd olunur.
Polşanın müdafiə layihəsi, fiziki tank əleyhinə maneələr, sığınacaqlar və süni intellekt əsasında pilotsuz uçan vasitələrə qarşı müdafiə texnologiyasını əhatə edir. Bu, ölkənin müharibə sonrası tarixində ən vacib milli təhlükəsizlik sərmayəsi ola bilər.
Qeyd edək ki, hazırda Polşa müdafiəyə 37 milyard avro xərcləyir. Bu, ÜDM-nin 4,7%-ni təşkil edir və büdcənin artırılması məsələsi artıq müzakirə olunur.
Ekspert həmçinin qeyd edir ki, "Şimali Avropa ölkələri arasında müştərək fikir yaranıb ki, əgər Ukrayna Rusiya ilə müharibədə uduzarsa, sonuncu Baltikyanı ölkələrə, Finlandiyaya və Polşaya qarşı hərbi əməliyyatlara başlamağa qərar verə bilər".
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ