İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa təşviş içində - Enerji sektoru üçün CİDDİ TƏHLÜKƏ yarandı

Fevralın 24-də başlayan Ukrayna müharibəsi səbəbindən Rusiya ilə Qərb arasında gərginlik artıb. Rusiya prezidenti Putin Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq qitəyə qazı əhəmiyyətli dərəcədə azaldıb. Avropa qaz qıtlığı və bahalaşmanın kölgəsində sərt qışa hazırlaşır.

Musavat.com "Politico"ya istinadən xəbər verir ki, böhranın dərinləşdiyi bir vaxtda “Şimal axını 2” boru kəmərində təzyiq qəfildən 105-dən 7-yə enib.

Dünən baş verən müəmmalı hadisədən sonra ilk açıqlama Almaniyadan gəlib. Almaniya İqtisadiyyat Nazirliyi təzyiqin düşmə səbəbi ilə bağlı dəqiq məlumata malik olmadıqlarını və araşdırmaların davam etdiyini bildirib.

ENERJİ SEKTORU ÜÇÜN CİDDİ TƏHLÜKƏ

Məsələ ilə bağlı digər bəyanat Danimarkadan verilib. Danimarka Rusiyadan təbii qaz daşıyan "Şimal axını 2" boru kəmərində sızıntılar olduğu və bu səbəbdən dəniz nəqliyyatı üçün ciddi təhlükə yarandığı barədə xəbərdarlıq edib.

Boru kəmərinin keçdiyi Bornholm adası yaxınlığında 9 kilometr uzunluğundakı giriş qadağan edilmiş zona elan olunub.

Danimarka Energetika Nazirliyi dünənki bəyanatda hazırda işləməyən boru kəmərində təzyiqin düşməsi xəbərini aldıqdan sonra hərəkətə keçdiklərini bildirib. Bugünkü açıqlamada isə "Şimal axını 1"də də oxşar sızıntılar olduğu vurğulanıb.

Ölkənin iqlim və energetika naziri "AFP"yə bildirib ki, enerji sektoru həyəcan təbili çalır, qaz və elektrik enerjisi ilə bağlı yüksək səviyyədə hazırlıq görülür.

Xətti işlədən "Nord Stream 2 AG" şirkəti təzyiqin azalmasının gecə saatlarında baş verdiyini açıqlayıb.

Şirkətdən verilən yazılı açıqlamada bildirib ki, "Şimal axını 2" xəttində sürətli təzyiq enişi olub və məsələ araşdırılır.

Qeyd edək ki, şirkətin səhmlərinin böyük hissəsi Rusiyanın dövlət qaz nəhəngi “Qazprom”a məxsusdur.

QAZ TƏMİNATINA NECƏ TƏSİR EDƏCƏK?

Danimarka Energetika Nazirliyinin bəyanatında bildirilir ki, qadağan olunmuş ərazidən kənarda sızma ilə bağlı təhlükəsizlik riski yoxdur və hadisənin ölkənin qaz təchizatına hər hansı bir təsiri gözlənilmir.

“Şimal axını 2” xətti Rusiyadan Almaniyaya və digər Avropa ölkələrinə qaz nəqli üçün tikilib, lakin fevralda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra milyardlarla avroluq layihə dayandırılıb. Bununla belə, boru kəmərində əvvəlcədən vurulan təbii qaz var və böyük miqdarda qazın atmosferə atılacağı qorxuludur. 

“Şimal axını 1” paralel boru kəməri də bir neçə həftə bağlı qalıb. "Qazprom" bildirib ki, daha əvvəl baş vermiş sızıntı aradan qaldırılıb.

Avropa İttifaqı Rusiyanı Avropanı şantaj etmək üçün qaz tədarüklərindən istifadə etməkdə günahlandırır. Moskva isə bu ittihamları qəbul etmir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR