İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisinə qoşun yeridəcək-ŞƏRH  

ABŞ prezidenti Donald Tramp ötən gün bildirib ki, Rusiyaya qarşı sanksiyalar “nə vaxtsa” ləğv oluna bilər, lakin bunun vaxtı hələ çatmayıb.

“Düşünürəm ki, bu, nə vaxtsa olacaq, amma indi biz sanksiyaları ləğv etmək barədə razılığa gəlməmişik”, - ABŞ prezidenti bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında xatırladıb ki, Donald Tramp hələ prezident seçilməmişdən öncə öz elektoratına söz vermişdi ki, Rusiya-Ukrayna müharibəsini bir sutka ərzində dayandıracaq.

Politoloq vurğulayıb ki, inaqurasiyadan 1 ay keçib, amma müharibə hələ də davam edir: “Tramp vəzifəsinin icrasına başlayan kimi bu məsələnin həllinə çalışdı. Görünən odur ki, hazırkı reallıqlarda bu, onun siyasi gündəliyinin əsas hissəsini təşkil edir. Lakin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların sayı on minlərlədir. Müharibə bitərsə, sanksiyalar mərhələli şəkildə ləğv ediləcək. Digər tərəfdən diqqət çəkən məqam ondan ibarətdir ki, Avropa İttifaqının da Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar var. Gec-tez Avropa da danışıqlar masasına əyləşəcək. Bunu Rusiya da istəyir. Fevralın 28-də ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda görüş keçiriləcək. Görüşdə Ukraynanın mineral ehtiyatlarının istismarı ilə bağlı müzakirə olacaq və müəyyən razılaşmanın əldə olunacağı ehtimal edilir. Zelenski buna qarşı çıxsa da, sülh müqabilində sanki mineral ehtiyatların istismarı haqqında razılaşma əldə olunub. Digər tərəfdən Rusiyanın özünün mineral ehtiyatlarının ABŞ şirkətləri tərəfindən istismarı da nəzərdə tutulur. Bu, Rusiya əhalisində və ordusunda müəyyən narazılığa səbəb olub, çünki onlar kollektiv Qərbə qarşı vuruşurdular. Müharibə başlamadan öncə belə bir iddia var idi, kollektiv Qərb Rusiyanın sərvətlərinə yiyələnmək istəyir və bunun üçün Ukraynadan istifadə edir. Lakin görünən odur ki, Rusiya buna nəinki, qarşı çıxmır, əksinə ikiəlli razıdır ki, iqtisadi fəaliyyət  Rusiya xam malı üzərində təşviq olunsun”.

Politoloq hesab edir ki, Avropa öz təhlükəsizliyi haqqında düşünməlidir: “Fransa, Almaniya, Böyük Britaniyadan ibarət sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsi barədə fikirlər səslənir. Fransa prezidenti Emmanuel Makron ABŞ-ə səfəri çərçivəsində Ukraynada Avropa kontingentinin olması ilə bağlı sanki Trampı razı saldı. Hesab edirəm ki, Ukraynanın ərazi itkiləri nəticəsində sülhün formalaşması baş tutacaq. Avropa təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisinə qoşun yeridəcək. ABŞ isə həm Rusiyanın, həm də Ukraynanın mineral ehtiyatlarını istismar edərək müharibədən daha qazanclı şəkildə çıxacaq. Ukrayna ərazisinə qoyulan vəsait isə illər sonra artıqlaması ilə ABŞ iqtisadiyyatına transfer olunacaq”.

ABŞ-Rusiya arasında diplomatik təmasların intensivləşməsini şərh edən İ.Hüseynov bildirib ki, sanksiyaların ən yaxın müddətdə ləğv edilməsi üçün birbaşa təmaslar olmalıdır:

“Ər-Riyadda keçirilən görüşdə həm də diplomatik nümayəndəliklərin əvvəlki tərkibdə fəaliyyətə başlaması ilə bağlı müzakirələr oldu. Belə bir təəssürat yarandı ki, Rusiya-Ukrayna müharibəsinin həlli siyasi gündəliyin əsas məsələsi deyil. Əsas məqsəd Rusiya-ABŞ arasında siyasi, iqtisadi münasibətləri formalaşdırmaq, hətta hərbi sahədə əməkdaşlıq yaratmaqdır. Hətta strateji silahların ləğvi ilə bağlı da fikir mübadiləsi aparılmışdı. Buna görə də Rusiya XİN rəhbəri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşdən razı qalmışdılar. Ümumiyyətlə, Trampın ilk zəngi Moskvaya etməsi Rusiya tərəfini razı salıb. Daha sonra Kiyevə zəng etdilər, bu isə Rusiyaya böyük jestdir. Rusiya ilə sanki qalib tərəf kimi danışırlar”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR