İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgənin zəif “bəndi” - Rusiya Ermənistanı ram eləsə...

Paşinyan parlament seçkilərini uduzsa, rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsi bölgədə hər şeyi dəyişəcək

Azərbaycan-Rusiya münasibətlərində “soyuq müharibə” bitsə də, Moskvanın Güney Qafqaza yönəlik “hibrid savaşı” davam edir. Səbəb bəllidir: Kremlin regionla bağlı əsas hədəfləri dəyişməyib. Cənubi Qafqazın ən zəif “bəndi” isə Ermənistandır. Çünki Rusiyanın bölgədəki legitim hərbi bazaları məhz onun ərazisindədir. Üstəgəl, Türkiyə-Ermənistan, İran-Ermənistan sərhədini hələ də rus hərbçilər (“FSB”-FTX) qoruyur.

Bu xüsusda qarşıdakı ayların və gələn ilin bütövlükdə region üçün kifayət qədər taleyüklü və həlledici olacağını söyləmək mümkündür. Daha iki səbəbdən: 2026-ci ildə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizində (“Tramp marşrutu”nda) əsas işlərə başlanma ehtimalı yüksəkdir.

Erməni politoloq Ruben Mehrabyan Youtube kanalında deyib ki, Rusiya Prezident Administrasiyası rəhbərinin 1-ci müavini Sergey Kiriyenko bütün postsovet ölkələrini kurasiya edir: “Rusiya təsirinin yayılmasına nəzarət edir. Hibrid müharibənin, informasiya-təxribat savaşının baş komandanıdır. Ona görə də Ermənistan və Azərbaycan onların anlamında bir-birindən çox az fərqlənir”.

Onun sözlərinə görə, Rusiya balta ilə işləyir, onun üçün yaradıcılığa, kreativliyə yer yoxdur. Rusiya ancaq dayandırılanda dayanır.

Azərbaycan, ABŞ və Ermənistan arasında Ağ Evdə imzalanan 8 avqust sənədləri ilə bağlı Rusiyanın mümkün gedişlərinə toxunan erməni təhlilçi bildirib: “8 avqust tarixli Vaşinqton razılaşmalarına rəsmi Kremlin reaksiyası millimetrə qədər hesablanmış bir mövqedir. Moskva deyir ki, bəli, təbii ki, biz razıyıq, sülhü alqışlayırıq, amma bəzi suallar var, hələlik yerdə tikinti işi yoxdur, ona görə də bu suallar bizim üçün cavabsız qalır. Amma bu sualları verəcəyik”.

Sözünə davam edən erməni politoloq Moskvanın Bakı və İrəvandan konkret gözləntisindən də danışıb: “Rusiyanın gözləntiləri nədir? Moskva ümidlidir ki, Azərbaycan Ermənistanı şantaj etməyə davam edəcək və bu fonda o, bizi "xilas etmək" üçün, daha doğrusu, öz imperiya maraqlarını reallaşdırmaq üçün hərəkətə keçəcək".

Mehrabyanın qənaətincə, Moskva buna Ermənistana göndərilən və qara-qışqırıq salan desantların, yerli qüvvələrin köməyi ilə nail olmağa çalışır.

Bəs Rusiya keçmiş satellitini ram edə biləcəkmi? Bakı, Ankara və Vaşinqton buna qarşı nə edə bilər?

Abutalıb Səmədov: Azərbaycanın paytaxtı Kürdəmir olsun

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, təkcə erməni siyasi təhlilçiləri deyil, Kreml də bu ümidləri saxlamaqdadır: “Hələ də ümid edirlər ki, Ermənistanı Qərbə yaxınlaşmaqdan çəkindirmək mümkün olacaq və əvvəlki orbitinə qaytarmaq cəhdləri uğurla nəticələnəcək. Bu məqsədlə də yeni siyasi birlik yaratmaq cəhdləri göstərilir. Rusiya Ermənistanda nüfuzu, çəkisi olan gücləri birləşdirməyə çalışır. Bir tərəfdən erməni kilsəsi, digər tərəfdən Samvel Karapetyan başda olmaqla, böyük kapitala malik iş adamları birləşdirilir. Hələlik yalnız Robert Köçəryan bu birliyə qoşulmaq istəyini ifadə edib, gələcəkdə digər qüvvələrin, o cümlədən Serj Sərkisyanın da buraya qoşulmaq ehtimalı çoxdur”.

Siyasi ekspert vurğuladı ki, bu, kifayət qədər təhlükəli bir layihədir və bölgənin gələcəyinə çox ciddi təsir göstərə bilər: “Əgər Rusiya məqsədinə nail olsa, Nikol Paşinyan parlament seçkilərini uduzsa, rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsi bölgədə hər şeyi dəyişəcək. 8 avqust Vaşinqton razılaşmalarının icra olunması da bu zaman dayandırılacaq, sülh sazişinin imzalanması qeyri-mümkün olacaq və təbiidir ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi də alınmayacaq. Bu təhlükələri həm Qərb, həm Türkiyə, həm də Azərbaycan nəzərə almalıdır və bunun reallaşmaması üçün gərəkən işlər görülməlidir. Paşinyan son bir ildə nüfuzunu müəyyən qədər itirib. Ancaq bu gün yenə də Ermənistanın ən nüfuzlu siyasətçisidir. Ondan sonra müxalifət liderləri içərisində nisbətən nüfuza sahib olan Robert Köçəryandır. Bu nüfuzun az olduğunu, parlament seçkilərində qalib gəlməyə bəs etməyəcəyini nəzərə alan Rusiya rəhbərliyi bu yaxınlarda Köçəryanı Moskvaya dəvət elədi, onu təlimatlandırdılar və başa saldılar ki, əvvəlki qaydada seçkiyə getmək heç bir nəticə verməyəcək, birləşmək lazımdır. Ola bilər, Samvel Karapetyanın timsalında yeni bir lider ortaya çıxaracaqlar”.

A.Səmədov dedi ki, bu vəziyyətdə hansı addımların atıla biləcəyi, Rusiyanın bu planlarını pozmaq üçün hansı işlərin görülməli olduğu barədə ciddi müzakirələrə ehtiyac var: “Ən azı Nikol Paşinyanın Ermənistanda nüfuzunu aşağı salacaq heç bir addım atılmamalıdır, heç bir bəyanat verilməməlidir. Mən hesab edirəm ki, Azərbaycan Prezidentinin Astanada Ermənistanla yolların açılması barədə səsləndirdiyi bəyanat da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Ancaq bu istiqamətdə iş davam etdirilməlidir. Ermənistan həlledici seçkilər ərəfəsindədir və rusiyapərəst qüvvələrin bu seçkilərdə qalib gəlməsinə qətiyyən imkan verilməməlidir. Burada ABŞ-nin üzərinə də böyük iş düşür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR