Onlayn ictimai-siyasi qəzet
Avropa Parlamenti (AP) Brüsseldə keçirilən iclasında Aİ-nin Böyük Britaniya ilə birlikdə hansı bayraq altında üzməsindən asılı olmayaraq, Rusiya neftini daşıyan tankerlərə La-Manş boğazını bağlamasını tələb edən qətnamə qəbul edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, Avropa Parlamenti həmçinin boğazlara nəzarət edən dünyanın digər ölkələrini Rusiya neftini daşıyan gəmilərin hərəkətini məhdudlaşdırmaq üçün öz tədbirlərini görməyə çağırmaq niyyətindədir.
Avropa Parlamenti bundan əlavə, neft nəqlinə nəzarət üçün inzibati mexanizmlərin təcili işlənib hazırlanmasına, Rusiya nefti daşıyan tankerlərin izlənməsi məqsədilə “peyk və dronlardan” istifadəyə, həmçinin dənizdə “şübhəli gəmilərin” yoxlanılmasına icazə verməyə çağırır.
Qətnamə layihəsində Aİ-nin “qara siyahıları”na “Rusiya neftini daşıyan bütün gəmilər”in, həmçinin “onların sahiblərinin, operatorlarının, sığorta şirkətlərinin, bu gəmilərə xidmət göstərən bankların” əlavə edilməsi təklif edilir. Bundan əlavə, Avropa Parlamentinin deputatları bayraqları altında Rusiya neftini daşıyan tankerlərin üzdüyü dövlətlərə qarşı “diplomatik tədbirlər” görmək istəyirlər.
Sənəddə qeyd olunur ki, “Avropa İttifaqı və Yeddilik Qrupu ölkələri qlobal neft tədarükünü qorumaq və Rusiyanın gəlirlərini məhdudlaşdırmaq üçün Rusiya xam nefti və neft məhsullarına qiymət tavanı tətbiq ediblər”, lakin bu tədbirlər uğursuzluqla nəticələnib. Bildirilir ki, Qərbin nəzarəti olmadan Rusiya neftinin nəqlində 600-ə qədər gəmi iştirak edir.
Qeyd edək ki, Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır və hətta Aİ təsisatları üçün də məcburi deyil. Eyni zamanda, ictimaiyyətin və biznesin müəyyən tədbirlərə reaksiyasını qiymətləndirmək üçün barometr rolunu oynayır. Həmçinin bu mətnlər Avropa rəsmiləri tərəfindən siyasi bəyanatlarda arqumentlər irəli sürərkən geniş istifadə olunur.
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ