İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ölkələri Ukrayna taxılına qarşı: İyulda beşli müzakirə keçiriləcək

Polşa hökuməti Mərkəzi Avropanın 5 ölkəsinin iştirakı ilə Ukrayna taxılının çatdırılması məsələsinin müzakirəsini təşkil edir. Söhbət Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyadan gedir. Varşavada keçiriləcək müzakirələrdə Ukraynanın kənd təsərrüfat naziri də iştirak edəcək.

Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Robert Telus yerli mətbuata bildirib ki, müzakirə iyulun ikinci yarısında keçiriləcək. Nazirin dediyinə görə, Avropa İttifaqının iyunun 26-da ucuz Ukrayna məhsullarına görə Mərkəzi Avropa ölkələrinin fermerlərinin üzləşdiyi itkiləri kompensasiya etmək üçün ayırdığı 100 milyon avro problemi bütünlüklə həll etmir.

Polşa yetkilisi hesab edir ki, məsələ ilə bağlı Ukraynada müharibə başa çatdıqdan sonra da işləyə biləcək dəqiq mexanizm yaradılmalıdır.

Aprel ayında Mərkəzi Avropa ölkələri birtərəfli qaydada Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalını qadağan etdilər. Bundan sonra Avropa Komissiyası məsələyə qarışaraq sentyabrın 15-dək Ukraynadan buğda, qarğıdalı, raps və günəbaxan tumlarının idxalına embarqo tətbiq edib.

Mərkəzi Avropa ölkələri Ukrayna məhsullarının öz ərazilərindən tranzit daşınmasına icazə versələr də, onların yerli bazarlarda satışına qarşıdılar. Çünki ucuz Ukrayna məhsulları yerli fermerlərin bazardan sıxışdırılmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, Qara dəniz limanlarından Ukrayna taxılının dünya bazarında çıxarılması iyulun 20-dən dayana bilər. Rusiya dəfələrlə bəyan edib ki, İstanbul razılaşmasında onun məhsullarının dünya bazarına rahat çıxışını təmin etmək üçün nəzərdə tutulan müddəalar icra olunmadığına görə Taxıl dəhlizinin işinin davam etdirilməsinə razı olmayacaq.

Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən bu il ölkədə 46 milyon ton civarında taxıl toplanacaq. Bunun 18 milyon tonu daxili tələbatın ödənməsinə yönəldiləcək, qalanı isə ixrac olunmalıdır...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR