İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa missiyası Azərbaycanla sərhəddə patrul xidmətinə başladı - Hansı sərhəd, onu kim müəyyən etdi?

Hərbi ekspertdən həyəcan təbili: “Mülki missiya patrul xidməti həyata keçirə bilməz, bunu edirsə, deməli, məkrli maraqlar var...”

Avropa Birliyinin (AB) Ermənistandakı müşahidəçiləri Azərbaycanla sərhəddə dünən ilk patrul xidmətinə başlayıb. Bu barədə Avropa Birliyi Təhlükəsizlik və Müdafiə Xidmətinin “Twitter” mikrobloqunda yayılan məlumatda deyilir.

“Növbəti iki ay ərzində AB-nin monitorinq missiyası etimadın möhkəmləndirilməsi və sərhəd məsələləri üzrə komissiyaların işini təşviq etmək məqsədilə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindəki vəziyyətə nəzarət edəcək”, - məlumatda deyilir.

Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan isə deyib ki, Azərbaycan artıq delimitasiya və demarkasiya prosesini demək olar ki, başa çatdırıb. Onun sözlərinə görə, Azərbaycan 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında “hücumları” ilə təsəvvür edə biləcəyimizdən də böyük problemi həll etməyə çalışır.

“Azərbaycan Ermənistanı həyat qabiliyyətindən məhrum etməyə çalışır. Təbii ki, ərazi itkilərinin qeydə alınması çox vacibdir, lakin Azərbaycanın əsas məqsədi təkcə yaşayış məntəqələri deyil. Məqsəd Ermənistanı sadəcə olaraq həyat qabiliyyətindən, yəni normal mübarizə aparmaq imkanından məhrum etmək üçün kritik obyektlər və kommunikasiyalar üzərində belə nəzarət yaratmaqdır”, - Abramyan iddia edib.

Erməni deputat hesab edir ki, Azərbaycan faktiki surətdə delimitasiya və demarkasiya prosesini doğru bildiyi şəkildə, demək olar, tam başa çatdırıb. “Bundan başqa, mövcud vəziyyət gələcəkdə Ermənistan üçün yeni problemlər yaradacaq. Azərbaycan geniş ərazilərdə yerləşərək bir neçə onilliklər kontekstində əsas vəzifəsini həll edib”, - deyə Tiqran Abramyan bildirib.

Qeyd edək ki, bu ayın 6-da Praqada Avropa Siyasi Birliyinin ilk sammiti, Əliyev-Mişel-Paşinyan-Makron görüşü çərçivəsində sərhədə 40 nəfərdən ibarət və 2 aylığına heyət - müşahidə missiyası göndərmək barədə razılıq əldə olunub. Rəsmi Bakı missiya ilə sırf öz maraqlarına uyğun olaraq, lazım bildiyi səviyyədə (qismən) əməkdaşlıq edəcəyini vəd verib.

Maraqlıdır, bəs avropalı müşahidəçilər sərhədin harasında müşahidə aparır, sərhədi necə, kim, hansı sənədlə müəyyən elədi?

Hərbi ekspert müdafiə nazirlərinin görüşü barədə: böyük perspektivlər vəd  edir - 23.01.2020, Sputnik Azərbaycan

Üzeyir Cəfərov 

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, bir sıra beynəlxalq təşkilatları və onların fəaliyyətini şişirdib onlara qol-qanad açmaq üçün şərait yaratmaq yanlışdır: “Məhz bu yanlışılıqlar olduqca mülki missiya hərbçilərə aid olmalı olan missiyaların görməli olduğu işləri öz üzərilərinə götürmək qədər irəli gedirlər. Mən bu yaşıma gəlmişəm, azdan-çoxdan təcrübəmiz var, indiyə qədər mülki müşahidə missiyasının patrul xidməti həyata keçirməsinə nə rast gəlməmişəm, nə də haradasa bu barədə oxumuşam. Mülki missiya patrul xidməti həyata keçirə bilməz, bunu edirsə, deməli, ortada xüsusi məkrli maraqlar var.

İkincisi, onlar elan ediblər ki, sərhədin Ermənistan tərəfində patrul xidmətini həyata keçirirlər. Belə çıxır ki, özlərinə fəaliyyət göstərmələri üçün hələ bir sərhəd xətti də müəyyən ediblər. Azərbaycanın razılığı olmadan, sərhədlərin delimitasiyası həyata keçirilmədən hansı sərhəddən söhbət gedə bilər?! Bəlkə ermənilər o patrul xidməti adlandırılan missiyaya qəsdən elə bir marşrutu göstərəcəklər ki, orada fəaliyyət göstərmələri böyük qalmaqala, gərginliyə səbəb ola bilər? Belə anlaşılır ki, Ermənistan patrul xidməti həyata keçirəcək missiyaya işləmək üçün sərhəd müəyyənləşidirib. Bəlkə sabah onları elə əraziyə yönələdəcəklər ki, ora Azərbaycanın ərazisi olacaq və Azərbaycan silahlı qüvvələri həmin ərazini qorumaq üçün öz üzərlərinə düşən xidməti borclarını yerinə yetirməli olacaqlar? Yəni göründüyü kimi, ortada çoxsaylı müəmmalı məqamlar, suallar var".

Ekspert hesab edir ki, Avropa Birliyinin mülki müşahidə missiyası adlanan 400 nəfər üçün yeni iş yeri yaradılıb. Həmin missiyanın üzvləri də marağında olacaqlar ki, iş yerlərini itirməmək üçün məsələni maksimum uzatsınlar. Ermənistana da bu sərf etdiyi üçün həmin missiyanın ömrünün mümkün olduğu qədər uzanması üçün lazım olan işləri həyata keçirəcək, Azərbaycanla təmas xəttində təxribatlardan tutmuş, digər yüz cür oyunlar quracaqlar: “Nəticədə necə ki, Minsk Qrupunun həmsədrlərini vasitəçi kimi cəlb edib 30 il məsələni süni şəkildə uzatmağa nail oldular, indi də çalışacaqlar bu cür patrul xidməti, müşahidə missiyalarının müddətini uzatmaqla problemi sonsuza qədər uzatsınlar və Ermənistan Hindistan, İran və Rusiya kimi dostlarından silahlar alsın və güclənsin. Əslində bu vəziyyət Rusiyaya da sərf edir. Sanki məsləhətləşib birlikdə plan hazırlayıblar. 40 nəfərlik müşahidə missiyası ərazidə olduğu vaxt Azərbaycan Müdafiə Naizrliyinin avtomobili ermənilər tərəfindən atəşə tutuldu. Həmin müşahidə missiyasından bu hadisə barədə bir kəlmə də olsun açlıqlama, rəy olmadı. Bu faktın özü də bundan sonrakı dövrdə müşahidə missiyasının həyata keçirəcəyi patrul xidmətinin əslində necə işləyəcəyini göstərir. Ermənilər təxribatlar edəcək, müşahidə missiyası göz yumacaq, özünü görməzliyə vuracaq, təxribatıarın qeydiyyatını aparmayacaq. Ermənilərin törədib Azərbaycanın üzərinə atdığı təxribatları isə Azərbaycanın adına həvəslə yazacaqlar. Nəticədə ortaya çıxaracaqları hesabatda Azərbaycanı günahkar, pozuculuq edən tərəf kimi göstərəcəklər”.

Ü.Cəfərov əlavə etdi ki, Azərbaycan Avropa Birliyi qarşısında ciddi şəkildə məsələ qaldırmalıdır: “Azərbaycan qəti şəkildə məsələ qoymalıdır ki, Azərbaycanla sərhəddə göndərilən müşahidə missiyasının müddəti heç bir halda uzadıla bilməz. Sonda hazırlanacaq hesabatın Ermənistanın tövsiyəsi, diktəsi, yalnız ermənilərin verdiyi informasiyalar əsasında hazırlanmaması üçün də lazımi addımları atmalıyıq. Azərbaycan Avropa Birliyindən tələb etməlidir ki, göndərdikləri missiya ortaya ciddi və problemin həllinə yönəlik iş qoymaq üçün 10 noyabr üçtərəfli bəyanatının tələblərinin Ermənistan tərəfindən icra edilib-edilmədiyinin monitorinqini aparsın və bununla bağlı hesabat hazırlasın”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR