İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ukraynaya müxtəlif sahələrdə dəstək verir

Avropa İttifaqı (Aİ) liderləri və təsisatları Rusiyanın Ukraynaya qarşı təcavüzünü və beynəlxalq hüququn kobud şəkildə pozulmasını kəskin şəkildə pisləyiblər. Onlar Rusiyadan hərbi əməliyyatları dərhal dayandırmağı, qoşunlarını və hərbi texnikasını qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarmağı və Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini tanımağı tələb edirlər.

Avropa İttifaqı Ukraynaya göstərdiyi dəstəyini günbəgün artırmaqdadır. Tarixdə ilk dəfə olaraq Aİ hücuma məruz qalmış Aİ-yə üzv olmayan ölkəyə silah-sursatların və digər texnikaların alınmasını və çatdırılmasını maliyyələşdirir. Eyni zamanda, Aİ Kremlə və Belarusdakı Lukaşenko rejiminə qarşı sanksiyaları sərtləşdirməkdədir.

Aİ Rusiyaya qarşı "geniş miqyaslı sanksiyalar" tətbiq etməyi vəd edib.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropa İttifaqı tarixində ən geniş miqyaslı sanksiyalar hesab olunur və Rusiyanın iqtisadiyyatına və Kremlə ağır zərbə vuracağı gözlənilir.

NATO, G7, ABŞ, Böyük Britaniya, Kanada, Norveç, Cənubi Koreya, Yaponiya və Avstraliya kimi tərəfdaş və müttəfiqləri ilə sıx koordinasiya nəticəsində bu günə qədər Aİ beş sanksiya paketinin qəbul olunmasına dair razılığa gəlib. İlk sanksiya paketi fevralın 23-də Rusiyanın Ukraynadakı qondarma Luqansk və Donetsk respublikalarını tanımasına cavab olaraq qəbul olunub. Növbəti sanksiya paketi fevralın 24-də Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq qəbul olunub. Daha iki sərt sanksiya paketi isə fevralın 26-da, fevralın 28-də və martın 9-da qəbul olunub.

Maliyyə sektoru

Aİ səkkiz Rusiya bankını ölkələrarası bank köçürmələrində istifadə olunan SWIFT sistemindən kənarlaşdırıb. Rusiyanın bu şəbəkədən kənarlaşdırılması bu ölkənin iqtisadiyyatına güclü təsir edəcək və bununla da ölkənin qlobal maliyyə bazarlarına çıxış imkanı olmayacaq. Eyni zamanda, Rusiya şirkətləri və fərdi şəxslərinin idxal olunan mallarının ödənişini və ya ixracı üçün ödənişləri alması çətinləşəcəkdir.

picture.png (1.67 MB)

Aİ həmçinin Rusiyanın ən mühüm maliyyə qurumu olan Rusiya Mərkəzi Bankının əməliyyatlarına qadağa qoyub. Bu, Rusiyanın xaricdəki milyardlarla valyuta ehtiyatlarını iflic edir və həmin vəsaitlərin potensial olaraq “Putinin müharibəsi” üçün sərf olunmasının qarşısını alır.

Aİ-nin sanksiyaları maliyyə sektorundakı mövcud qadağaları daha da genişləndirir və Rusiyanın ən mühüm kapital bazarlarına çıxış imkanını məhdudlaşdırır. Onlar Aİ birjalarında Rusiyaya məxsus dövlət müəssisələrinin səhmləri ilə istənilən əməliyyatları qadağan edir, eləcə də Rusiya vətəndaşlarından və ya rezidentlərindən müəyyən məbləğdən artıq əmanətlərin qəbulunu, eləcə də Aİ-nin qiymətli kağızlar üzrə mərkəzi xəzinələri tərəfindən Rusiyalı müştərilərin hesablarının saxlanması, habelə avro ilə qiymətli kağızların Rusiyalı müştərilərə satışını qadağan etməklə Rusiyadan Aİ-yə maliyyə axınını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Sanksiyalara kripto-aktivlər də daxildir.

Bu sanksiyalar müdafiə sektoru daxil olmaqla Rusiyanın bankçılıq bazarının və əsas dövlət şirkətlərinin 70%-nə təsir göstərib. Onlar Rusiyanın kredit xərclərini və bu ölkədə inflyasiyanı artıracaq və tədricən Rusiyanın sənaye sektorunun çökməsinə gətirib çıxaracaq. Rusiyanın elit təbəqəsinə aid sərvətlərin Avropada gizlədilməsinin qarşısını almaq üçün də əlavə tədbirlər görülməkdədir.

Hava məkanı və nəqliyyat

Avropa İttifaqı Rusiyaya məxsus, Rusiyada qeydiyyatdan keçmiş və ya Rusiyanın nəzarətində olan təyyarələr, eləcə də özəl təyyarələr üçün Aİ-nin hava məkanını bağlayıb. Onlar daha Aİ ərazisində enə, havaya qalxa və ya hava məkanından istifadə edə bilməyəcəklər.

Aİ həmçinin aviasiya və kosmik sənaye sektorunda mal və texnologiyaların ixracına, o cümlədən bu mal və texnologiyalarla bağlı sığorta, təkrar sığorta və texniki xidmətlərin göstərilməsinə qadağa qoyub. Bu sanksiyaların səmərəli olacağı gözlənilir, çünki Rusiyanın hazırkı kommersiya tipli təyyarə parkının dörddə üçü Aİ, ABŞ və Kanada istehsalıdır.

Energetika

Aİ neft emalı sahəsində müəyyən mal və texnologiyaların Rusiyaya satışını, tədarükünü, ötürülməsini və ya ixracını qadağan edib, həmçinin müvafiq xidmətlərin göstərilməsinə məhdudiyyətlər qoyub.
Belə bir ixrac qadağası qoymaqla Aİ Rusiyanın neft sektoruna zərbə vurmaq və Rusiyanı neft emalı zavodlarını müasirləşdirmək imkanından məhrum etmək niyyətindədir.

Texnologiya

Aİ ikili təyinatlı mal və texnologiyaların ixracına məhdudiyyətlər, o cümlədən Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji cəhətdən təkmilləşdirilməsinə töhfə verə biləcək bəzi mal və texnologiyaların ixracına məhdudiyyətlər qoyub. Buraya yarımkeçiricilər və ya qabaqcıl texnologiyalar kimi məhsullar daxildir.

Martın 9-da Aİ dənizçilik sahəsində naviqasiya və radiokommunikasiya üzrə texnologiyaların ixracına əlavə məhdudiyyətlər qoyub, eləcə də Rusiyanın Dəniz Gəmiçiliyi Reyestri təşkilatını maliyyə sahəsində məhdudiyyətlərin tətbiq edildiyi dövlət müəssisələri siyahısına əlavə edib və dənizçilik sahəsində təhlükəsizliyin təmin olunması üzrə avadanlıqların ixracı zamanı əvvəlcədən məlumat mübadiləsi üçün müddəa tətbiq edib.

Media

Aİ Sputnik və RT/Russia Today (RT English, RT UK, RT Germany, RT France, və RT Spanish) media vasitələrinin Aİ ərazisində yayımlanmasına qadağa qoyub.

Bu tədbir Ukraynaya qarşı təcavüz dayandırılana və Rusiya və ona bağlı media vasitələrinin Aİ və ona üzv dövlətlərə qarşı dezinformasiya və informasiya manipulyasiyası kimi fəaliyyətləri dayandırılana qədər qüvvədə qalacaq.

Məhdudlaşdırıcı tədbirlər

Artıq məhdudlaşdırıcı tədbirlər ümumilikdə 862 fiziki və 53 hüquqi şəxsə şamil edilir. Buraya aktivlərin dondurulması və siyahıya alınmış fiziki və hüquqi şəxslərə vəsaitlərin verilməsinə qadağa daxildir. Bundan əlavə, sadalanan şəxslərə tətbiq edilən səyahət qadağası onların Aİ ərazisinə daxil olmasına və ya tranzit yolla keçməsinə mane olur.

clip_image001.png (13 KB)

Siyahıya Rusiya prezidenti və xarici işlər naziri, Donetsk və Luqansk qondarma respublikalarının Rusiya tərəfindən tanınmasını dəstəkləyən Milli Təhlükəsizlik Şurasının üzvləri, hökumətin Rusiya Federasiyası ilə iki subyekt arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi ilə bağlı qərarını dəstəkləyən Rusiya Federasiyası Dövlət Dumasının bütün deputatları daxildir. Buraya, həmçinin, neft, bank, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, telekommunikasiya, rəqəmsal texnologiyalar sənayesi və maliyyə sektorlarında fəaliyyət göstərən oliqarxlar və iş adamları, eləcə də Ukrayna əleyhinə təbliğatın yayılmasına və Ukraynanın işğalına müsbət münasibətin formalaşmasına töhfə vermiş hökumət üzvləri, yüksək vəzifəli hərbiçilər və təbliğatçılar daxildir.

Bundan əlavə, diplomatlar, digər Rusiya rəsmiləri və iş adamları artıq Aİ-yə imtiyazlı giriş imkanı verən viza rejiminin sadələşdirilməsinə dair müddəalardan yararlana bilməyəcəklər. Bu qərar adi Rusiya vətəndaşlarına təsir etməyəcək.

Aİ Rusiyanın imkanlı vətəndaşlarına Aİ vətəndaşı olmağa imkan verən “qızıl pasportların” verilməsini məhdudlaşdırmaq üçün də tədbirlər görüb.

Sanksiyalar haqqında son xəbərləri bizim səhifədə #StandWithUkraine və Avropa Komissiyasının “Aİ-nin Ukrayna ilə Həmrəyliyi" (EU Solidarity with Ukraine) səhifəsində oxuya bilərsiniz.


Lukaşenko rejiminin müharibədə iştirakına görə Belarusla bağlı hansı sanksiyalar qəbul olunub?
Belarusdakı Lukaşenko rejimi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü dəstəkləyir. Belə ki, Belarus Rusiyaya Ukraynanı Belarus ərazisindən ballistik raketlərlə vurmağa icazə verir, Rusiya hərbi qulluqçularının və ağır silahların, tankların və hərbi nəqliyyat vasitələrinin daşınmasına şərait yaradır, Rusiya hərbi təyyarələrinin Belarus hava məkanı üzərindən Ukraynaya uçmasına imkan yaradır, yanacaq doldurma məntəqələrini təmin edir və Belarusda Rusiya silah və hərbi texnikasını saxlayır.

Buna cavab olaraq Aİ Belarusda Ukraynaya qarşı təcavüzdə iştirak edən şəxslərə yönəlmiş sanksiyalar qəbul edib və bir çox mühüm sektorlarda bu ölkə ilə ticarəti məhdudlaşdırıb.

Ümumilikdə 42 yüksək rütbəli Belarus hərbi qulluqçusu müharibədəki iştiraklarına görə aktivlərin dondurulması və səyahət qadağaları da daxil olmaqla məhdudlaşdırıcı tədbirlərlə üzləşiblər.

Bundan əlavə, Aİ tütün məmulatları, yanacaq, tikinti materialları, gübrə və s. məmulatların istehsalında istifadə olunan məhsulların alqı-satqısına məhdudiyyətlər tətbiq edib. İkili təyinatlı malların və texnologiyaların, o cümlədən Belarusun hərbi, texnoloji inkişafına, müdafiəsinə və təhlükəsizliyinə töhfə verə biləcək bəzi qabaqcıl məhsul və texnologiyaların ixracına da məhdudiyyətlər qoyulub. Sanksiyalara daxil edilmiş məhsul və texnologiyalarla əlaqədar xidmətlərin göstərilməsi qadağan olunub.

Martın 9-da Aİ Belarusun üç bankını (Belagroprombank, Dabrabyt Bank və Belarus Respublikasının İnkişaf Bankı) SWIFT şəbəkəsindən kənarlaşdırıb. Onlar həmçinin Belarus Mərkəzi Bankı ilə rezerv və ya aktivlərin idarə edilməsi, Belarusda ticarət və investisiya üçün dövlət maliyyələşdirməsi ilə bağlı əməliyyatları qadağan ediblər.

Aİ Ukraynanı hərbi texnika ilə təmin edəcəyini bildirir: buraya nə daxildir?

Aİ daha bir ilkə imza atmışdır. Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin sözlərinə görə, mövcud olduğu illər ərzində ilk dəfə olaraq Aİ üçüncü ölkəni hərbi texnika ilə təmin edəcək.

Ukraynanın müraciətindən sonra Aİ fevralın 27-də Ukrayna ordusuna silah-sursatların təchizatını maliyyələşdirmək üçün iki təxirəsalınmaz yardım tədbiri üzrə Avropa Sülh Proqramını səfərbər edib. Bu tədbirlər Ukrayna Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq, eləcə də mülki əhalini davam edən hərbi təcavüzdən mühafizə etmək üçün potensialını və dayanıqlığını gücləndirməyə kömək edəcək.

Ümumi dəyəri 500 milyon avro təşkil edən yardım tədbirləri Ukrayna Silahlı Qüvvələrinin hərbi texnika və silah-sursatlar ilə təmin edilməsinə yönəldiləcək. Ayrılan maliyyə vəsaitinin 450 milyon avro həcmində hissəsi Ukrayna ordusunun silah-sursatlarla, yerdə qalan 50 milyon avro hissəsi isə yanacaq və qoruyucu avadanlıqlarla təchiz olunmasına sərf olunacaq.

Aİ Ukrayna əhalisinə humanitar yardımların edilməsi üçün nə qədər maliyyə vəsaiti ayıracaq?

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen martın 1-də Avropa Parlamentindəki çıxışı zamanı bildirib ki, Aİ müharibənin həm ölkədə, həm də qaçqınlar üçün humanitar nəticələrini aradan qaldırmaq məqsədilə ittifaqın büdcəsindən hərbi texnika üçün ayrılmış yarım milyard avro dəyərində dəstəyinə əlavə olaraq azı 500 milyon avro ayıracaq.

Bundan əlavə, Avropa Komissiyası BMT-nin təcili humanitar yardımla bağlı müraciəti çərçivəsində Ukraynadakı müharibədən zərərçəkmiş mülki şəxsləri əhatə edən humanitar yardım proqramları üçün əlavə 90 milyon avro ayıracaq. Maliyyələşdirmə Ukrayna və Moldovadakı ukraynalılara kömək edəcək. Aİ-nin bu yeni humanitar yardımı qida, su, dərman vasitələri, sığınacaq təmin edəcək və onların əsas ehtiyaclarını ödəməyə kömək edəcək.

Komissiya həmçinin Aİ-yə üzv olan 26 dövlətin təklifləri ilə Aİ-nin Mülki Müdafiə Proqramı vasitəsilə Ukraynaya maddi yardımın çatdırılmasını əlaqələndirir. Buraya 8 milyon əsas tibbi ləvazimatlar və mülki müdafiə sahəsində dəstək daxildir. Humanitar dəstəyə ilkin yardım dəstləri, dərman vasitələri, yataq torbaları, generatorlar, təcili yardım maşınları, çadırlar, ədyallar və mobil mətbəx kimi vasitələr daxildir.
Moldova da buraya üz tutan ukraynalılara dəstək məqsədilə sözügedən proqrama qoşulub. Avstriya, Fransa və Niderland artıq Moldovaya sığınacaq və tibbi yardım qismində təcili yardımlarını təklif ediblər. Martın 3-də Aİ Moldovaya yardım məqsədilə dərhal 15 milyon avro və mülki müdafiə sahəsinə yardım üçün əlavə 5 milyon avro ayırdığını elan edib.

Sanksiyalar haqqında son xəbərləri bizim səhifədə #StandWithUkraine və Avropa Komissiyasının “Aİ-nin Ukrayna ilə Həmrəyliyi" (EU Solidarity with Ukraine) səhifəsində oxuya bilərsiniz.

Aİ Ukraynalı qaçqınlara necə yardım edir?

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı bildirir ki, müharibə başlayandan bəri Ukraynadan iki milyondan artıq insan qaçqın düşüb.

Martın 4-də Avropa İttifaqı Şurası Ukraynadakı müharibə səbəbindən ölkəsindən didərgin düşən insanlara cəld və səmərəli yardımın göstərilməsi məqsədilə Müvəqqəti Mühafizə Direktivini aktivləşdirmək qərarına gəlib.

Bu o deməkdir ki, Ukraynalı qaçqınlara Avropa İttifaqı daxilində müvəqqəti sığınacaq veriləcək. Buraya yaşayış hüququ, əmək bazarına çıxış, mənzil əldə etmə, sosial yardım, tibbi və ya digər yardım və yaşayış vasitələri daxildir.

Müvəqqəti müdafiə dərhal bir il müddətinə ukraynalı qaçqınlara şamil olunmağa başlayır və Ukraynadakı vəziyyət insanların evlərinə qayıtması üçün kifayət qədər yaxşılaşmasa üç ilə qədər davam edə bilər.

Ukrayna vətəndaşı olmayanlar və Ukraynada qanuni olaraq yaşayan və öz ölkəsinə və ya doğma ölkəsinə qayıda bilməyən vətəndaşlığı olmayan şəxslər, məsələn, sığınacaq axtaranlar, beynəlxalq səviyyədə qorunan şəxslər və onların ailə üzvləri də Aİ-də sığınacaqla təmin ediləcəklər. Qısa müddətə qanuni olaraq Ukraynada olan və doğma ölkələrinə təhlükəsiz qayıda bilən digər şəxslərə öz ölkələrinə qayıtmazdan əvvəl tranzit üçün Aİ-yə giriş icazəsi veriləcək.

Aİ həmçinin müharibə zonasını tərk edən qaçqınlar üçün sərhəd-keçid məntəqələrində nəzarətin asanlaşdırılması, ölkəyə giriş şərtlərində sadələşmə, müvəqqəti sərhəd-keçid məntəqələrinin açılması, xilasetmə xidmətləri və humanitar yardıma daha asan çıxış və şəxsi əşyalar və ev heyvanları gətirən qaçqınlar üçün asan prosedurların həyata keçirilməsinə dair göstəriş verib.

Aİ-nin xüsusi veb-səhifəsi Ukraynalı qaçqınlar üçün Aİ-dəki hüquqları haqqında hərtərəfli məlumat, praktiki məsləhətlər və ayrı-ayrı üzv dövlətlərdə mövcud dəstək ilə bağlı keçidlər təqdim edir.

Ukraynadakı müharibə səbəbindən ölkəsini tərk edən insanlar üçün məlumat Aİ Ukraynanın enerji təchizatına dəstək vermək üçün hansı işləri görür?

Rusiyanın Ukraynanı işğal etmək məqsədilə başlatdığı müharibənin ilk günü Ukraynanın elektrik şəbəkəsinin Aİ-nin elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün ilk addım olaraq bu ölkədə izolyasiya rejiminin sınağına başlanmışdır. Bununla da Ukrayna faktiki olaraq öz enerji şəbəkəsini Rusiya şəbəkəsindən ayırır və müharibə bitdikdən sonra bir daha qoşulmayacağını nümayiş etdirir. Fevralın 27-də Ukrayna elektrik şəbəkəsinin Avropa şəbəkəsi ilə təcili birləşdirilməsi üçün Aİ-yə müraciət edib. Moldova da eyni müraciəti edib və enerji xəttinə daxil ediləcək. Fevralın 28-də Avropa İttifaqı bildirib ki, Ukrayna və Moldovanın enerji şəbəkələrinin Aİ-nin enerji şəbəkəsinə mümkün qədər tez qoşulmasına çalışacaq.

Aİ həmçinin qərbdən şərqə fiziki geri axın vasitəsilə Ukraynaya qaz çatdırır. “İlk belə qaz tədarükü bu qış Macarıstandan həyata keçirilib. Slovakiya və Ukrayna arasında fiziki geri axın imkanları artırılıb və bu müddətin növbəti qış mövsümü üçün uzadılması üçün danışıqlar aparılır”. Bunu Avropa Komissarı Kadri Simson fevralın 28-də bildirib.

Xanım Simson həmçinin ittifaqa üzv dövlətlərə Ukraynanın enerji sektoru ilə bağlı təcili ehtiyaclarını əks etdirən müraciətlərinin siyahısını təqdim edib. Siyahıda dizel, benzin, təyyarə yanacağı və generatorlar yer alıb. Artıq Polşa, Litva və Çexiyadan konkret tədarüklər planlaşdırılır və bir çox digər üzv dövlətlər də bu istiqamətdə kömək edəcəklərini bəyan ediblər.

Ukrayna Avropa İttifaqına üzv olmaq üçün rəsmi qaydada müraciət edib: Aİ buna necə reaksiya verib?

Fevralın 28-də Ukrayna Aİ-yə üzv olmaqla bağlı rəsmi olaraq ittifaqa müraciət edib. Onun ardınca martın 3-də Moldova və Gürcüstanda da eyni müraciətlə çıxış edib.

Bir həftə sonra martın 7-də Aİ hər üç ölkənin müraciətinə baxmağa razılıq verib. Texniki addım hesab olunmağına baxmayaraq, bununla Ukrayna, Gürcüstan və Moldovanın üzvlüyə namizəd ölkə kimi qeydiyyata alınması prosesinə başlanılır.

“Avropa dəyərlərimizi bu qədər cəsarətlə müdafiə edən bir xalqın Avropa ailəmizə mənsub olduğuna heç kim şübhə edə bilməz,”- bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen martın 1-də Avropa Parlamentindəki çıxışı zamanı deyib. "Amma qarşıda bizi uzun gözləyir. Biz bu müharibəyə son qoymalıyıq. Növbəti addımlar haqqında danışmalıyıq".

Martın 1-də qəbul etdiyi qətnamə ilə Avropa Parlamenti Aİ təsisatlarını Ukraynaya Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi istiqamətində çalışmağa çağırıb. Qətnamədə deyilir ki, istənilən belə prosedur Avropa İttifaqı haqqında Müqavilənin 49-cu maddəsinə uyğun olmalı və həmin ölkənin səylərinə əsaslanmalıdır.

Ukraynanın ittifaqa üzvlüyü məsələsinə toxunan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel qeyd edib:
“Biz avropalılar bu vəzifənin öhdəsindən gəlməliyik. Təbii ki, biz bilirik ki, bu, genişlənmə məsələsinə toxunan çətin bir mövzudur. Biz həmçinin bilirik ki, bu məsələ ilə bağlı Avropa İttifaqında fərqli və bəzən birmənalı olmayan fikirlər var”.

O, bir qədər də irəli gedərək proseduru izah etməyə çalışıb: “Avropa Komissiyası rəy verməli olacaq və onun əsasında Şura da bir sıra vəzifələri yerinə yetirməli olacaq. Şura edilən bu simvolik, siyasi, güclü və inanıram ki, qanuni tələbi ciddi şəkildə nəzərdən keçirməli olacaq".

Bununla yanaşı, Avropa Parlamenti Aİ-ni Aİ-Ukrayna Assosiasiya Sazişinə uyğun olaraq Ukraynanın Aİ-nin vahid bazarına inteqrasiyası üzərində işi davam etdirməyə çağırıb.

2014-cü ildə Assosiasiya Sazişinin imzalanmasından bəri Ukrayna iqtisadi artımı sürətləndirmək və vətəndaşlarının güzəranını yaxşılaşdırmaq üçün iddialı islahat proqramının icrasına başlayıb. Bu müddət ərzində Aİ və maliyyə institutları islahatları dəstəkləmək üçün 17 milyard avrodan artıq qrant və kredit səfərbər edib.


Aİ Moldova Respublikasına dəstək üçün hansı işləri görür?

Rusiyanın Ukraynaya təcavüzü fonunda Aİ Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini vurğulayıb.

“Moldova öz xarici siyasət kursunu seçmək hüququna malikdir və biz Moldovanın Avropa ailəsinə aid olduğuna qəti şəkildə inanırıq. Biz Assosiasiya Sazişi əsasında intensiv əməkdaşlığımızı davam etdirəcəyik”. Bunu Aİ-nin Ali Nümayəndəsi Cozef Borrel martın 3-də Moldovaya səfəri zamanı deyib.

Aİ qaçqın axını ilə üzləşən Moldova ilə həmrəy olduğunu vurğulayıb və Moldova müharibənin ilk həftəsində Ukraynadakı müharibə səbəbindən ölkəsini tərk edən 100 mindən artıq qaçqının, o cümlədən 20 mindən artıq uşağın təhlükəsiz keçidini təmin edib.

Konkret olaraq, Aİ kəskin qaçqın böhranını aradan qaldırmaq üçün 15 milyon avro və mülki müdafiə yardımı üçün daha 5 milyon avro ayıracaq. Moldovanın Aİ-nin Mülki Müdafiə Proqramı çərçivəsində yardım üçün müraciətindən sonra Xorvatiya, Danimarka, Yunanıstan, Finlandiya və İsveç təcili yardım maşınları, çadırlar, ədyallar və mobil mətbəxi kimi əşyalar təklif ediblər. Daha əvvəl Niderland Krallığı, Fransa və Avstriya da eyni təkliflə çıxış etmişdi.

Bundan əlavə, Aİ təhlükəsizlik və müdafiə sahələrində dəstək göstərəcəyini elan edib. Aİ Moldovaya kibertəhlükəsizliyini gücləndirməyə kömək edəcək və bu ölkənin ehtiyaclarını qiymətləndirmək və mümkün qədər tez həyata keçirilə biləcək konkret dəstək tədbirlərini müəyyən etmək üçün ekspert missiyasını Kişinyova göndərib. Aİ həmçinin Moldova silahlı qüvvələrini tibbi avadanlıq və böhran zamanı dəstək ilə təmin edəcək və zəruri hallarda əlavə yardım və logistika üzrə dəstək imkanlarını müzakirə edəcək.

Avropa İttifaqı Moldovanın elektrik sistemini Aİ-nin enerji şəbəkəsinə ən qısa zamanda qoşmağa da razılıq verib.

Bununla yanaşı, Aİ 600 milyon avro dəyərində iqtisadi bərpa planı, o cümlədən Moldova üçün beş qabaqcıl təşəbbüsdən ibarət iqtisadi bərpa və investisiya planı vasitəsilə 3,4 milyard avroya qədər maliyyə vəsaitinin ayrılması yolu ilə dəstək verməyə davam edir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR