İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir

Vətən müharibəsindəki şanlı Qələbədən sonra ölkəmiz inkişaf etmiş dövlətlərin, o cümlədən mötəbər təşkilatların maraq dairəsindədir. Postmüharibə dövründə həm Bakıda, həm də işğaldan azad edilmiş Şuşa şəhərində və Suqovşan qəsəbəsində beynəlxalq tədbirlərin, o cümlədən, idman yarışlarının keçirilməsi ölkəmizə olan inamın nümunəsidir. Bir-birinin ardınca keçirilən mühüm əhəmiyyətli məsələlərə həsr olunmuş tədbirlər yüksək səviyyədə başa çatır.

Azərbaycanın bu vaxta qədər Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalaması tərəflər arasında əməkdaşlığın getdikcə yaxşı­laşmasının göstəricisidir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət-perspektiv əməkdaşlıq istiqamətləridir. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Ümumiyyətlə, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət onu deməyə əsas verir ki, Azərbaycan dövləti ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iqtisadi inkişaf, sülh və təhlükəsizliyin tərəfdarıdır.

Yaxın perspektivdə Azərbaycanla Avropa İttifaqı ara­sında strateji sazişin imzalanacağı da gözlənilir. Dövlət başçımızın da Avropa İttifaqı ilə sazişin imza­lanması üzərində iş getdiyini və sənədin 90 faizinin razılaşdırıldığı barədə dediklərini xatırlatmaq yerinə düşərdi.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət-perspektiv əməkdaşlıq istiqamətləridir. Ölkə Prezidentinin də bildirdiyi kimi, Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Bu məsələlər barəsində bir neçə gün əvvəl Azərbaycanda səfərdə olan Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi geniştərkibli görüşdə və mətbuata birgə bəyanatlarında ətraflı məlumat verildi. Səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı.

Onu da qeyd edin ki, xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri beynəlxalq aləmdə böyük rezonans yaradıb. Artıq dünyanın aparıcı kütləvi informasiya vasitələri də bu mövzuya həsr olunmuş məqalələr dərc edir, görüşün əhəmiyyətindən yazırlar. Diqqətimi Türkiyənin Anadolu Agentliyinin yaydığı məlumatlar cəlb etdi. Bu informasiyalarda Bakıda keçirilən görüş və mətbuata birgə bəyanatlarda səsləndirilən fikirlərdən bəhs olunur. Eyni zamanda, “Azərbaycan Avropa İttifaqına daha çox təbii qaz nəql edəcək” və “Azərbaycan təbii qazının Avropaya çatdırılmasında Türkiyə tranzit ölkədir” sərlövhəli yazılarda xanım Ursula Fon der Lyayenin Azərbaycana səfərinin nəticələri barədə müfəssəl məlumat verilib.

Dövlət başçımız tərəflər ara­sında imzalanan memorandumu gələcək üçün bir növ yol xəritəsi adlandırdı və bundan sonra da böyük uğurlara imza atacağı­nı əminliklə bildirdi. Prezident İlham Əliyev dedi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.

Avropa Komissiyasının prezidenti də, öz növbəsində, memorandumdakı mühüm məqamlardan birinin bərpaolunan enerji ilə bağlı olduğunu və Azərbaycanın bu sahədə nəhəng potensialını bildirdi. Xanım prezident külək enerjisini və “yaşıl” hidrogeni xususi vurğuladı. Dedi ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Bu səfər və keçirilən görüş, habelə imzalanan memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün növbəti bazadır.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR