İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa demokratiyadan üz çevirir?

“YouGov” şirkətinin keçirdiyi genişmiqyaslı sorğu bu reallığı açıq şəkildə ortaya qoydu

Avropa gəncləri arasında demokratiyaya inamın sürətlə zəifləməsi son illərin ən narahatedici tendensiyalarından biri kimi dəyərləndirilir. Mərkəzi qərargahı Londonda yerləşən “YouGov” şirkətinin keçirdiyi genişmiqyaslı sorğu bu reallığı açıq şəkildə ortaya qoydu. Araşdırma Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Polşa və Yunanıstanın 16-26 yaşlı gəncləri arasında keçirilib və 6700 nəfəri əhatə edib. Nəticələr isə uzun illər “Avropa dəyərləri” adı ilə təqdim edilən demokratik ənənələrin yeni nəsil tərəfindən əvvəlki kimi yüksək dəyərləndirilmədiyini göstərdi.

Sorğuya görə, gənclərin yalnız 57 faizi demokratiyanı yaxşı idarəçilik forması hesab edir. Bu göstərici Almaniyada ən yüksək - 71 faiz, Polşada isə ən aşağı - 48 faiz olub. Fransa və İspaniyada bu rəqəmlər təxminən yarı-yarıya - müvafiq olaraq 52 və 51 faiz təşkil edib. Maraqlıdır ki, respondentlərin az qala beşdə biri - təxminən 20 faizi isə müəyyən şərtlər daxilində avtoritar idarəetməyə müsbət baxır. İtaliya bu baxımdan birinci yerdədir - gənclərin 24 faizi diktaturanın mümkün olduğunu düşünür. Almaniyada isə bu rəqəm 15 faizlə ən aşağı göstərici olub.

Barassociation.az - Mətbuat səhifələrindən - “Ölkə rəhbərliyi vəkillik  institutuna dəyər verir” – Sahib Məmmədov

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hazırda Avropada liberalizmin böhranı yaşanır: “Liberal dəyərlər o qədər inkişaf edib yüksək həddə çatıb ki, indi onun böhranı baş verir. Elə bunun nəticəsində Qərb ölkələrində yeni hərəkatlar yaranıb: "Child free" (uşaqdan azad olma). Hərəkatın üzvləri olan yeni ailə quranlar uşaq istəmir. Bu kimi digər hərəkatların adını sadalamaq olar. Avropada gənclərin dünyagörüşündə əsaslı dəyişikliklər baş verir. Bu ölkələrdə gənc təbəqə yaşlı nəslə nisbətən siyasətə daha az meyllidir. Ona görə də sorğuda iştirak edin gənclər bəlkə heç mahiyyətini bilmədən cavablar veriblər. Avropada bəzən demokratik seçkilərin nəticəsi olaraq böhranlar baş verir, xüsusən parlament respublikaları ölkələrində hökuməti iki il ərzində formalaşdıra bilmirlər. Bu da hakimiyyətlərin, liderlərin və siyasətin tez-tez dəyişməsinə gətirib çıxarır. Ola bilsin ki, bu məqamlar insanları bezdirir. Avropada müharibənin getməsi də proseslərə təsir edir. Görünür, Qərbdə güclü lider meylliliyi artıb. Qərbin Vinston Çörçill, Konrad Adenauer,  Şarl de Qoll, Villi Brandt kimi liderləri olub. İndi isə Avropada lider çatışmazlığı yaranıb. Ola bilsin ki, gənc nəsil lidersizliyə görə narahatdır. Lakin onu da qeyd edim ki, bu liderlər demokratik seçki yolu ilə seçilirdilər".

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, Avropadakı demokratiya ikili xarakter daşıyır: “Avropada demokratiya yalnız bu ölkələrin əhalisi üçün nəzərdə tutulub. Əslində bir az da adı var, məsələn, orada da kifayət qədər insan haqları pozulur. Biz uzun illər bu ölkələrin göstərdiyi haqsız münasibəti görmüşük.  Məsələn, postsovet ölkələri arasında Azərbaycana qarşı xüsusi ilə ayrı-seçkilik olub. 30 il bizim köçkünləri görməzdən gəldilər.İndi də erməniləri irəli verib bizə qarşı qızışdırırlar. Belə olan halda Qərbdəki hansı demokratiyadan danışmaq olar. Emmanuel Makronun qurduğu hökumət bizə qarşı düşmən mövqe göstərir. Amma fransızların heç də hamısı onların sərgilədiyi münasibəti dəstəkləmir. Ona görə də belə ölkələrdə hökumətlə yox, sadə insanlarla iş birliyi qurmaq olar.

Avropada demokratiya içəridən çürüyüb, demokratiyanı kəşf edənlər heç də demokrat ola bilmədilər. Qanunun aliliyini qəbul edib, vicdan, millət və bizim milli dəyərlər üzərindən dövləti idarə etməliyik".

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də mövzu ilə bağlı fikirlərini bölüşüb: “İtaliyada 24 faiz avtoritar rejimi dəstəkləyirsə, deməli, Mussolini dövrünə qayıtmağı arzulayır. Onun taleyi göz qabağındadır, İtalyanın mərkəzində edam etdilər. Təbii ki, demokratiya hər şeydən üstün anlayışdır, insanların bu şəraitdə yaşamasının özü bir dəyərdir. Almaniyada 71 faiz demokratiyanı dəstəkləyir. Bu, onu göstərir ki, almanlar mədəni xalqdır. Fransada 48 faiz insanın demokratiyanı dəstəkləməsi isə göstərir ki, Makronun siyasi hakimiyyəti müəyyən mənada fikirlərin dəyişməsinə gətirib çıxarıb. Mən hesab etmirəm ki, Avropa xalqı demokratiyadan üz çevirib, sadəcə olaraq, orada  siyasi hakimiyyətdə olan rəhbərlər demokratik dəyərlərdən uzaq düşüblər. Onları seçən xalqın arzu və istəyini nəzərə almadan müəyyən addımlar atırlar. Bu isə demokratik yola hakimiyyətə gələnlərin mənfi imicini formalaşdırır. Avropanın hazırkı rəzil durumunu çox yaxşı görürəm. Avropa Şurası və digər institutlar müəyyən siyasi təsirlər altındadır və ədalətdən uzaqdırlar. Ola bilsin ki, sadə insanlar bu cür ikiüzlülükdən beziblər.

Bir hüquqşünas olaraq hesab edirəm ki, bütün hallarda demokratik ölkədə yaşamaq böyük xoşbəxtlikdir. İnsan hüquq və azadlıqlarına hörmət edən cəmiyyət, dövlət və siyasi hakimiyyət daha yaxşıdır". 

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR