Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb. Elşad Quliyevin Fransa yığması ilə üz-üzə gələn komandası 3:1 hesabı ilə qalib gəlib. Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. Bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib. Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi ilə qarşılaşacaq.
Maraqlıdır, millimizin növbəti mərhələləri də qələbə ilə başa vurmaq şansı nə səviyyədədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçisi Natiq Muxtarlı deyib ki, Azərbaycanın minifutbol yığması artıq bütün turnirlərin favoritlərindən hesab olunur.
O, bunun təsadüfi olmadığını diqqətə çatdırıb. İdman şərhçisi qeyd edib ki, Azərbaycan yığması Bosniyada Avropa çempionu statusundadır: “Deməli, millimiz həm də turnirin əsas favoritlərindən hesab olunur. Heç şübhə yoxdur ki, yığmanın əsas məqsədi titulunu qorumaqdır. Azərbaycan yığmasının qrup mərhələsindəki oyunları göstərdi ki, komanda buna qadirdir. Ancaq bundan sonra daha çətin rəqiblərlə üz-üzə gələcəyik. Deməli, ikiqat əzm, mübarizə tələb olunacaq”.
N.Muxtarlı söyləyib ki, Azərbaycan yığması Avropa çempionu olmağa əsas iddiaçıdır: “Bütün hallarda, Azərbaycan yığması Avropa çempionu olmağa əsas iddiaçıdır və bu potensiala sahibdir. Ancaq müəyyən detallar da yerini tutmalıdır. Bundan sonra pley-off oyunları başlayır. Belə oyunlarda minimum səhv edən, ələ düşən imkanlardan maksimum yararlanan komanda qalib gəlir. Azərbaycan yığması artıq böyük təcrübəyə malikdir. Ümid edək ki, bu təcrübə işə yarayacaq. Yəni, yığmamıza minimum səhv edəcək, ələ düşən şanslardan maksimum yararlanacaq”.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ