İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa bahalı qaza qarşı - qiyməti “yumruq’’la endirmək mümkünmü...

Qiymət tavanı Avropaya qaz nəqlini artırmaq üçün nəzərdə tutulan layihələri maliyyəsiz qoya bilər

Avropa Birliyi Rusiya qazına qiymət tavanı müəyyənləşdirilməsi barədə müzakirələri genişləndirərək bütün mənbələrdən alınan qazla bağlı eyni addımın atılması müstəvisinə çıxarıb. Ötən cümə günü Avropa İttifaqı energetika nazirləri yaxınlaşan qış mövsümünə hazırlıq prosesi çərçivəsində Rusiya qazına qiymət tavanının müəyyənləşdirilməsi ilə bağlı razılığa gələ bilməyiblər. Buna Macarıstanın qəti etirazı imkan verməyib. Budapeşt təmsilçisi bu addımın onların maraqlarına qarşı olduğunu bildirib. Bir neçə ölkə isə qiymət tavanının bütün mənbələrdən alınan qaza təyin olunmasını təkif edib.

“Associated Press” agentliyinin məlumatına əsasən, İrlandiyanın ətraf mühit üzrə naziri İmon Rayan bildirib ki, Avropa İttifaqının aldığı qaza qiymət tavanı ilə bağlı ən yaxın həftələr ərzində qərar qəbul olunmalıdır. Çexiyanın sənaye naziri Yozef Çikela ilə Avropanı enerjidaşıyıcılarının təminatı ilə şantaj etmək mümkün deyil: “Gözləməyə vaxt yoxdur, biz vahid cəbhə halında və sürətli hərəkət etməliyik”.

Almaniyanın iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek təbii qazı ucuz başa gələn digər enerji növlərindən bazar mexanizmlərini dağıtmadan fərqləndirmək formasının tapılmasını zəruri hesab etdiyini açıqlayıb.

Şarl Mişel Azərbaycanı alqışladı

Avropa Şurasının sədri Şarl Mişel isə bildirib ki, Avropa ölkələrinə enerji təminatı ilə bağlı mövqeləri razılaşdırmaq üçün yenidən toplanması lazımdır.

Bu həftə ərzində Avropa Komissiyasın nazirlərin toplantısında təqdim olunan mövqeləri uzlaşdırmaq, yekun formulu müəyyənləşdirmək istiqamətində işləri bitirməsi gözlənilir.

İtaliyanın ekoloji modernləşdirmə və transformasiya üzrə naziri Roberto Çinqolani Avropa Komissiyasının sentyabr ayı ərzində qazın qiymətinin yuxarı həddi barədə təklifini təqdim edəcəyini açıqlayıb. O deyib ki, Avropa İttifaqına üzv 15 ölkə qazın qiymətinin məhdudlaşdırılmasını dəstəkləyir. Roberto Çinqolani bildirib ki, Almaniyanın iqtisadiyyat və ətraf mühitin mühafizəsi məsələləri üzrə naziri Robert Xhbek bu təklifi dəstəkləyir. Ancaq Almaniya hökuməti öncə qazın qiymətinə hədd qoyulmasının Avropa İttifaqına üzv ölkələr üçün yarada biləcəyi riskləri öyrənəcək.

İtaliyanın ekoloji modernləşdirmə və transformasiya üzrə naziri yalnız Rusiya qazı üçün yuxarı qiymət həddi müəyyənləşdirməyi isə mənasız sayıb. Eyni zamanda Avropanın dünyada böyük qaz alıcısı kimi qiymət müəyyənləşdirməsinin biznes və vətəndaşların qorunması üçün ədalətli addım olduğunu vurğulayıb.

Rusiyanın energetika naziri Nikolay Şulginov bəyan edib ki, Rusiya neft və qazına qiymət tavanı müəyyənləşdirməyi müzakirə edən Qərb siyasətçiləri öz ölkələrinə zərər vururlar: “Biz heç vaxt məhsulumuzu özümüzə zərər edən qiymətə satmayacağıq. Axı belə olmaz? Bu, bizə qarşı kartel sövdələşməsidir. Biz özümüzə qarşı belə münasibətə imkan verməyəcəyik”.

Rusiya prezidenti Vladimir Putin isə bu addım atılarsa, Avropaya qaz nəqlini tamamilə dayandıracaqlarını açıqlayıb.

Qeyd edək ki, “Şimal axını 1"dən kənarda hazırda Rusiya Ukrayna üzərindən Avropaya gündə 41-42 milyon kubmetr, Türkiyə üzərindən isə 33 milyon kubmetr qaz ötürür. Bu iki istiqamətdə qaz nəqlinin dayandırılmamasının əsas səbəbi Rusiyaya isti münasibətlərini saxlayan Serbiya və Macarıstandır. Belə ki, Serbiya qazı Ukrayna üzərindən, Macarıstan isə Türkiyə üzərindən alır. Bu ölkələr hazırda Rusiyanın Avropada əsas dəstəkçiləridir və Putin onlarla münasibətlərini saxlamaqda maraqlıdır. Xüsusilə Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı kəskin sanksiyalarının qəbulunu uzun müddətə əngəlləməklə Moskvaya kifayət qədər xidmət göstərir.

Putin bets winter gas chokehold will yield Ukraine peace — on his terms |  The Japan Times

Bu arada sentyabrın 12-də Avropada qazın qiyməti 10 faizdən çox ucuzlaşaraq min kubmetr üçün 1970 dollar ətrafına düşüb. Bunun əsas səbəbi Avropa İttifaqının anbarlara qaz vurulması prosesini bir qədər azaltması, anbarlardakı ehtiyatların maksimuma yaxınlaşmasıdır. Belə ki, sentyabrın 11-də Avropanın anbarlarında dolumluluq həddi 83,5 faizi keçib. Hazırda anbarlarda 90 milyard kubmetrdən çox qaz var. Halbuki Avropa İttifaqı anbarların oktyabrın 1-dək 80 faiz doldurulması tələbini qoymuşdu. Avropanın qaz anbarlarının ümumi həcmi 110 milyard kubmetrdən bir qədər artıqdır ki, bu, qitənin ümumi illik tələbatının 30 faizindən çox deməkdir.

Sentyabrın əvvəlindən “Şimal axını 1"lə qaz nəqlinin tamamilə dayandırılmasından sonra bir sıra ölkələr anbarlardan qaz götürməyə başlayıblar. Hətta bəzi günlərdə anbarlara götürüləndən daha az qaz vurulub. Lakin son günlər anbarların doldurulması sürəti yenidən artaraq Avropa İttifaqı üzrə gündəlik anbarların 0,32 faiz bəndinə çatıb. Bu, gündəlik doldurulma həcmi 0,37 faiz bəndi olan avqustdan aşağı olsa da, anbarların dolum səviyyəsini nəzərə almaqla yetərincə sürətli proses hesab olunur.

Sentyabrın 11-i vəziyyətinə Portuqaliyada anbarlar 100 faiz, Polşada 99,54 faiz, Fransada 91,54 faiz, İsveçdə 90,8 faiz, Danimarkada 89,12 faiz, Belçikada 88,47 faiz, İspaniyada 84,37 faiz, Almaniyada 83,65 faiz, İtaliyada 81,93 faiz doldurulub. Ən az ehtiyat Latviyada - 54,97 faiz, Bolqarıstanda 60,93 faiz və Macarıstanda - 63,19 faiz toplanıb.

Avropa qaz anbarlarında ehtiyatların həcmini artırmaqla yanaşı, yüksək enerji qiymətlərinin iqtisadiyyata dağıdıcı təsirlərinin qarşısını almaq üçün əsas alıcı kimi qaz qiymətinə yuxarı hədd müəyyənləşdirməyə çalışır. Lakin Avropa İttifaqının bu cəhdinin baş tutması bir sıra şərtlər baxımından çətin görünür. Belə ki, hazırda Avropanın qaz təchizatında əsas paya Norveç malikdir. Bu ölkə onsuz da həmrəylik baxımından məhsulunu Avropaya nisbətən ucuz satır. Oslonun mövcud qiymətlərdən bir qədər də endirim etməsi mümkün görünür. Lakin eyni addımın ABŞ maye qaz istehsalçıları tərəfindən də atılacağı real deyil. Belə ki, ABŞ şirkətləri bu yazdan etibarən Avropada qiymətlər Asiyadan yüksək olduğuna görə məhsullarını ora yönəldirlər. Qiymətlər Asiyadan daha aşağı olacağı təqdirdə maye qaz tankerlərinin istiqaməti dəyişəcəyi kifayət qədər realdır.

Digər tərəfdən, Avropa Rusiyadankənar mənbələrdən - Əlcəzair, Nigeriya, Azərbaycan və digər ölkələrdən boru qazının idxalını artırmağa çalışır. Buna nail olunması isə irihəcmli investisiyalar tələb edir. Məsələn, Nigeriyadan Avropaya qaz nəqlini təmin etmək üçün icrasına başlanması nəzərdə tutulan layihənin dəyəri 30 milyard dollar qiymətləndirilir.  Avropanın təyin etdiyi qiymət potensial investorları belə investisiyaları yatırmağa stimullaşdıracaq səviyyədə olmalıdır. Əks halda, Avropa Komissiyası bütün layihələri özü maliyyələşdirməlidir ki, bu da real deyil.

Avropaya qaz nəqlini artıran ölkələrdən biri də Azərbaycandır. Energetika Nazirliyinin açıqladığı məlumata əsasən bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan qaz ixracını 23 faiz artırıb. Səkkiz ayda ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub. Bu həcmdən Avropaya 7,3 milyard kubmetr, Türkiyəyə 5,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr çatıb.

Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr təşkil edir. TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər. Bu ssenarinin hər üçü kifayət qədər iri sərmayələr tələb edir ki, qiymətlər əlverişli olmadığı halda onların yatırılması səmərəsiz olacaq.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Bolqarıstan Azərbaycan qazını Yunanıstanın şəbəkəsi vasitəsilə alır. Ölkəyə daha çox qaz çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) oktyabrın 1-dən tam istismarına başlanması nəzərdə tutulur. Bu kəmərlə Bolqarıstana ildə 1 milyard kubmetr Azərbaycan qazı çatdırılması barədə müqavilə mövcuddur. Lakin Bolqarıstan Azərbaycandan qaz alışını ikiqat artırmaq niyyətindədir. Ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovun yerli mətbuata dediyinə görə, Azərbaycandan qaz idxalını artırmaq üçün Bakıya elektrik enerjisi ixracına dair müzakirələr aparırlar. O bildirib ki, Azərbaycan elektrik enerjisini əsasən qazdan istehsal edir, Bolqarıstan isə başqa mənbələrdən: “Azərbaycandan təbii qazın müqabilində elektrik enerjisini ixrac edə bilərik. Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, onlar elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”.

Bolqarıstanlı nazir onu da bildirib ki, Bakıya səfər zamanı interkonnektorun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb: “Bizdə tam əminlik var ki, qazın bu qoşulması oktyabrın 1-dən başlayacaq. Azərbaycan tərəfi bizim onlarla ildə 1 milyard kubmetr nəqli nəzərdə müqavilənin tam icrasına ümid edə biləcəyimizi təsdiqləyib. İkincisi, gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi gözlənilir. Bu da o deməkdir ki, biz Azərbaycandan ildə daha 1 milyard kubmetr qaz ala bilərik. İstehlakımız ildə təxminən 3,5 milyard kubmetr təşkil edir ki, bu da 60 faizə yaxın təminat deməkdir. Energetika Nazirliyinin ekspertləri Azərbaycanla danışıqları davam etdirəcək, qiymət, kəmiyyət, dəqiq nə vaxt və s. ilə bağlı danışıqlar aparılacaq. Əsas odur ki, bu kəmiyyətləri indidən bəyan edirik”.

Onun sözlərinə görə, Bakıda danışıqların üçüncü əsas mövzusu bu qış əlavə qaz həcmlərinin əldə edilməsinin mümkünlüyü olub.

Beləliklə, Avropa Rusiyanı öz enerji bazarından birdəfəlik çıxarmaqda qərarlıdır. Bu prosesin yaradacağı çətinliklərə də hazırlıqları sürətləndirir. Lakin bütün mənbələrdən alınacaq qaza qiymət tavanının müəyyənləşdirilməsi kimi addımların reallaşma ehtimalı müəmmalı görünür...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR