Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nəşr etdiyi yeni kitabı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, parlamentə Göyçaydan millət vəkili seçilmiş Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyevin (1887–1920) ictimai-siyasi fəaliyyətinə həsr olunub.
Assosiasiyamız kitabında onun haqqında qısa məlumat veridikdən sonra H.H. Əfəndiyev ictimai-siyasi fəaliyyətinə, şəxsiyyətinə maraq cəmiyyətdə maraq daha da artmağa başladı.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə ithaf olunan “Göyçay Ensklopediyası”nı nəşrə hazırlanarkən H.H. Əfəndiyevin ixtisasca həkim olan nəvəsi Hüseynağa Tofiq oğlu Abullayev bizə müraciət edərək nəşr etdiyimiz “Göyçay tarixi” kitabında babası haqqında məlumat verdiyimizə görə təşəkkürünü bildirdi. Bundan əlavə o, “Göyçay Ensklopediyası”nda babası haqqında daha geniş məlumat verilməsi üçün bizə bəzi arxiv sənədlərini və şəkilləri təqdim etdi. Ensiklopediya nəşrinin qoyduğu tələblərə uyğun olaraq biz “Göyçay Ensklopediyası”nda H.H. Əfəndiyev haqqında qısa avtobioqrafik məlumat verməklə kifayətləndik. Bizə təqdim olunan sənədləri və şəkilləri ensiklopediyada tam şəkildə vermək qeyri-mümkün olduğundan ensiklopediyaya əlavə kimi ayrıca kitab kimi nəşr etməyi lazım bildik. Hazırda nəşr olunmuş bu kitab bizim təşəbbüsümüzlə nəşr olunmuş “Göyçay Ensiklopediyası”a əlavə kimi işıq üzü görür. Kitabın müəllifi AVCİYA-nın vitse prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
Cümhuriyyətin parlamentində təmsilçilik üçün ayrılmış kvotaya görə Göyçay qəzasından biri şəhərdən, bir isə qəzanın kəndlərindən olmaqla 2 millət vəkilinin təmsilçiliyini nəzərdə tutulmuşdur. Lakin araşdırmalar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentində Göyçay qəzasını 4 millət vəkili təmsil etmişdir. Göyçay qəzasından Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları kimi tarixə düşmüş şəxsiyyətlər Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə (1865–1944), Mustafa Hacı Musa oğlu Mahmudov (1878-1937), Rza bəy Həzrət bəy oğlu Ağabəyov (1894 – 1961), Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (1887–1920)
H. H. Əfəndiyev 1887-ci ildə Göyçay rayonunda anadan olub. Sovet hakimiyyətinin XI ordunun Xüsusi şöbəsinin 1920-ci ilə aid istintaq sənədlərində (Sənədlərin surəti kitaba daxil edilib) onun yaşı 27 göstərildiyindən, anadan olduğu ilin 1887-ci il deyil, 1893-ci il olduğu ehtimal olunur.
Göyçay qəzasından Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə seçilib. 15 dekabr 1918-27 aprel 1920 tarixlərində Parlamentin deputatı olub. Parlamentdə Əhrar Fraksiyasında təmsil olunan 8 deputatdan biri kimi Etibarnamə və Maliyyə, Büdcə komissiyalarının üzvü olub.
1920-ci ilin martında ermənilərin Qarabağda dövlət əleyhinə başladığı qiyamın yatırılmasında fəal iştirak edib.
Sovet Rusiyasının XI qırımızı ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin işğalından (27 aprel 1920-ci il) dərhal sonra həbs olunub. 7 saylı xüsusi şöbənin müstəntiqinin 3 iyun 1920-ci il qərarı ilə güllələnməyə məhkum edilib və hökm icra edilib. Tarixi faktlar sübut edir ki, H.H. Əfəndiyev güllələnərkən cəmi 27 yaşı olub.
Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, parlamentdə ayrıca fraksiya ilə təmsil olunmuş siyasi hərəkatlardan biri də H. H. Əfəndiyevin də təmsil olunduğu Əhrar partiyası olmuşdur. AXC Parlamentində fəaliyyət göstərmiş 11 fraksiyasdan biri olan Əhrar Müsavatın yaxın müttəfiqi kimi millətçilik və din məsələlərində Müsavatla eyni ideyaları bölüşürdü. Əhrar partiyası mülkədar torpaqlarının müsadirə olunaraq kəndlilər arasında bölüşdürülməsi, 8 saatlıq iş günü, təhsil şəbəkəsinin genişlənməsi və ümumi icbari təhsilin tətbiqi, qonşu ölkələrlə dostluq münasibətlərinin yaradılması tərəfdarı kimi çıxış edirdilər. Onlar dinə xüsusi əhəmiyyət verir və İslama ölkənin müsəlman xalqının müstəqillik ideyası ətrafında sıx birləşməsinə imkan verən mühüm amil kimi baxırdılar.
H.H. Əfəndiyevin ictimai-siyasi fəaliyyəti haqqında obyektiv məlumat əldə etmək üçün onun 15 dekabr 1918-27 aprel 1920 tarixlərində Parlamentdə onunla birlikdə Əhrar Fraksiyasında təmsil olunmuş digər deputatlar, Aslan bəy Qardaşov, Hacı Molla Əhməd Nuruzadə, Muxtar Əfəndizadə, Qərib Kərimoğlu, Bayram Niyazi Kiçikxanlı, Hacı Əli Qasımoğlu, Abdulla bəy Əfəndizadənin də ictimai-siyasi fəaliyyəti haqqında kitabda məlumat verilib.
Kitabın Göyçay şəhərinin Tarix-Diyarşünaslıq Muzeyində 27 may 2024-ci tarixdə təqdimatı nəzərdə tutulub.
Fikrimizcə H. H. Əfəndiyev kimi görkəmli şəxsiyyətlərin fəaliyyətini araşdırıb ictimaiyyətin diqqətinə çatdırmaq hər bir ziyalının borcudur.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran aparan doktorantlar, magistrlər, bakalavrlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Gələcəkdə biz Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətlər haqqında obyektiv məlumatları ictimaiyyətin diqqətinə çatdırmaq sahəsində başladığımız işləri davam etdirəcəyik
AVCİYA prezidenti Elxan Süleymanov
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ