Onlayn ictimai-siyasi qəzet
Bir həftədən çoxdur xalqımızın ictimai-siyasi fəallarının mübahisə predmeti, sosial şəbəkədə dartışma obyekti olan dilemmaya, nəhayət, yekə çıxmasın, aydınlıq gətirmişəm.
Bakıda otelin hamamında su gəlmədiyinə görə bit-birə basmış yapon şahmatçı Hikaru Nakamuranın ömür-gün yoldaşı Atusa xanım erməni qızı deyil, xalis müsəlman-şiə qızıdır. Xanımın atasının adı Əhməddir. Əhməd özü də idmançıdır, gəncliyində yaxşı voleybolçu olub, bir müddət əvvələ qədər İranın milli voleybol komandasının baş məşqçisi işləyib.
Bu bilgini mən mötəbər mənbədən almışam. Üstəlik, həmin qardaş Atusa adının mənşəyi barədə də izahat verdi, dedi ki, farsca lüğətdə Atusa “böyük”, “bacarıqlı” və “güclü” demẹkdir. Əhəmənilər dövründə bir neçə iranlı şahzadənin adı Atusa olub. Onlardan ən məşhuru I Daranın arvadı, kral I Kserksin anası Atusadır.
Başqa sözlə, Əhməd və Atusanın soyadlarının “Purkaşyan” kimi yazıldığına baxmayın, İranda belə soyad sonluqları var, amma onlar onu əsasən “ian” kimi yazırlar, daha ermənilər kimi “yan” yox. “Purkaşyan” da əslində “Purkaşian” yazılmalıdır. Belə olsa, xalqımızın vətən təəssübü çəkən patriot kəsiminin bir qismi çaşqınlıq içinə girməzdi.
Əslində isə xalqı çaşdıran həm də erməni mənbələridir. Birinci onlar “Dünyanın ikinci şahmatçısı Hikaru Nakamura erməni qızı ilə evləndi” başlıqlı xəbər yaymışdılar. Üstəlik, rus mənbələrində Atusanı “erməni mənşəli iranlı qadın şahmatçı” kimi qeyd edirdilər. Əl-əlbət, bunu rusca vikipediyaya ermənilər özləri yazıb – qürur duymaq üçün.
Belə şeylərdə onların üzü ağdır, müxtəlif yalançı mənbələr düzəldirlər, sonra o mənbələrə istinad edir, yeni yazdıqları şeyi legitimləşdirirlər.
Ancaq yenə xalqımızın başına gələn bütün pis şeyləri ermənilərdən bilən, indiyədək qaldırdıqları hər daşın altından ermənilərin çıxdığını görən sərvaxt vətənpərvərlərimizi çaşdıran bir detal da vardı.
Bu da ondan ibarət idi ki, Atusa xanımın ərə getdiyi oğlan yapon oğluydu. Prinsipcə, müsəlman qız sünnətsiz kişiyə ərə gedə bilməz, şəriətə görə, bu haramdır. İzdivac o halda ola bilər ki, müsəlman qızı alan başqa dinli kişi gərək islama gəlsin, necə lazımdır, sünnət olunsun, ondan sonra bu sevda baş tutsun.
Ermənilərdə problem yoxdur, istənilən dindən olan oğlana ərə gedirlər. O vaxt bəxti gətirməyən bircə bizim Kərəm olub, vicdansız qara keşiş Əsli ilə onun arasında baryerlər yaradıb, nəticədə Kərəm yanıq qalıb. Amma o məşhur “Yanıx Kərəmi” havası birbaşa od-alovla bağlıdır, Kərəmin 4-cü dərəcəli yanıq xəsarətləri almasından bəhs edir.
Ona görə də bu gümana gəlməyə əsas vardı: demək, Atusa erməni qızıdır ki, dininə, milliyətinə baxmadan sevdiyi oğlana ərə gedib, müsəlman olsa, getməzdi. Ta demirik ki, Hikaruya da getməsə, xanım Purkaşian evdə qalmış qız sayılacaqdı. Çünki yaşı 30-u adlayıb keçmişdi, ta hara qədər gözləməli idi.
Beləcə, biz də yanlış təsbitlər edirdik, gözəl yazıçı Haruki Murakaminin həmvətəni Hiruki Nakamuranın (bunlarda bizim Əhmədov Məmməd və Məmmədov Əhməd kimidir lap) haqında bədgüman olmuşduq.
Amma yenə də adam fikirləşir ki, Nakamura birdən-birə niyə elə status yazsın axı. Otel müdiriyyəti yaponların müqəddəs kitabı Furukotofumiyə əl basaraq and içməyə hazırdırlar ki, oteldə su daimi olub, kəsilməyib.
Kim bilir, bəlkə Nakamura krantları düzgün açıb-bağlaya bilməyib. Elə şeylər olur. Andır hər ölkədə bir cürdür.
Xüləseyi-kəlam, bu məsələyə aydınlıq gəldi ki, Nakamuranı o cür status yazmağa “erməni qızı” Atusa vadar və ya sövq etməyib. Onun öz içindən gəlib. Amma yenə də şeytan adamın imanını azdırır, deyir, nə bilirsən, bəlkə fars qızı Atusa onun yanında o qədər Bakının əleyhinə danışıb, o da sizinlə qərəzgün olub. Olmazmı?
Prinsipcə, mümkündür (bu, dəli şeytana aid təsbit deyil, politoloqların da çoxu belə düşünür). Bildiyimiz kimi, 44 günlük müharibədən sonra ermənilərlə yanaşı, İranla da münasibətimiz, türkün sözü, limonidir, səfirliyimizə hücum edib adam öldürüblər, qız dalınca getmiş gənc aşiq həmvətənimizi casusluqda şərləyib tutublar, biz də onların 313-ə yaxın “şpion”unu (öz aramızdır, “şpion” “casus”dan daha möhtəşəm səslənir) tutmuşuq və s. Ortada nəsə mübahisəli məsələ var.
Hər halda, bu hamam söhbəti heç yaxşı olmadı. Ara yerdə xalqın qızına da “erməni qızı” dedik, hətta kim çatdırmışdısa, xanım özü də təkzib etdi, “erməni qızı deyiləm” dedi.
İndi görək, Atusa xanım təlim edərək o tərsa balası Hirukini öz dininə gətirə biləcəkmi? Gətirməsə, olmaz.
Ona görə də yaxın vaxtlarda dünya mediasında “Dünyanın ikinci şahmatçısı islamı qəbul etdi” başlıqlı xəbər görə bilərik. Bax, elə bir şey olsa, ermənilər də Atusadan əl çəkəcək, biz də.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ