İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT-in sərhədə müşahidəçi göndərmək israrı - Bakıdan sərt etirazlar

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter “İrəvanın xahişi ilə” Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər göndərmək imkanlarının nəzərdən keçirildiyini deyir

ABŞ Azərbaycan-Ermənistan sülh prosesinə “çox dərindən” cəlb edilib və sülh sazişinin bağlanmasında “çox güclü şəkildə” maraqlıdır. “Yeni Müsavat”ın məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bildirib. “Və biz onların liderlərini yaxınlaşdırmaq üçün yollar axtarmağa davam edəcəyik”, - səfir Karpenter Ermənistanla Azərbaycan arasında sazişin əldə olunmasında etmək üçün ABŞ-ın diplomatik səyləri ilə bağlı “Turan”ın müxbirinin sualına cavabında deyib.

Karpenter Dövlət Departamentinin Brüssel KİV Mərkəzinin təşkil etdiyi onlayn brifinqdə çıxış edib. “Turan”ın Vaşinqton müxbiri ondan ATƏT ölkələri xarici işlər nazirlikləri rəhbərlərinin Polşa görüşü çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün mümkünlüyü barədə soruşub. Karpenterin sözlərinə görə, “sirr deyil ki, ABŞ və onun Avropa İttifaqı üzrə tərəfdaşları Azərbaycan-Ermənistan sülh prosesi üzərində çox sıx işləyirlər və "İrəvanın xahişi ilə Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər göndərməklə ATƏT-in potensialından istifadə imkanlarını nəzərdən keçirirlər", - o deyib. “Məqsədimiz sadədir: biz istərdik ki, sərhəd mümkün qədər tez delimitasiya olunsun, biz istərdik ki, iki tərəf arasında sülh sazişi mümkün qədər tez imzalansın, regiona sülh və sabitlik qayıtsın, bu regionda yaşayan bütün adamların insan hüquqlarına və təhlükəsizliyinə riayət edilsin və biz Cənubi Qafqazın tarixində yeni səhifə aça bilək”, - Karpenter vurğulayıb.

Yada salaq ki, Avropa Birliyinin ardınca ATƏT-in Ermənistanla sərhədə müşahidəçi göndərmək istəyi rəsmi Bakının haqlı etirazını səbəb olmuşdu. Məsələ ondadır ki, əgər AB-nin sərhədə 40 nəfərlik müşahidə missiyası göndərməsi qismən Bakının razılığı ilə, son Brüssel anlaşması çərçivəsində əldə olunmuşdusa, ATƏT, sırf Paşinyan hökumətinin bədniyyətli xahişi ilə, təşkilatın iş prinsipini pozaraq, o sırada heç bir konsensus prinsipi gözlənilmədən (Azərbaycanın razılığı olmadan-müəllif) bölgəyə bir qrup müşahidəçi göndərmək qərarı vermişdi. Azərbaycan buna etiraz etsə də, Ermənistan rəsmiləri vurğulayır ki, ATƏT-in Ermənistandakı missiyası “13-14 sentyabrda Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzündən” sonra yaranmış mandat və təşkilatın məqsədlərinə tam uyğundur. Azərbaycan Bakı ilə razılaşdırılmadan ATƏT Katibliyinin Ermənistana ehtiyaclarının qiymətləndirilməsi missiyası göndərmək qərarına cavab olaraq ATƏT-in 2023-cü il üçün büdcəsinin müzakirəsində iştirakını dayandırdı. ABŞ səfirinin “İrəvanın xahişi ilə Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər göndərməklə ATƏT-in potensialından istifadə imkanlarını nəzərdən keçirirlər”deməsi bir daha göstərir ki, bu qurum İrəvanın “çaldığı havaya oynamaqda” davam etmək niyyətindədir. ABŞ səfiri çıxışında sülh prosesinin irəliləməsində maraqlı olduqlarını desə də, əslində Bakının maraqlarına zidd addımlar atmaqla bu prosesi pozurlar.

Son günlər Fransa parlamentində Azərbaycan əleyhinə iki qətnamənin qəbulu Avropa məkanında ermənipərəst mövqelərin yenidən ayaq açdığını nümayiş etdirir. Baxmayaraq ki, Fransa XİN Milli Assambleyanın qətnaməsinin Fransa hökumətinin mövqeyini əks etdirmədiyi barədə deklorativ bəyanat yayıb. Azərbaycanın qətiyyəti və prinsipial mövqeyi nəticəsində bölgədəki mövcudluğundan məhrum olan Avropa təsisatları hansısa adlar altında yenidən varlıqlarını isbatlamağa çalışırlar. ATƏT sərhədə müşahidəçi göndərməkdə israr edirsə, Azərbaycan bu təşkilatla bağlı daha sərt addımlar ata bilərmi? Müşahidəçi missiyasının göndərilməsinə niyə ABŞ lobbiçilik edir?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

 Sahib Alıyev

Deputat Sahib Alıyev bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər səfir Karpenterin dediyi kimi, onun ölkəsi Azərbaycan-Ermənistan sülh prosesinə “çox dərindən” cəlb edilib və sülh sazişinin bağlanmasında “çox güclü şəkildə” maraqlıdırsa, biz bunu ancaq alqışlaya bilərik: “Açığı, özünün bəzi davranışları ilə Fransa Prezidenti Makrondan elə də çox fərqlənməyən Maykl Karpenterdən konstruktiv sayıla biləcək açıqlama eşitmək bir az təəccüblü və xoşdur. Çünki indiyədək o, regiondakı reallığa və Azərbaycana yanaşmada heç də obyektivliyi ilə diqqət çəkməyib, əksinə. Amma Azərbaycanla Ermənistanın liderlərini yaxınlaşdırmaq üçün ABŞ-ın ATƏT-dəki səfirinin öz təbirincə desək, yollar axtarmasına ehtiyac yoxdur. Bu yolların hamısı Azərbaycanın beynəlxalq hüquqa dayanan 5 prinsipdən ibarət sülh təşəbbüsündə qeyd edilib. Yəni hər iki tərəfin beynəlxalq hüquq və normalarla üzərlərinə götürdükləri öhdəlikləə əməl etməsi ilə regionda ABŞ-dakıların dedikləri o dayanqılı sülh yarana bilər”. Azərbaycan-Ermənistan sərhədinə ATƏT-in missiyasının göndərilməsinə gəldikdə, deputat bunları bildirdi: “Sual yaranır ki, ayıb olmasın, hansı sərhəddə? Məhz Ermənistanın işğalçılıq siyasəti üzündən sərhəd yoxdur axı, sadəcə, təmas xətti var. Sərhəd olsun və tərəflər bir-birinin torpaq bütünlüyünü tanısın, sonra missiya da göndərmək olar, hətta cənab Karpenter özü də gəlib səhərdən axşama kimi orada dayanıb sülh göyərçinlərinin uçduğu mavi səmanı seyr edə bilər”. Sahib Alıyev səfirin “bu regionda yaşayanların hamısının insan hüquqlarına və təhlükəsizliyinə riayət edilsin” çağırışını da çox yüksək qiymətləndirdiyini bildirdi: “Bəli, Ermənistandakı dədə-baba torpaqlarından qovulanlar, etnik təmizləmə ilə üzləşənlər də yurd yerlərinə dönməli, Qarabağdakı hay əsillilər üçün tələb olunan azadlıq və təhlükəsizliklə təmin edilməli, Karpenterin vurğuladığı kimi, Qafqazda yeni səhifə açılmalıdır. İndi zəhmət çəkib parlamenti ard-arda başdan-ayağa sərsəmləmələrdən ibarət olan qətnamə istehsal edən Makrondan soruşsun, görsün onlar buna razıdırlarmı?”

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, əslinə qalsa, nə ABŞ, nə də digər maraqlı dövlətlər heç vaxt Azərbaycan-Ermənistan sülh prosesinə ciddi yanaşmayıblar: “Onlar daha çox deklorativ bəyanatlar və addımlar ataraq guya bu məsələdə hansısa müsbət nəticəyə nail olmaq istədiklərini bəyan etmişlər. Amma və lakin biz Qarabağ münaqişəsinin həllində o beynəlxalq güclərin 28 ildən çox müddətdə bu prosesə necə "ciddi yanaşdıqlarını" görmüşük. Hər dəfə boğazdan yuxarı sözlər və bəyanatlar və ortalıqda isə “sıfır” nəticə. Ona görə də, indi də onların hansısa balaca bir Ermənistanı heç cürə sülh müqaviləsinin imzalanmasına məcbur edə bilməməsi onu deməyə əsas verir ki, bu gedişlə yenə prosesi uzun müddətə uzatmaq və sonradan “nə olarsa, qoy olsun” prinsipi ilə işlərini bitmiş saymaq istəyirlər. Bu isə bizim maraqlarımıza əsla cavab vermir. Çünki 2020-ci ilin noyabrından sonra Azərbaycana olan münasibət bir qədər ermənipərəst mövqe tərəfə dəyişməyə başlayıb. Yenə eyni mahnı, yenə eyni ifa. Bu isə onu bizə xatırladır ki, beynəlxalq güclər yenə vaxtı süni şəkildə uzatmaqla Ermənistanın silahlanmasına birbaşa və dolayısı yolla imkanlar qazandırırlar".

Ü.Cəfərov rəsmi İrəvanın revanş cəhdlərinə də diqqət çəkdi: “Görünən odur ki, Ermənistan da iki il bundan əvvəl yazıq durumundan çıxaraq, bizə qarşı olmazın iddialar və absurd təkliflər irəli sürməyə yönəlik cəhdlərinin sayını artırıb. Buna imkan vermək olmaz! Fransanın, ABŞ və elə Rusiyanın son zamanlar sərgilədiyi münasibət də yaxşı təsir bağışlamır. Hər dəfə Avropa və Qərb platformalarında bir mövqe sərgiləyən Ermənistanın siyasi-hərbi rəhbərliyi son vaxtlar daha çox Moskvanın təkliflərini dəstəkləməkdə meyillidir. Bu isə o anlama gəlir ki, ortada bizim bildiyimizdən də ağır planlar mövcuddur. Paşinyanın Putinlə İrəvanda KTMT-nin sammitində bir avtomobildə yol getmələrinin nəticələrini biz indi açıq-aydın görməkdə və hiss etməkdəyik. Son vaxtlar gərginləşən vəziyyət, ardıcıl atışmalar və digər özbaşınalıqlar elə belə separat danışıqların və razılaşmanın nəticəsidir. Amma düşünürəm ki, Azərbaycan tərəfi də məsələnin necə gərginləşdirildiyinin fərqindədir. Hesab edirəm ki, yaxın vaxtlarda biz məsələlərə aydınlıq gətirəcəyik. Bu belə uzun müddət davam edə bilməz. Ermənistan sülh müqaviləsinin imzalanmaması və sərhədlərin müəyyənləşməsi prosesini daha uzun müddətə geriyə atmaq üçün nə qədər addımlar atsa da, sonda bunu etməyə məcbur olacaq. Proseslərdən qaçmaq onlara nəsib olmayacaq”.

Ermənistanın çoxgedişli kombinasiyalar, hiyləgər gedişlər etməyə cəhdlər göstərməsi aydın şəkildə müşahidə olunur. Ermənilər həm Rusiyadan, həm də Qərbdən dəstək almağa cəhd göstərir. Avropanın müşahidəçilərini ölkəyə dəvət etdiyi halda, İrəvan KTMT qüvvələrini, yaxud ekspertlərini də sərhədyanı bölgəyə yerləşdirmək cəhdi göstərir. Ü. Cəfərov düşünmür ki, KTMT adlı faktiki yarıcan bir qurumdan hər hansı bir faydalı nəticə və ya is ortalığa çıxarılsın: “Və onların baş verənlərlə bağlı son aylar sərgilədiyi "fəaliyyət" də bu amorf təşkilatın necə güclü bir təsir mexanizminə malik olmasını “sübut etdi”. Elə Avropadan gələn missiya da özü üçün yaxşıca yeyib-içmək üçün yer tapdıqları üçün sözsüz ki, çalışacaqlar özlərinin “vacibliyini” ortaya qoysunlar. Bir məsələni başa düşmək lazımdır ki, bu beynəlxalq müşahidəçi, missiya və sairə qurumlar heç bir işlək mexanizminə sahib deyillər. Onlar özləri üçün bir məşğuliyyət yeri və sahəsi tapdıqlarına görə çalışırlar ki, sadəcə, bir imitasiya xarakterli fəaliyyət sərgiləsinlər. Yaxşı olardı ki, onlar bölgədə olduqları vaxt Ermənistana üzərinə götürdüyü öhdəlikləri və imzaladığı sənədlərə hörmətlə yanaşmağın yollarını öyrədər və izah edərdilər. Bunu isə biz nə görür, nə də hiss edirik".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR