İnsanlara hürriyət, millətlərə istiqlal!

Atəş nöqtələri susdurulmalıdır - politoloqdan şok təklif

Erməni siyasətçilərinin Azərbaycan haqqında yaydıqları dezinformasiyanın məqsədi beynəlxalq aləmdə özlərinə dəstək qazanmaqdır.

Bunu Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspert erməni siyasətçilərin revanşist iddialarından bəhs edərkən bildirib ki, hazırda Ermənistanın müxalif mövqedə dayanan siyasətçiləri Azərbaycan əleyhinə iki istiqamətdə fəallaşıblar:

“Birinci istiqamət guya Azərbaycan atəşkəsi pozur, ikinci istiqamət isə Bakıda erməni separatçıları üzərindəki məhkəmə əleyhinə aparılan təbliğatdır. Radikal müxalifətdən fərqli olaraq Ermənistanın baş naziri və hökumət üzvləri erməni separatçıları üzərində davam edən məhkəmə barədə açıqlama vermirlər. Əslində həmin məhkəmə baş nazir Nikol Paşinyanın da maraqlarına cavab verir. Çünki, Bakıda məhkəməsi gedən şəxslərin Rusiyaya bağlılıqları var və onlar Paşinyana qarşı radikal mövqedədirlər. Ona görə də Paşinyan həm bu səbəbdən məhkəməsi gedən separatçılara dəstək vermir, həm də onlara dəstək verib rəsmi Bakı ilə münasibətləri daha da gərginləşdirmək istəmir. Erməni radikalların bütün səylərinə baxmayaraq, beynəlxalq aləmdən istədikləri dəstəyi ala bilmirlər. Beynəlxalq aləmdə müzakirə ediləcək daha ciddi mövzular var. Ermənistanın baş naziri də bunu anlayır”.

E.Şahinoğlu əlavə edib ki, buna baxmayaraq, Nikol Paşinyan hələ də ordusuna nəzarət edə bilmir: “Azərbaycana atəş açan hərbçilər Rusiya hərbi kəşfiyyatına bağlıdırlar. Onlar atəşkəsi pozmaqla həm bölgədə vəziyyəti gərginləşdirmək, həm də Paşinyanın mövqelərini zəiflətməyə çalışırlar. Bu Paşinyanın problemidir və o ordusunu özünün də etiraf etdiyi “5-ci kolon”un hərbçilərindən təmizləməlidir, əks halda davamlı atəşkəs pozuntuları Ermənistana baha başa gələcək.

Şərti sərhədlər boyunca erməni ordusunun artan təxribatlarına gəlincə, politoloq düşmənə sərt cavab verilməsini zəruri saydı: “Əlbəttə, atəş nöqtələri susdurulmalıdır”.

Qeyd edək ki, ötən gün və bu gün də şərti sərhədlər boyunca Ermənistan ordusunun Azərbaycana qarşı təxribatları ilə bağlı məlumatlar yayılıb. Həmçinin düşmən əsgərin təxribatlarını əks etdirən videokadrlar da tirajlanıb.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR