Onlayn ictimai-siyasi qəzet
İmişli rayonunda atasının qətlini sifariş verən oğul ağır cəza alıb. Onun qətli hansı səbəbdən sifariş verməsi məlum olub.
Musavat.com-un xəbərinə görə, Fəqan Fərəcov İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verib.
İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məlum olub ki, Fərəcov atasının qətlə yetirilməsi üçün 60 min manat verməyə razılaşıb.
Fəqan Fərəcov qətlin törədilməsini İlkin Hüseynovla razılaşdırıb. Lakin ona daha iki nəfər kömək edəcəkmiş. 30 min manat İ.Hüseynova, qalan məbləğ isə digər iki nəfər arasında bölünəcəkmiş. Plana əsasən, Fərəcovun atasının ölümünün təbii yolla baş verməsi görüntüsü yaradılmalı imiş. Bu məqsədlə onun elektrik cərəyanı verilərək öldürülməsi planlaşdırılıb. Fariz İsmayılov danışıqlar gedən zaman Moskvada olub. Onun yol xərclərini də Fəqan qarşılayaraq Bakıya gəlməsinə şərait yaradıb.
İş üzrə Fəqan Fərəcov, İlkin Hüseynov və Fariz İsmayılovla yanaşı, daha bir nəfər həbs edilib. Onun işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlumata görə, Fəqan atasını qisas almaq üçün öldürmək istəyib. Deyib ki, qardaşı və anasının ölümündən sonra depressiyaya düşüb. O, atasının başqa qadınlarla münasibətinin olmasını eşitdiyi üçün onu öldürmək istəyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Fəqanın atasını öldürmək üçün İmişliyə gediblər. Lakin kənar şəxslər onları görüb və planlarını başa çatdıra bilməyiblər.
Fəqanın atası ondan və digər şəxslərdən şikayətçi olmayıb.
İlkin Muradov
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ