Onlayn ictimai-siyasi qəzet
15 yaşında ailəsinin aldığı telefonu lombarda qoyaraq pul götürən Üzeyirin başına iş gəlib. Atasından qorxduğu üçün evə getməyən Üzeyir gecələri parkda yaşayırmış.
Musavat.com xəbər verir ki, Üzeyir qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunaraq həbs edilib.
İstintaqla müəyyən edilib ki, Üzeyir Sabunçuda, “Ramana” parkında iki nəfərlə mübahisə edib. Mübahisə zamanı onlardan birinə bıçaqla zərbələr endirib.
Hadisə günü Üzeyir dostu ilə “Ramana” parkında əyləşib çörək yemək istəyiblər. Üzeyir bir neçə gün imiş ki, gecələr evə getmirmiş. Buna səbəb atasından qorxması olub. Çünki Üzeyir ailəsinin ona aldığı mobil telefonu lombarda girov qoyaraq 280 manat kredit götürərək pulu xərcləyib. Atası bundan xəbər tutandan sonra Üzeyir gecələr evə getməyib. Axşam atası işdən evə gəlməmişdən evdən çıxıb, səhər atası işə gedəndə evə qayıdırmış. O, gecələr parkda qalırmış.
Hadisə günü də Üzeyir dostu Dənizlə birgə parkda əyləşmək üçün işıqlı oturacaq axtarıblar. Onlar özləri ilə qarpız, çörək və başqa ərzaqlar götürüblər. Üzeyirgilin əyləşdiyi “besetka”da Nicat və Rəşad adlı qardaşlar da olub. Nicat nitq qüsurlu olub. Onlar da gecə saat 3 radələrində parda vaxt keçirirmişlər.
Üzeyirgil yemək yeməyə başlayanda “besetka”ya pişik girib. Üzeyir pişiyi söyərək qovalayıb. Rəşad əvvəlcə söyüşün ona söyüldüyünü düşünüb. Buna görə aralarında mübahisə yaranıb. Üzeyir yeməklərə toxunduğu üçün pişiyi söydüyünü deyib. Rəşad isə “pişiyi söylərlər?” deyərək Üzeyirlə mübahisə etməyə davam edib.
Bu zaman Üzeyir Rəşadın çənəsinə bir yumruq vurub. Rəşadın sudurqası tutub və yerə yıxılıb. Bir neçə dəqiqə sonra ayılıb və mübahisə davam edib. Nicat qardaşına kömək edib və dava böyüyüb. Bu zaman Üzeyir bıçaqla Rəşada iki zərbə vurub və qaçıb.
Üzeyirin yanında olan dostu heç bir müdaxilə etməyib və baş verənləri kənardan izləyib.
Məhkəmədə məlum olub ki, Üzeyirlə zərərçəkmiş tərəf arasında barışıq olmayıb. Zərərçəkmiş tərəfə maddi dəstək olunmayıb. Buna görə də onlar Üzeyirdən şikayətçi olublar.
Üzeyirin yaşı, ilk dəfə cinayət əməli törətməsi məhkəmə tərəfindən nəzərə alınıb. Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi nəzərə alınmaqla ona 4 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
İ.Muradov
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ