İnsanlara hürriyət, millətlərə istiqlal!

At əti yeyəkmi - fərqli mövqelər

Quranda bu barədə nə yazılıb?

Ölkəmizdə at ətinin satışına konkret olaraq qadağa olmasa da, hansısa restoranda at ətindən istifadə və ya hansısa mağazada at ətinin satışı düzgün hesab edilmir, narahatlıqla qarşılanır. Bu, insanlarda da neqativ hiss yaradır. Məsələn, biri mal əti yerinə at əti aldığını və ya yediyini öyrəndikdə özünü zəhərlənmiş və ya günaha batmış da hesab edə bilər.

Əslində belə faktlar nadir hallarda aşkar edilsə də, paytaxt bazarlarında mənşəyi bilinməyən ət məhsullarının satışına tez-tez rast gəlirik. Bizdən fərqli olaraq Orta Asiya ölkələrində at ətindən gündəlik qida rasionunda istifadə edilməsinə baxmayaraq, Azərbaycanda bunu qida mədəniyyətimizə zidd hesab edirlər. Ölkəmizə at əti idxalı yoxdur. Yerli təsərrüfatlarda da at əti istehsal edilmir. Bəs əslində at əti yeməyin insan orqanizminə hər hansı bir zərəri varmı və ya haramdırmı?

İslam dinində mübahisəli mövzulardan biri də at ətinin halal və ya haram olub-olmaması məsələsidir. Bəzi dini mənbələrin bildirdiklərinə görə, at əti yemək günahdır.

İlahiyyatçı Elşad Miri Bizim.media-ya açıqlamasında bildirib ki, dində elə bir qadağa yoxdur: “İslamda əti yeyilməsi qadağan olunan yeganə heyvanın donuz olduğunu bilirik. Bundan başqa, digər heyvanlarla bağlı haram və ya halal söhbəti yoxdur. Məsələn, kimsə timsah əti yesə, deyə bilmərik ki, haramdır. Bundan başqa, Skandinaviya ölkələrində elə bölgələr var ki, orada ancaq maral əti yeyirlər. Heç kim deyə bilməz ki, maral əti haramdır.

Ona görə də hər yerə görə bir qida faktoru var. Bəzi qidaların guya Peyğəmbər tərəfindən halal-haram adlandırıldığı iddia olunur. Halbuki Qurani-Kərimdə 16-cı surənin 116-cı ayəsində deyilir ki, bilib-bilmədən “o halaldır, bu haramdır” deməyin. Digər anlayış isə ondan ibarətdir ki, Peyğəmbər bir bölgədə olarkən eşşəyin yeyilməsini qadağan edir. Çünki orada faktiki olaraq daşıma, nəqliyyat, yeni logistika eşşəklə həyata keçirilirdi. Bu da onların tükənməsinin qarşısını almaq üçün olan bir məsələdir".

Bəzi İslam alimləri qeyd edir ki, at ətinin yeyilməsinin bəyənilməməsinin bir səbəbi atların insanların əsas minik vasitəsi olması, xüsusən də uzaq səfərlər, döyüşlərdə əvəzsiz nəqliyyat vasitəsi olması ilə əlaqədar olub. Bundan başqa, at, qatır və ulaq kimi heyvanlar tək dırnaqlılar fəsiləsindəndir və eyni zamanda inək, camış, qoyun kimi ot yeyən heyvanlardan fərqli olaraq onlar gövşəmirlər. İslam dini hökmlərinə görə, caynaqlı, ət yeyən heyvanların əti haramdır.

Xatırladaq ki, Qazaxıstan və Qırğızıstanda, əhalinin köçəri köklərinə görə, at əti qidalanmanın böyük hissəsidir. Atın fərqli hissələrdən qazı, jal və sucuk kimi malları hazırlayırlar.

Yapon mətbəxində bişməmiş at ətinə çəhrayı ətinə görə sakura və ya sakuraniku (sakura albalı növüdür, niku isə ət deməkdir) deyirlər. Onu saşimi şəkildə, soy sousu ilə, bəzən sousa zəncəfil və soğan əlavə edərək hazırlayırlar.

Cənubi Koreyada isə adətən at əti yemirlər. Lakin əsasən boyun hissədən gələn at əti Cənubi Koreyanın Cecu adasında delikates sayılır. Adətən soy sousu və hind küncütü yağı ilə yeyilir

2005-ci ildə Meksika dünyanın ikinci ən böyük at əti istehsalçısı idi. 2009-cu ildən bəri isə, o birinci yerə qalxıb. Meksikada istehsal olan at əti ancaq ixraca gedir və ölkənin daxilində istifadə olunmur.

Maltada at ətini dağlandırıb, yavaşca pomidor və ya qırmızı çaxır sousunda hazırlayırlar. Bir neçə at əti dükanı hələ də mövcuddur və bəzi restoranların menyusunda var.

At əti yemək insan orqanizminə hər hansı bir zərəri varmı? Bəs faydası?

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, sağlam at ətinin insana heç bir zərəri yoxdur: “At əti qida rasionunun bir hissəsini təşkil edir. Sadəcə, onu nəzərə almaq lazımdır ki, hər bir regionun öz qida rasionu var. Yəni bizim bölgənin insanları at əti yeməyə öyrəşməyiblər. Ona görə də at əti yemək həzm prosesində hər hansı bir pozğunluq yarada bilər. Ancaq müəyyən bir adaptasiyadan sonra buna da adət etmiş olurlar. Tərkibi zülal, proteindən ibarətdir, bu baxımdan geniş şəkildə istifadə olunur”.

“At ətinin xüsusi bir faydası varmı” sualına isə Adil Qeybulla bu cür cavab verib: “Ayrı-ayrı ətlərdə bioloji maddələrin, proteinin miqdarı müxtəlif ola bilər. Çöl heyvanları ilə ev heyvanlarının ətinin tərkibi fərqli olur. Daima çöldə yaşayan heyvanların əti bərk ola bilir. Ancaq daimi qaçırlar, hərəkət edirlər, maddələr mübadiləsi düzgün gedir. Bu baxımdan daha təmiz sayılır. İstənilən halda at ətinin orqanizm üçün faydası onun zülalıdır. Ancaq ən əsası odur ki, heyvan xəstə olmasın. Qanında hər hansı zooinfeksiyalar olmasın”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, at əti ilə bağlı dini kitabımızda heç bir məlumat yoxdur: “Mən Qurani-Kərimi iki dəfə oxumuşam və hazırda İslam süfrəsi barədə kitabı oxuyuram, hansı ki, 20-yə qədər mənbədən sintez olunub. Bu kitabların heç birində at ətinin yeməli olması barədə heç nə yazılmayıb. Sadəcə, Quranda dəfələrlə deyilir ki, "biz sizin  üçün dəvə, qoyun, keçi, yaratdıq, onların ətindən qidalana bilərsiniz". At əti barədə isə heç nə yoxdur".

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov

Eyyub Hüseynovun fikrincə, təkdırnaqlı heyvanların əti yeməli deyil və bunun da mənası var: “Azərbaycanda halal standartı qəbul olunub, o standartın qəbul edilməsində mən də iştirak etmişəm. İlk variantda o standart qəbul olunan zaman çox sayda təkliflər vermişdim və üstəlik, bu standartın daha  sərt şərtlərlə, yəni yəhudilərin standartları ilə uyğunlaşdırılması məsələsini təklif  etmişdim, hansı ki, orada çox ciddi şərtlər var. Təkliflərimdə zürafənın qoşadırnaqlı, gövşəyən heyvan olması, onun ətinin yeməli olub-olmaması məsələsi, həmçinin əsasən də onurğasızların yeyilib-yeyilməməsi məsələsini ortaya atmışdım, amma hamısı qəbul olunan standartda açıq qaldı. Yəni təkliflərim qəbul olunmadı, hansısa ölkənin təsiri altında yüngül standartlar qəbul edildi”.

Eyyub Hüseynov bəzi Orta Asiya ölkələrində at ətinin yeyilməsindən də söz açıb: “Özbəklər heç də azərbaycanlılardan az dindar deyillər, onlarda daha çox köklərinə bağlılıq var, dəfələrlə getmişəm və onların əxlaqına, süfrəsinə bələd olmuşam. Bəli, orada at ətindən istifadə olunur.

Qeyd edim ki, Azərbaycanda at ətinin, ümumiyyətlə, hər hansı bir ətin yemək üçün qadağan olunması barədə rəsmi sənəd yoxdur. Hətta 1963-cü ildə, sovet dövründə qəbul olunmuş 15 respublika ilə bağlı sənəd var, həmin sənəddə yalnız Azərbaycanda eşşək ətinin yeməli olması qeyd olunur. Sonralar öyrəndik ki, bunu ermənilər ediblər ki, bizi vəhşi xalq kimi göstərsinlər. Fikrimcə, insanlar ata-babalarının qəbul etdiyi qidalarla qidalansınlar, çünki bizim genimizin formalaşmasında həmin qidaların müstəsna rolu olub. Bəzən eşşək ətinin satılması xəbərlərinə rast gəlirik. Çox yaxşı haldır ki, bununla bağlı mübarizə davam edir. Düşünürəm ki, bizə ənənəvi olmayan, ümumiyyətlə,  ata-babalarımızın yemədiyi ətlər ölkədə qadağan olunmalıdır, hətta hansısa qanunla".

Ekspert Azərbaycanda at əti yeyilməsini tövsiyə etmədiyini bildirib: “Ən yaxşı, ən saf mətbəx İslam, müsəlman mətbəxidir. Bundan mükəmməl bir şey yoxdur. Mən Azərbaycanda at əti yeyilməsini tövsiyə etməzdim. İslamda da bu haqda mənbə yoxdur. Müqəddəs kitabımızda qeyd  olunur ki, "biz sizlər üçün bir yerdən başqa yerə hərəkət etmək, müharibələrdə istifadə etmək üçün atlar yaratdıq". Yəni onun yeyilməli olduğu haqda heç bir fikir yoxdur".

Xalidə GƏRAY
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR