İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA-nın Azərbaycan dilemması

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının işində iştirakının bərpası məsələsini qurumun Nazirlər Komitəsinin iclasında qaldırıb. 

“Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır”.

APA “Alpha News”a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. O həmçinin Avropa Şurasında təmsil olunan bəzi dövlətlərin nümayəndə heyəti üzvlərinin hər hansı dövlətə qarşı ittihamlar səsləndirməsini yolverilməz adlandırıb.

Siyarto bildirib ki, bir sıra avroparlamentarilər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, digər ölkələrə qarşı ikili yanaşma sərgiləyir: “Əksər hallarda onlar bu və ya digər dövlət haqqındakı neqativ fikirlərini həmin dövlətin təmsilçilərinin yanında söyləməkdən çəkinir. Əlbəttə ki, bunun üçün cəsarət lazımdır. Bir sıra şəxslər Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasının işində iştirak etməməsindən yararlanmaq istəyir. Avropa Şurası tənqid platforması deyil” - baş nazir bildirib.  Yada salaq ki, Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl AŞ PA-nın yaz sessiyasında çıxışında Azərbaycana dəstəyini ifadə edib. 

Ötən ay  Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. 

“Biz Azərbaycanı assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir”, - Kristoffersen deyib.

Bu il yanvarın 24-də AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozması, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra qarayaxma və qərəzli münasibətlə üzləşib. Azərbaycana dəstək artsa da, Strasburq hələ ki qərar verməyə tələsmir. Niyə?

Fikrət Yusifov: “Prezident İlham Əliyev heç vaxt neftə güvənməyib...”

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov hesab edir ki, ikili standartların olduğu yerdə heç bir məsələnin obyektiv həlli mümkün deyil: “Müstəqilliyimizin ilk illərindən Qarabağ problemi ilə bağlı biz Qərbdən yalnız qeyri-obyektiv münasibət görmüşük. Bunlar 30 il ərzində işğalçını ittiham edəcək bir addım atmadılar və sonda bu problemi biz öz gücümüzlə çözdük. İndi nə haqla bizim daxili işlərimizə qarışıb üstümüzə gəlirlər. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini fəaliyyətini dayandırmağa kim məcbur etdi? AŞ PA-nın ədalətsiz mövqeyi, Azərbaycanın daxili işlərinə qarışmaq qədər həyasızlığı sonda bizim nümayəndə heyətini belə bir addım atmağa məcbur etdi. Biz heç bir dövlətin daxili işlərinə qarışmırıq. Bu gün Avropa Birliyi ölkələrində insan haqları və azadlıqları sahəsində nə qədər problemlər yaşanır. Bu, həmin problemləri yaşayan hər bir dövlətin daxili işidir. Biz Fransada milli azlıqların hüquqlarının pozulması ilə bağlı problemlər barəsində indi danışmağa başlamışıq. Buna məcbur olduq. Çünki Fransa hökuməti artıq illərdir ki, həyasızcasına bizim daxili işlərimizə qarışır. Biz də bunun qarşılığını bu şəkildə veririk. Görünən budur ki, Fransa hökuməti bundan çox qəzəblənib və indi də Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham edir. Deməli, bizim bu məsələyə müdaxilə etməyimizdən əndişələniblər. Bəs biz illərdir sizlərin Azərbaycanın daxili işlərinə burun soxmağınıza necə dözürük? 

Avropa İttifaqı və onun təsisatları Cənubi Qafqazda kimin kim olduğunu yaxşı anlayırlar. Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycan nə Ermənistan, nə də Gürcüstandır. Sadəcə, bizi istədikləri kimi görmək istəyirlər, biz isə onların istədiyi kimi görünmək istəməyəcəyik. Biz kiminsə diktəsi ilə oturub-duran bir ölkə olmaq istəmirik. Bunu hər kəs anlamalıdır. AŞ PA bizim nümayəndə heyətimizin fəaliyyətini də özü bərpa edəcək, çünki bu, Azərbaycandan daha çox AŞ PA-ya və onun sahibi olduğu AB-yə lazımdır".

Bəhruz Məhərrəmov yeni hakim təyinatlarına münasibət bildirdi

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov bu davranışla AŞ PA-nın özünə xələl gətirdiyini söylədi: “Macarıstanın xarici işlər naziri Peter Siyartonun Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının işində iştirakının bərpası məsələsini qurumun Nazirlər Komitəsinin iclasında qaldırması dostcasına davranış olsa da, ilk növbədə təşkilatın özünün nüfuzunun bərpasına yönəlib. Daha öncə oxşar mövqeni sərgiləyən digər siyasilər kimi cənab Siyarto da Azərbaycanın yaxın dostu və eyni zamanda bir avropalı kimi başa düşür ki, mövcud irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti, əslində Avropa Şurasının əsl mahiyyətini ifşa etməklə təşkilatın etibarlılığına və qərəzsizliyinə ciddi zərbə vurmaqdadır. Müşahidə olunan proseslərin təşkilat üçün ciddi və geridönməz nəticələrinə görə isə Azərbaycan məsuliyyət daşımır. Azərbaycan 2001-ci ildən Avropa Şurası ilə Avropa xalqları ailəsinə inteqrasiya və Avropa standart və dəyərlərindən bəhrələnmədə ehtiva olunan əməkdaşlıq etməkdədir. Əməkdaşlığımız dövründə biz Avropa Şurası Parlament Assambleyasına müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq platforması kimi yanaşaraq bu təşkilatın Azərbaycanın məruz qaldığı işğal və təcavüz faktoru və nəticədə yüzminlərlə vətəndaşın pozulan haqlarının təmin edilməsində rol oynaya biləcəyinə inanmışıq. Hesab etmişik ki, Avropa Şurası elə məhz insan haqlarını və qanunun aliliyini müdafiə etmək üçün mövcuddur. Lakin ötən dövr ərzində Avropa Şurasının bütün təsisatları kimi, AŞ PA da münaqişə ilə bağlı məsələlərin müzakirəsindən imtina edərək, nə qədər absurd səslənsə də, Ermənistanın işğal siyasəti nəticəsində 1 milyondan artıq insanın hüququnun pozulmasının təşkilatın mandatına uyğun olmadığını iddia edirdi. Lakin Azərbaycanın özünün beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad etməsi, sərhəd bütövlüyünü və bütün ərazilərində konstitusiya quruluşunu bərpa etməsi prosesindən dərhal sonra AŞ PA mövqeyini kəskin şəkildə dəyişərək çox isterik formada erməni psevdo maraqlarının müdafiəçisinə çevrildi və artıq başa çatmış münaqişənin tərəfi kimi davranmağa başladı. Xüsusən ötən il oktyabrın 23-də ”Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edərək Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqlarını hədəfə alan mövqe ifadə etdi. Bu gün Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılmasını “insan haqları və demokratik dəyərlər” amili ilə pərdələməyə çalışan AŞ PA qeyd olunan qətnamənin 23-cü bəndində “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ni əsas gətirib hələ o zaman Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdi. Yəni görünən odur ki, Avropa Şurası nümayəndə heyətimizin etimadnaməsini açıq-aşkar lokal xarakterli antiterror tədbirlərinə cavab olaraq, qisas zəminində tanımaqdan imtina edib. 

Lakin AŞ PA rəsmiləri və siyasilər də görür ki, mövcud fonda Azərbaycan nə isə itirmir. Əksinə, lobbi alətinə çevrilmiş Avropa Şurası Azərbaycan kimi bir tərəfdaşdan məhrum olmaqla həm də Cənubi Qafqazda özünün sonunu gətirir. Sonrakı dövrlərdə AŞ PA-nın siyasi muzdlusu Frank Şvabenin yeni cinayətkar bəyanatı da göstərir ki, təşkilat əl atdığı təzyiq metodları ilə Azərbaycanın iradəsinə təsir etməyin mümkünsüzlüyünün fərqinə varıb. Şvabe kimi siyasi əxlaqsızın yenidən dövriyyəyə daxil olması da yalnız uğursuzluqdan doğan isterikadır. Cənab Peter Siyarto da məhz bu reallığı görür və bu mənada Avropa Şurasında təmsil olunan bəzi dövlətlərin nümayəndə heyəti üzvlərinin hər hansı dövlətə qarşı ittihamlar səsləndirməsini yolverilməz adlandırır. Macar siyasətçi aydın şəkildə başa düşür ki, bu ritorika ilə AŞ PA yalnız özünü nüfuzdan salır. Yəni prosesin bu ssenari üzrə uzanması, münasibətlərin gərginləşməsi yalnız kollektiv Qərb üçün alətə çevrilmiş AŞ PA-nın özü üçün ləkədir. 

İndiki məqamda isə biz Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərin normallaşması istiqamətində xüsusi təşviqlərdə bulunmaq niyyətində deyilik. Münasibətlər Avropa Şurası Parlament Assambleyasının Qərbin çirkli alətinə çevrilməsindən sonra korlanıb və bu prosesə görə Azərbaycan məsuliyyət daşımır. Təbii ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanla əməkdaşlıqda maraqlı olacaqsa, özünün ayırıcı xətlərindən imtina edəcəyi halda və Şvabe kimi siyasi etikadan kənar, korrupsiyalaşmış şəxslərin dili ilə danışmaqdan imtina etdikdən sonra Azərbaycan bu barədə düşünə bilər. Biz maraqlarımızı təmin edə biləcəyimiz bütün platformalara açığıq, o cümlədən əməkdaşlığımız dövründə AŞ PA-nın özlüyündə Azərbaycanla bağlı hər hansı müzakirə ilə həll olunmayacaq problemi olmayıb. Bu gün də biz heç bir subyektlə, o cümlədən Avropa Şurası təsisatları ilə problemli münasibət arzulamırıq. Lakin mövcud gərginlik bizdən qaynaqlanmadığı üçün gedişat bizi narahat etmir, AŞ PA Azərbaycanın Avropada mövcudluğu üçün həlledici təsisat deyil. Cənab İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, Azərbaycan Avropada 9 dövlətlə strateji əməkdaşlıq münasibətlərinə malikdir, eyni zamanda bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyi, dolayısı ilə milli təhlükəsizliyində rol alır. Yəni AŞ PA-nın bu davranışı ilə əslində Azərbaycan heç nə itirmir, əksinə AŞ PA birmənalı şəkildə özünü ifşa etmiş olur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR