Onlayn ictimai-siyasi qəzet
“Əslində AŞPA-nın başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi gözlənilməz deyildi və rəsmi Bakının da maraqlarına uyğun idi”.
Siyasi şərhçi Heydər Oğuz musavat.com-a açıqlamasında belə deyib.
Onun fikrincə, Azərbaycan rəsmiləri Fransanı sərt tənqid atəşinə tutmaqla bu qərarı addımbaaddım yaxınlaşdırırdılar: “Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ildən başlayaraq Fransanın neokolonist siyasətini tənqid edir və rəsmi media qurumları bununla bağlı analitik proqramlar hazırlayırdılar. Hətta Fransa Senatının antierməni qətnamələrinə cavabən Azərbaycan Milli Məclisi də adekvat qərarlar qəbul etmişdi. Bundan əlavə, Azərbaycanın regionda fəaliyyət göstərən Fransanın xəfiyyə sistemini ifşa etməsi, xaricdə təhsil alan şəxsləri və bəzi jurnalistləri nəzarət altına alması da ziddiyyətləri artırırdı. Görünən bu idi ki, Azərbaycanla Avropa arasında bağlar qopmaq üzrədir. AŞPA-nın məlum qərarının məhz bu cür gərgin münasibətlərin kəskinləşdiyi bir zamanda verilməsi təsadüfi sayıla bilməz. Avropa İttifaqı ilə Azərbaycan arasında çoxdan gözlənilən qopma baş verməli idi və dünən bu istiqamətdə ilk addım atıldı”.
Heydər Oğuz
Heydər Oğuzun fikrincə, AŞPA bu addımı atmasaydı, Azərbaycan öz qərarı ilə onun strukturlarından ayrılacaqdı: “Çünki ölkəmiz bu strukturlara Qarabağ probleminin ədalətli həllinə nail olmaq üçün qatılmışdı. Amma həmin strukturlardan istədiyini tam ala bilməmişdi. Əksinə AŞPA erməni lobbisinin və islamfob qüvvələrin əlində rəsmi Bakıya təzyiq vasitəsinə çevrilmişdi. Qarabağın və ətraf rayonlarının işğaldan azad olunmasından sonra Avropa İttifaqının müxtəlif strukturlarında təmsilçiliyin əhəmiyyəti qalmadı və onlar rəsmi Bakı üçün əlavə baş ağrısından başqa bir şey deyildilər”.
Azərbaycanın getdikcə AŞ-dan soyumasının bir başqa səbəbi Qarabağ probleminin həllindən sonra rəsmi Bakının demokratik islahatlar aparmaq üçün irəli sürdüyü əsas arqumentlərin də tükəndiyini bildirən həmsöhbətimiz fikrini belə əsaslandırdı: “Bəllidir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsində öz üzərinə siyasi öhdəliklər götürməyən Azərbaycan bunu ərazilərinin ermənilər tərəfindən işğalı ilə əlaqələndirirdi. Bir başqa arqumentimiz isə Səməd Seyidovun təbirincə desək, İranla Rusiya arasında sendviç durumuna düşməyimizdir. Sözsüz ki, Qarabağ konflikti sona çatdıqdan, habelə İran və Rusiya ilə münasibətlərimiz normallaşdıqdan sonra bu arqumentlərin də heç bir əsası qalmadı. Azərbaycan ya demokratik islahatlara getməli, ya da Avropa İttifaqı ilə bağlarını qoparmalı idi. İndiki halda demokratik islahatlara getmək və Qərb dəsti-xəttini seçmək regional qüvvələrin, o cümlədən hətta Türkiyənin dəstəyini itirmək demək idi. Üstəlik, Avropanın bizdən tələb etdiyi “demokratik islahatlar”dan biri də ermənilərin “təhlükəsizliyi və muxtar hüquqları” idi. Qərbi Azərbaycanlılara bu haqq tanınmadan bizim ermənilərə verəcəyimiz hər hansı imtiyaz milli maraqlarımızla ziddiyyət təşkil edirdi”.
Heydər Oğuzun bildirdiyinə görə, AŞPA-nın Azərbaycanla bağlı məlum qərarının bir çoxları tərəfindən gözardı edilən əsas səbəbi “Anqlo-sakson İttifaqla Avropa İttifaqı arasında amansız rəqabət”dir: “Sirr deyil ki, II Qarabağ savaşında və sonrasında bizi ən çox dəstəkləyən dövlətlərdən biri də Böyük Britaniya olub. Hətta savaş əsnasında Fransanın BMT TŞ-da Azərbaycana qarşı sanksiyalar tətbiqi ilə bağlı qətnamə layihəsini Böyük Britaniya veto hüququndan istifadə edəcəyini deyərək dayandırmışdı. Dünənki iclasda Böyük Britaniya deputatı Liddel-Grangerin bu təklifə qarşı çıxması da bu mənada düşündürücüdür. Xatırladım ki, deputat bunun səhv qərar olduğunu, heç bir müsbət dəyişikliklərə aparmayacağını deyərək, həmkarlarını ehtiyatlı davranmağa dəvət etmişdi. Fikrimcə, AŞPA-dakı ingilis təmsilçinin bu çağırışı yalnız öz şəxsi fikrini ifadə etmirdi. Liddel-Granger həm də təmsilçisi olduğu ölkənin mövqeyini AŞPA yetkililərinə çatdırırdı”.
Anqlo-sakson İttifaqla Fransa və Almaniya arasındakı rəqabətin 2015-ci ildən başladığını düşünən siyasi şərhçi bunu ABŞ-ın geosiyasi hədəfləri ilə əlaqələndirir: “Bilirsiniz ki, SSRİ dağıldıqdan sonra Rusiya Qərbi Avropa ilə xeyli yaxınlaşmışdı. Xüsusilə Almaniya ilə qurulan iqtisadi-siyasi əlaqələr, Avropanın getdikcə rus enerji resurslarından asılı vəziyyətə düşməsi Vaşinqtonu çox narahat edirdi. Odur ki, ilk növbədə Avropa ilə Rusiya arasında ixtilaf salmaq, daha sonra isə Avropa İttifaqının genişlənmə siyasətinin qarşısını almaq istəyirdi. Çünki Avropa İttifaqının əsas güc mərkəzi olan Almaniya ilə Rusiya arasında iqtisadi inteqrasiya və Fransanın da bu prosesə qoşulması ABŞ-ın dünya hegemoniyasının sonunu gətirə bilərdi. Məhz bu səbəbdən də Almaniya ilə Rusiyanın ortaq layihəsi olan “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin tamamilə dayandırılmasını tələb edirdi. Alman rəsmiləri, o cümlədən sabiq kansler Angela Merkel bu fikri yaxına buraxmırdı. Hələ Barak Obama dövründən başlayan bu gərgin müzakirələr heç bir nəticə verməyincə, 2016-cı ildə Şərqi Avropa ittifaqını bir araya gətirən “Üç Dəniz Təşəbbüsü” tezisi ortaya atıldı. Polşa və Xorvatiya tərəfindən tərəfindən irəli sürülən bu layihə Qərbi və Şərqi Avropanın 12 ölkəsinin enerji təhlükəsizliyini təminat altına almağı hədəfləmişdi. Maraqlıdır ki, Avstriya bu təşəbbüsdə yer alsa da, Almaniya kənarda saxlanılmışdı. Zənnimcə, bunun səbəbi Almaniyanın Rusiya ilə enerji ortaqlığını quraraq heç bir Şərqi Avropa ölkəsindən keçmədən Baltik dənizi üzərindən “Şimal axını” boru xəttini çəkmək planından irəli gəlirdi. Şərqi Avropanın enerji təminatında Rusiya ilə bərabər söz haqqı qazanmaq istəyən Berlinin bu planı Aİ-nın digər ölkələrini qorxudurdu. Məhz bu xof nəticəsində Şərqi Avropa ölkələri başlarının çarəsinə baxmağa qərar vermiş və “Üç Dəniz Təşəbbüsü” tezisinə pənah gətirmişdilər. Baltik-Adriatik-Qara dəniz arasında yerləşən 12 ölkə arasında yalnız Rumıniyanın qaz və neft yataqları vardı. Digərləri isə enerji idxalından asılı vəziyyətdə idilər. Şərqi Avropa ölkələrinin çarə axtarışına başladığı sıralarda ABŞ-da Tramp hakimiyyətə gəlmiş və bu təşəbbüsü irəli sürənlərin imdadına çatmışdı. Əvvəl Qərbi Avropa, xüsusilə də Almaniya ilə hədə-qorxu dilində danışan Tramp administrasiyasının dövlət katibi Mayk Pompeo 2020-ci ildə regiona səfər etmiş, Urayna və Belarusda olarkən onları, həmçinin rus boyunduruğundan xilas olmaq istəyən digər ölkələri qazla və neftlə təmin edəcəyini açıqlamışdı. Pompeonun açıq şəkildə alternativ təhcizatçı kimi dəstəklədiyi qaynaqlardan biri də Azərbaycan idi. Təsadüfi deyil ki, Pompeonun bu çıxışından sonra 2020-ci ilin iyul ayında ermənilər ölkəmizin neft və qaz kəmərlərinin keçdiyi Tovuza hücum etmiş, əsasən də bu kəmərləri hədəfə almışdı. Görünür, ermənilərin və rusların bu özbaşınalığını cəzalandırmağa qərar verən Anqlo-sakson İttifaq II Qarabağ savaşında Azərbaycanın uğurlarına səs çıxarmamış, əksinə mümkün qədər bizi dəstəkləmişdi. Həmin vaxt Almaniyanın səssizliyini qoruması, Fransanın isə açıq şəkildə erməniləri dəstəkləməsi də bütün oyunların onların başında getdiyindən xəbər verirdi”.
II Qarabağ savaşından sonra ABŞ-ın yeni prezidenti Co Baydenin Ukrayna ilə Rusiya arasındakı savaşı qızışdırdığını xatırladan Heydər Oğuzun fikrincə, Ukrayna savaşı ilə anqlosakson ittifaq öz arzusuna çatdı: “Faktiki olaraq Ukrayna müharibəsi Avropanın da probleminə çevrildi və Qərbi Avropa ilə Rusiya arasında istənilən bufer zona yaradıldı. Qərb ölkələrinin Rusiya ilə bütün əlaqələri kəsməsi Moskvanın I Pyort zamanından bəri həyata keçirilən Avropaya yönəlmə strategiyasının üstündən xətt çəkdi. Rusiya o vaxtdan bəri Çinlə əlaqələrini genişləndirmək məcburiyyətində qaldı və özü də istəmədən Qərbi Avropanı ABŞ-a buraxdı”.
Siyasi şərhçinin iddiasına görə, ABŞ öz planının ikinci mərhələsinə qədəm qoyur: “Özü faktiki olaraq Ukraynanı silahlandırmağı və maddi cəhətdən dəstəkləməyi dayandıraraq bu vəzifəni Qərbi Avropanın boynuna qoyub. Bir növ odu qalayaraq, sobanı qızarmış halda Avropanın qucağına atıb. Bu da azmış kimi, Şərqi Avropa ölkələrində də millətçi qüvvələrin hakimiyyətə gəlməsinə zəmin hazırlayaraq, onlarla Qərb arasında ziddiyyətləri körükləyir. Macarıstan, Slovakiya, hətta Polşada da getdikcə slavyan millətçiliyinin artması, Almaniyada da eyni şəkildə faşist partiyalarının güclənməsi getdikcə qitənin iki qütbə bölünməsinə şərait yaradır. Maraqlıdır ki, bu ziddiyyətlərin artdığı bir zamanda Trampın yenidən hakimiyyətə gəlmək perspektivi var. Böyük ehtimalla, Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra bu ziddiyyətlər daha da böyüyəcək və Şərqi Avropa qoca qitənin əsas enerji mərkəzinə çevriləcək. Avropanın ən böyük enerji təchizatçılarından biri Amerika, digəri isə Türkiyə və Azərbaycan olacaq”.
Heydər Oğuzun fikrincə, Şərqi Avropa ölkələrinin belə üz döndərməyə hazırlaşdığı Aİ-nin yaxın gələcəkdə öz cazibə qüvvəsini itirməsi istisna deyil və Azərbaycan bu baxımdan da orada qala bilməzdi: “Bununla belə, Rusiyanın Çinlə ticarət əlaqələrini gücləndirməsi də ABŞ-ın geosiyasi hədəflərinə cavab vermir. Zənnimcə, Avropa ilə olduğu kimi, Asiya ilə də Rusiya arasında bir bufer zona yaradılacaq və bu, Türk birliyinin bir araya gəlməsi ilə mümkündür. Yəqin ki, bu istiqamətdə Anqlo-sakson İttifaqın əsas müttəfiqi Türkiyə ilə yanaşı Yaponiya və Cənubi Koreya olacaq. Pakistanın da bu təşəbbüsə qoşulacağı istisna deyil. Xüsusilə Rusiyanın son zamanlar əsas müttəfiqinə çevrilmiş İranın zərərsizləşdirilməsində Pakistanın da öhdəsinə böyük vəzifələr düşür.
E.Məmmədəliyev,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ