İnsanlara hürriyət, millətlərə istiqlal!

Asatrayanın “nifrət qarşılıqlı qadağan edilsin” təklifinə deputatlardan cavab

Zahid Oruc: “Siz öncə övladlarınızı körpə laylalarında türkə qarşı qorxu, düşmənçiliklə böyütməyin”

Ceyhun Məmmədov: “Belə bir qanunun Ermənistanda qəbul edilməsi daha məqsədəuyğundur”

Ermənistan rəhbərliyi Qarabağdakı xunta rejiminin ləğvi və mifik “artsax”ın özünü buraxmasından sonra da köhnə destruktiv ritorikasından əl çəkmir. Halbuki ehtimal var idi ki, rəsmi İrəvan nəhayət, bölgədəki reallığı olduğu kimi qəbul edərək daşı ətəyindən tökəcək, qonşulara nifrətin təbliğinə son qoyacaq və Azərbaycanla 5 məlum baza prinsipi əsasında gecikmədən sülh müqaviləsi imzalayacaq. Çünki sülhün alternativi müharibədir. Hansı ki, Ermənistana yüz faiz yeni fəlakət vəd edir.

Əfsuslar olsun ki, Qərbdən, özəlliklə şirin vədlər alan Nikol Paşinyan hökuməti öz ağıllı soydaşlarının da çağırışlarına məhəl qoymadan yenə başqa yol seçib.

“Biz dərk etməliyik ki, qonşu seçilmir, qonşu heç yerə getməz. Ermənistan isə dörd qonşu ilə əhatə olunub. Onların hamısı Ermənistandan qat-qat böyük və güclüdür. Qonşularla dost və ya neytral münasibətdə olmaq düşmənçilik etməkdən daha yaxşıdır. Nifrət keçmişdə qalmalıdır. Azərbaycanlılarla ortaq dil tapmalıyıq. Təklif edirəm ki, Bakı və İrəvan parlamentləri səviyyəsində Azərbaycan və Ermənistanda nifrətin qadağan edilməsi haqqında qanun layihəsi və eyni vaxtda qanun qəbul edilsin”.

Bunu erməni ictimai-siyasi xadim Sərkis Asatryan deyib. Qarşılıqlı etimad naminə belə bir qanunun hər iki ölkədə və eyni vaxtda qəbulu mümkünmü?

Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa siyasi birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqlar Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyannaməni imzalayıb. Bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb. Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Nikol Paşinyan parlament dinləmələrində artıq 100 illər ərzində erməni xalqının keçdiyi yolu və onların rəhbərlərinin öz millətlərinə yaşatdıqları məhrumiyyətləri, bir sıra hallarda itkiləri dərindən təhlil edərək söyləməkdən çəkinmir: “Buna görə faşist təmayüllü qüvvələrin ona qarşı çevrilərək sui-qəsd təşkilinə əl atacaqlarından qorxmur. Misal üçün, son parlament çıxışında bəyan etdi ki, Ermənistanı nəinki satır, əksinə yeganə yol kimi qeyd edilən dövlətlərlə qonşuluq münasibətində olmağı üstün sayır. Eyni zamanda, bir daşnaksutyunçuya xitabən söylədi ki, siz gedin Bostona, orada öz tərəfdarlarınızı axtarın. Burada dayaqlarınız yoxdur. İki əsr bundan əvvəl, 1890-cı illərdə daşnaksutyun partiyası burada proqramlarını və planlarını tərtib etmişdi və onun mühüm qolu hərbi silahlı mübarizə idi. “Böyük Ermənistan” PUA-larını mütləq silahlı əməliyyat yolu ilə qazanacaqlarını düşünürdülər. Amma indi Paşinyanın söylədiyi həmin qüvvəni təcavüzkarlığın genetikasını özündə daşıyan qüvvənin Ermənistanda haqq tərəfindən müdafiə olunmadığını ortaya qoyur, ifşa edir. Bu bizim baxışımızdan da doğru hərəkətlərdir. Paşinyan olsa da, gerçəklər söyləndiyinə görə biz onları olduğu kimi qiymətləndirməliyik. Bizim ziyalılarımız, bütünlükdə xalqımız da həmişə daşnaksutyundan gələn və ondan sonrakı dövrü az qala erməni xalqının mövqeyinə çevrilən bu siyasətin nə bəlalara səbəb olduğunu göstərib. İndiki halda isə Paşinyanın xeyli tərəfdarlarını bir sülh mövqeyində olan insanlar saymalıyıq”. 

1685434012_1683878466.jpg (280 KB)

Zahid Oruc

O ki qaldı Sərkis Asatryanın açıqlamasına, deputat əlavə etdi ki, dövlətimiz tərəfindən də dəfələrlə bu cür nifrət nitqinin, bu cür faşist baxışların, cəmiyyətlərin birgəyaşayışını təhdid etdiyi ortaya qoyulub: “Əks halda məhəlli təfəkkürə sahib olan Robert Koçaryanın mövqeyi “qalib gələrdi”. Yəni bu xalqlar bir-birilə dinc yaşaya bilməzlər. Bu bir-birinin məhv etmənin əbədi hökmüdür. Ona görə də Ölkə Rəhbərliyi sentyabrda “Bizim sıravi erməni ilə problemimiz yoxdur” bəyanatını irəli sürdü. 1990-cə illərdə əgər Ermənistan birinci qələbədən sonra hər addımda yenə də bizim xalqımızı aşağılamaqla məşğul idisə, ona görə layiqli cəzalarını aldılarsa, indiki halda Azərbaycan dövləti, onun lideri bütövlükdə Qafqazda, tək Azərbaycanda deyil, həm Gürcüstanda, həm sıravi ermənilərin baxışlarında bütünlükdə bu regionun lideri kimi çıxış edir və 20 sentyabr müraciətində, “uzaq paytaxtlara mən səslənirəm, gözünüzü Qafqazdan çəkin, imkan verin burada dinclik, əmin-amanlıq olsun”. Bu sözlər heç şübhəsiz ki, bu bölgədə yaşayan və onu özünün evi sayan insanlara doğma səslənişli gələcək sülhün proqramıdır. Nifrət nitqi faşist ideologiyasının tərkib hissəsidir. Özünü ayrı irq sayaraq başqa xalqın heç bir varlığını görmədən bunu dövlət kursuna çevirmək militaristləşmə baxışıdır. Əbədi müharibə devizidir, bu isə yolverilməzdir. Məzarlıqları genişləndirməkdənsə, kommunikasiyaları, yolları böyütmək lazımdır. Bu halda Qafqaz nəhayət rahat nəfəs alacaq”.

Zahid Oruc onu da qeyd etdi ki, erməni tərəfdən yox, əksinə illərlə biz nifrətə yox demişik: “Övladlarınızı körpə laylalarında türkə qarşı qorxu, düşmənçiliklə böyütməyin. Yüz minlərlə türkün əhatəsində yaşayan bir xalq özünü Fransanın, Amerikanın yaxud, başqa dövlətin qarantiyası altında hiss edə bilməz. Okeanlar yarıb, bura gəlib orduya keşik çəkənə qədər Türkiyə və Azərbaycan bölgədədir. Qarantiyanı buradan istəsinlər”. 

432406.jpg (37 KB)

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O, dedi ki, həm 2020-ci ildə, həm də 2023-cü ildə baş verən hadisələrdən sonra da Ermənistan Azərbaycana qarşı çox məkrli və çirkin informasiya müharibəsi həyata keçirir: “Bu gün də Ermənistan mətbuatı Azərbaycan əleyhinə davamlı olaraq düşmənçiliyi təbliğ edən, ədaləti gücləndirən, dərinləşdirən məlumatları yaymaqla məşğuldur. Bu millət o dərəcədə zəhərlənib ki, onların dəyişməsi hələ ki çox çətin görünür. Azərbaycanlılara gəldikdə isə biz tolerantıq, hamıya qarşı dözümlüyük. Bu gün biz ermənilərlə bir yerdə yaşamağa hazırıq. Problem yalnız Ermənistanın özündədir. Fikrimcə, Ermənistan Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinə, təbliğatına son qoymalıdır. Ermənistanda güclü işlər aparılmalıdır. Belə bir qanunun qəbul edilməsinə daha çox Ermənistanda ehtiyac var, bizdə yox. Biz gələcəkdə ehtiyac olarsa, bu məsələyə baxıla bilər. Ermənistanın daxilindəki erməni kilsəsi, daşnaksutyun partiyası və digərləri öz yanaşmalarını, baxışlarını dəyişməlidirlər. Azərbaycana qarşı düşmənçiliyə son qoymalıdırlar. Biz sülh müqaviləsinin bağlanmasını istəyirik. Biz münasibətlərin ən qısa vaxtda bərpa olunmasının tərəfdarıyıq. Bunun üçün Azərbaycan bütün addımları atır. Amma Ermənistan barədə biz bunu deyə bilmirik. Çünki Ermənistan hələ də ölkəmizə qarşı nifrəti, düşmən münasibəti davam etdirir. Burada erməni xalqı reallığı dərk etməlidir. Öz dövlətləri, gəncləri arasında düşmənçilik və nifaq toxumlarının səpilməsini dayandırmalıdır. Bu təkcə qanunla yox, ümumi onların siyasətində bir dəyişiklik olmalıdır. Düşmənçiliyə son qoyulmalıdır. O halda biz müəyyən bir məsafə qət edə bilərik və sülh imzalana bilər. Hər halda belə bir qanunun Ermənistanda qəbul edilməsi daha məqsədəuyğundur”.

 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR